Mərdan Əliyev: "Hazırkı durumu nəzərə alaraq təhlükə sovuşub deyə bilərik"
Çində "Covid-19"-la bağlı vəziyyət yenidən kəskinləşib. Ölkənin üçüncü ən böyük şəhəri olan Quanqcouda "Covid-19" tədbirləri genişləndirilib. Şəhərdə 45 yüksək riskli və 79 orta riskli ərazidə tam və ya qismən qapanma tətbiq edilib. "Şərq" xarici mediaya istinadən xəbər verir ki, Quanqcou şəhərində "Covid-19" hallarının artması ilə əlaqədar həyata keçirilən qismən karantin tədbirləri şəhərin əksər hissəsinə şamil edilib.
18 milyondan çox əhalisi olan şəhərdə əvvəlki gün 65 olan hadisələrin sayı son 24 saatda 139-a yüksəlsə də, Şanxayda olduğu kimi uzunmüddətli qapanma olacağı gözlənilir.
Şəhər boyu bütün vətəndaşlar üzərində kütləvi sınaqlar aparılarkən riskli ərazilərdəki kafe və restoranlar bağlanıb, kütləvi tədbirlər müvəqqəti dayandırılıb.
Vətəndaşlardan marketlərə, supermarketlərə və ticarət mərkəzlərinə daxil olmaq üçün 48 saat ərzində edilən "Covid-19" testlərinin mənfi nəticəsini göstərməsi tələb olunur.
Mütəxəssislər hazırkı dalğanı Çinin Uhan böhranından sonra "COVİD-19" pandemiyası ilə üçüncü böyük mübarizəsi hesab edirlər. Azərbaycanda isə Çindən gələn xəbərlərin fonunda insanlar arasında ajiotaj yaranıb.
İnfeksionist-hepatoloq Mərdan Əliyev isə “Şərq”ə açıqlamasında deyib ki, bundan sonra "Covid-19"-la bağlı təşvişə düşməyə əsas yoxdur. Bir çox ölkələrdən fərqli olaraq pandemiya zamanı Çində virusa qarşı təbii immunitet formalaşmadı: “İlk gündən tətbiq edilən məhdudiyyətlər hesabına Çin insanı virusla təmasda olmadı. O zaman onun qarşısını aldılar. Amma bütün dünyada virus yayıldı. İndi isə ”Omikron" variantı Çində yenidən yayılıb.
Bu virus isə digər koronaviruslardan 4-5 dəfə daha sürətli yoluxur. Bu da çox böyük fərqdir. Buna görə də Çində əvvəlki virusun qarşısını ala bilmişdilərsə, artıq bunun qarşısını almaq çətindir. Hazırda bunun öhdəsindən gələ bilmirlər. Çində yoluxma sayı sürətlə artır. Bizdə isə buna qarsı kollektiv immunitet formalaşıb. Çində sürətli artmanın bizə təsiri yoxdur.
Hazırda yoluxmada ciddi eniş var. Virusa ağır şəkildə yoluxanlar isə demək olar ki, yoxdur. Koronavirus artıq qripəbənzər simptomlarla müşahidə olunduğu üçün xəstəxanaya müraciət etmədən sağalma mümkündür. Beləliklə, ciddi təhlükənin olacağını düşünmürəm. Hazırkı durumu nəzərə alaraq təhlükə sovuşub deyə bilərik.
İlin sonuna qədər təhlükəli vəziyyət olmayacaq. Zaman keçdikcə xəstəliyin aktuallığı daha da azalacaq”.