Son illər vərəm xəstələrinin sayında da azalma müşahidə edilir
Afət Novruzova: "Ölkəmizdə yoluxma saylarının az olmasına baxmayaraq, əhalini ayıq-sayıq olmağa dəvət edirəm"
Maska taxmaq təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qorunmağa kömək edir
"Fevral ayından indiyədək COVID-19 infeksiyası səbəbindən ölüm sayı 90 faiz azalıb".
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesusun sözlərinə görə, son həftə ərzində 9,4 mindən çox ölüm qeydə alınıb, fevralda isə həftə ərzində ölüm nisbəti 75 min civarında dəyişib: "Biz uzun bir yol qət etmişik və bu, həqiqətən də nikbinlik üçün səbəbdir. Lakin biz hökumətləri, icmaları və bütün insanları ayıq-sayıq olmağa çağırırıq", - Qebreyesus deyib. Pandemiyanın başlanğıcından indiyədək dünyada 629 milyon yoluxma, 6,5 milyon ölüm faktı qeydə alınıb.
Azərbaycandakı koronavirusla bağlı real vəziyyəti dəyərləndirən
həkim-infeksionisti Afət Novruzova hazırda dünyada və Azərbaycanda COVID-19 infeksiyasına yoluxmanın davam etdiyini deyib. İnfeksionistin sözlərinə görə, 2020-2021-ci illə müqayisədə aqressiv olmasa da, hələ də virus öz aktuallığını itirməyib: “Pandemiya dövründən indiyə qədər xəstələrin sayı ən aşağı səviyyədədir. Düzdür bəzən xəstəliyi yüngül keçirənlər müraciət etmir və statistika real rəqəmi tam göstərmir. Amma vəziyyət normaldır. Koronavirusun yeni mutasiya olunmuş ştamları meydana gələ bilər. Bunun necə olacağı məlum deyil. Ona görə də beynəlxalq təşkilatlar pandemiyanın bitdiyini hələ elan etməyib.
Hazırda dünyanın bəzi ölkələrində - Afrikada, Amerika qitələrində COVID-19-a yoluxma saylarında artım var. Azərbaycanda isə cari vəziyyət çox dəyişkəndir. Yoluxanların sayında gah artım, gah da azalma qeydə alınır. Ölüm halları çox az hallarda müşahidə edilir. Dünyadakı vəziyyət də nəzərə alınaraq Nazirlər Kabinetinin Qərarı ilə karantin rejimi gələn il yanvarın 1-dək uzadıldı. Ölkəmizdə yoluxma saylarının az olmasına baxmayaraq, əhalini ayıq-sayıq olmağa dəvət edirəm. Əks-epidemik tədbirləri davam etdirməyi, gigiyena qaydalarına əməl etməyi tövsiyə edirəm. Ən birinci növbədə maskalardan istifadə etmək lazımdır. Xüsusilə də özündə respirator əlamətlər hiss edənlərin vətəndaş məsuliyyəti hiss etməsi daha məqsədəuyğundur. Maska taxmaq təkcə koronavirusdan deyil, digər yoluxucu xəstəliklərdən də qorunmağa kömək edir. Təcrübəmdən görürəm ki, son illər vərəm xəstələrinin sayında da azalma müşahidə olunur. Bunun da səbəbi maskalardan istifadə olunması, o cümlədən kütləvi toplanma hallarında qaydalara riayət olunması, gigiyena tədbirlərinin tətbiqidir. Vətəndaşlara hər zaman tövsiyə olunan qızıl qaydalara riayət etmələri məsləhət görülür. İmmun sistemini gücləndirmək üçün bol maye qəbulu, qidalanma rejiminə xüsusi fikir verilməsi, meyvə-tərəvəz qəbulunun artırılması vacibdir. Əsəb sistemi qorunub saxlanılmalı, yuxu rejimi normal olmalıdır. Bədən temperaturunun nəzarətdə saxlanılması, dəyişiklik olan kimi tədbir görülməsi məsləhət görülür. Bu zaman xüsusilə qızdırmasalıcılardan istifadə olunması, bol maye qəbul edilməsi tövsiyə olunur. Çünki bol maye qəbul edilməsi virusun az zədə törətməklə bədəndən xaric olunmasına imkan yaradır. Antibiotiklərin istifadəsi məsləhət görülmür. Hərarət beş gündən çox davam edərsə və yaxud xəstəni narahat edən başqa səbəblər olarsa, mütləq həkimə müraciət etmək tövsiyə olunur”.
İnfeksionistin sözlərinə görə, xəstəni müalicə etməkdənsə, xəstəliyin qarşısını almaq daha münasibdir. Çünki xəstəliyin qarşısını almaq minlərlə insanı həmin virusdan, xəstəlikdən qorumaq deməkdir:
“Bu illər ərzində gördük ki, yoluxanların bir qismi həyatını itirdi, bir qismi ömürlük şikəst qaldı, bəzilərinin müəyyən həyati funksiyaları zəiflədi. Mənəvi stress, qorxu yaşanmasın deyə xəstəliyin qarşısını almaq daha səmərəlidir. Əhali əks-epidemik tədbirləri daha düzgün yerinə yetirərsə, peyvəndləmədə daha aktiv iştirak edərsə, virusla mübarizədə üstünlüyümüzü qoruyub saxlaya bilərik. Xüsusilə risk qrupuna aid olanlar həmin qaydalara daha ciddi əməl etməli və peyvəndləmədən qəti yayınmamalıdırlar”.