Panik atak daha çox qadınlarda müşahidə olunur - Əsas əlamətləri...


Qəfil başlayan qorxu adətən ilk 10 dəqiqə ərzində pik həddə çatır
"Qabaqlayıcı tədbir görmək üçün immun sistemini möhkəmlətmək və depressiyadan qorunmaq çox vacibdir"
  Psixoloq Elmir Əkbər AzTV-nin “Çıxışa doğru” proqramında pandemiya dövründə və sonra panik atak ilə müraciət edənlərin sayının fantastik surətdə artdığını deyib.
  Onun sözlərinə görə, panik atak zamanı stres zənciri işə düşür, adrenalinin təsirindən təngnəfəslik yaranır: “Oksigen səviyyəsi düşür. Bir tərəfdən də koronavirusdan irəli gələn tənəffüs problemi də insanları ölümə aparırdı. İnsanlar panik atakı, həyəcanı idarə edə bilsələr, ölüm halları azalacaq.
  Artıq insan virusun üçüncü dalğasından sonra vəziyyətə rasional yanaşır. Gigiyenik normalar o qədər faydalıdır ki, virus oldu-olmadı bu qaydalara ciddi riayət edilməlidir”.
  Klinik-psixoloq Leyla Məmmədova “Şərq”ə açıqlamasında deyib ki, panik atak, real təhlükə olmadığı halda insanın özünü təhlükəli vəziyyətdə hiss etməsinə, həyəcanla reaksiya verməsinə və qorxu hiss etməsinə səbəb olan psixoloji vəziyyətdir: “Anidən meydana gələn və zaman-zaman təkrarlanan bu vəziyyət insanın özünü sıxıntı içində tapmasına səbəb olur. Bir çox insanın həyatında bir və ya iki dəfə panik atak keçirməsi normal sayılsa da, təkrarlanan panik atakları və bu təcrübəni yenidən yaşayacaqlarını düşünmədən dura bilməməsi panik pozğunluğu olaraq təyin olunur. Panik pozğunluğu olan xəstələr hər bir insanda ola biləcək fiziki simptomları zehni olaraq səhv şərh edə bilərlər. Məsələn, həyəcanlı olduğumuz zaman ürəyimiz tez döyünür, ürək döyüntülərimiz olur. Biz bunu infarkt kimi qəbul etmirik, çünki bu, həm zehni, həm də fiziki olaraq təbii və normal bir ruh halıdır. Ancaq panik pozğunluğu xəstələri ürək döyüntüsünü “infarkt”, tənəffüs çətinliyini “boğularam”, başgicəllənməni “huşumu itirəcəm” kimi zənn edir və nəticədə son dərəcə dözülməz bir narahatlıq hiss edirlər. Yəni bunu həyati bir vəziyyət və ölüm təhlükəsi kimi qəbul edirlər. Ancaq bu, hər kəsin başına gələ biləcək normal bir bədən əlamətidir. Bu yüksək səviyyəli narahatlıq onların həyatlarını məhdudlaşdırmasına, sosial və peşə cəhətdən mənfi təsirlərə məruz qalmasına səbəb olur. Xüsusilə, hər hansı bir mənfi vəziyyətdə kömək ala bilməyəcəklərini düşündükləri qapalı və izdihamlı mühitlərdən uzaq dururlar. Obsesif kompulsif pozğunluqlar qrupunda olan narahatlıq pozğunluqları psixiatrik bir xəstəlikdir. Təkrarlanan, qeyri-ixtiyari düşüncələr var ki, onları idarə etmək çətin və insanı narahat edir.
  Panik atakın ən böyük xüsusiyyəti onun nə vaxt başlayacağını və nə vaxt bitəcəyini təxmin edə bilməyin mümkün olmamasıdır. Qəfil başlayan qorxu adətən ilk 10 dəqiqə ərzində pik həddə çatır və orta hesabla 15 dəqiqə ərzində sona çatır”. Psixoloqun sözlərinə görə, qadınlarda kişilərə nisbətən daha çox müşahidə olunur. Bir çox digər psixi pozğunluqlarda olduğu kimi, panik atakın da dəqiq səbəbi tam aydınlaşdırılmayıb: “Bununla belə, vəziyyətin həyatda travmatik və ya çox stresli bir dövrlə, məsələn, itkin düşməsi və ya beyindəki neyrotransmitter balanssızlığı və ya oxşar amillərlə əlaqəli olduğu düşünülür.
  Panik atakın əsas əlaməti ölüm və dəli olma qorxusudur. Atak zamanı insanın ürək döyüntüsü artır və nəfəs darlığı yaranır. Eyni anda adamı həm isti basır, həm titrəməsi olur. Bir neçə dəfə bu vəziyyətdə olan insan panik atakın təkrarlanmasından qorxmağa başlayır, onun yaxınlaşmasını hiss edir, daim narahat, əsəbi olur, qorxur, depressiyaya düşür. Panik atakdan əziyyət çəkən insanlar psixoloji rahat şəraitdə yaşamalı, streslərdən uzaq olmalı, kifayət qədər yatmalı və dincəlməli, fiziki aktiv olmalı, normal qidalanmalıdır.
  Panik hücumu əsnasında insanların öldüklərinə, havalandıqlarına, ya da davranışlarının nəzarət altından çıxdığına dair heç bir tibbi məlumat yoxdur. Bu səbəblə panik atak keçirdiyiniz zaman bunun ölümcül olmadığını, havalanmağa gətirib çıxarmayacağını, hiss etdiyiniz narahatlığın keçəcəyini düşünməlisiniz.
  Panik atakda tutmaların tezliyi, intensivliyi çoxdursa, insan bununla mübarizə aparmaqda çətinlik çəkir. İlkin mərhələdə tutmaların sayından, ağrıların dərinliyindən asılı olaraq ilkin mərhələdə medikamentoz müalicə təyin olunur, amma əsas psixoloji dəstəkdir, çünki psixoloji cəhətdən bu məsələ çözülməsə, medikamentoz müalicə bitən kimi ataklar yenə davam edəcək, cünki bu tutmaları aradan qaldırmaq üçün mütləq biz tətikləyicini tapmalıyıq, sonra bu tətikləyici nəyin siqnalıdısa onu tapıb aradan qaldırmalıyıq. Bir çox texnikalar var ki, biz individual olaraq insanlara məsləhət görürük. Amma tutaq ki, nəfəs texnikaları əksər insanlara eyni müsbət təsiri göstərə bilir”.
  L.Məmmədova deyib ki, qarşısı alınmadıqca atakların get-gedə daha sürətlə, daha intensiv baş verməsi olur. Get-gedə bütün zamanı alır, xronikiləşir, daha pisi isə insan bu vəziyyətə uyğunlaşır. Və digər xəstəliklərin başlanmasında katalizator rolunu oynayır: “Bir çox nevrotik xəstəliklərin başlanmasına, xronikiləşməsinə, sinir sisteminin pozulmasına səbəb olur. Psixosamatik ağrılar, nəbzin yüksəlməsi, qan dövranının pozulması, qan təzyiqinin dəyişilməsi və s. Və bu halları hiss edən insanların mütəxəssisə müraciət etməsində fayda var”.
  COVİD 19 pandemiyasının təsirinə gəldikdə isə psixoloq hesab edir ki, pandemiya dövrü ilə əlaqədar olaraq bir çox həssas insanlar panik atak keçirməyə başladılar. Onlar alışmadıqları bir vəziyyətlə üzləşiblər - öz sağlamlıqlarını qorumaq üçün bütün gün evdə oturaraq bayıra çıxmır, maska taxmağa məcbur olurdular: “İnsanlar pandemiya müddətində uzun müddət ərzində sosial həyatdan təcrid olundular. Bu da şübhəsiz ki, bəzi insanların psixologiyasından təsirsiz ötüşmədi. İndiyədək heç bir psixiatrik xəstəliyi olmayan insanlarda belə panik atak və depressiya şikayətləri nəzərəçarpacaq dərəcədə artıb. Əvvəllər panik atak xəstələri bizə ürək döyüntüsü və huşunu itirmə şikayətləri ilə müraciət etdiyi halda, pandemiyadan sonra xəstələr nəfəs ala bilməmək şikayəti ilə müraciət edirlər.
  Pandemiya bitsə də, hələ də bu qorxunu yaşayan, virusun yenidən artacağını düşünən insanlar var. Bütün bu baş verənlər psixologiyaya təsirsiz ötüşmür. Bu isə öz növbəsində, müəyyən həyəcan pozuntuları, gərginlik və depressiya yaradır.
  Panik ataka məruz qalanlar özləri ilə təzyiqölçən aparat və su gəzdirir, infeksiyaya yoluxaraq öləcəklərindən ehtiyat edir və daim bu barədə düşünürlər. Bu hal xəstəliyə yoluxmaq qorxusu yaşayan və kökündə ölüm qorxusu olan panik atak narahatlığından əziyyət çəkənlərə xüsusilə ağır təsir göstərir. Onlar hələ də yaşadıqları evi, pal-paltarlarını vaxtaşırı spirtlə dezinfeksiya edir, əllərini tez-tez və uzun müddət yuyurlar. Bu, onlarda təmizlik obsessiyası yaradır. Həmin şəxslərə elə gəlir ki, əgər bunu etməsələr, virus onlara yoluxacaq. Halbuki, hər şeyə müsbət tərəfdən yanaşmağı bacarmaq lazımdır. Özünü daim neqativ fikirlərlə yükləmək əvəzinə pozitiv fikirlərə üstünlük verilməlidir ki, əhval-ruhiyyənin aşağı düşməsinə mane olsun. Virusa yoluxacağı, xəstəliyi tutub öləcəyi barədə düşünmək əvəzinə xəstəliyin varlığını qəbul etmək və ona yoluxacağı halda sağalacağı barədə düşünmək lazımdır. Araşdırmalar göstərir ki, psixoloji cəhətdən neqativ yüklənmək koronavirusun orqanizmdəki təsirinin artmasına səbəb olur. Qabaqlayıcı tədbir görmək üçün immun sistemini möhkəmlətmək və depressiyadan qorunmaq çox vacibdir”.