İkinci ən təhlükəli yoluxma xəstəliyin anadan uşağına keçməsidir
Hər il dekabrın 1-i dünyada QİÇS-lə (Qazanılmış İmmun Çatışmazlığı Sindromu) Mübarizə Günü kimi qeyd edilir. İİV virusunun artım sürəti təqvimdə onunla əlaqədar beynəlxalq günün ayrılmasına səbəb olub. Həmin gün hər yerdə QİÇS epidemiyası haqqında, onun bəşəriyyət üçün doğurduğu fəlakətin miqyası, XX əsrin vəbası hesab olunan infeksiyanın XXI əsrə adlayaraq təhlükə törətməsi barədə danışılır.
Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerika Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan İİV infeksiyasının və QİÇS pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Dünyada 84 milyona yaxın insanın İİV-ə yoluxduğu ehtimal edilir. Rəsmi statistikaya görə, hazırda dünyada İİV-lə yaşayan 38,4 milyon insan var. Bu vaxta qədər dünyada 40 milyona yaxın insan İİV-dən həyatını itirib. Azərbaycan region ölkələri arasında ən az yoluxma müşahidə olunan ölkədir.
Qeyd edək ki, dünən Bakıda 1 Dekabr - Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş tədbir keçirilib. Dəyirmi masada çıxış edən Səhiyyə Nazirliyinin Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktoru Famil Məmmədov bildirib ki, Azərbaycanda İİV infeksiyasına ilk yoluxma halı 1987-ci ildə aşkarlanıb. Hazırda Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8500 nəfər rəsmi qeydiyyatdadır. Onlardan 5903-ü kişi, 2597-si qadındır. QİÇS mərhələsində olan Azərbaycan vətəndaşlarının sayı 1993 nəfərdir. 2016-2021-ci illər ərzində İİV-dən 1237 nəfər vəfat edib.
Ən çox ölüm halı 2018-ci ildə (98 nəfər) qeydə alınıb.
Ümumi ölüm sayları içində vərəm xəstəliyindən ölüm daha çoxdur. Bu illər ərzində vərəmdən ölüm 27,3 faiz təşkil edir. İkinci yerdə 12,3 faizlə onkoloji xəstəliklər, üçüncü yerdə isə qaraciyər serrozundan ölüm halıdır. Bu isə 9,5 faizdir. Ürək-damar pataloji xəstəliklərindən ölüm isə 6,2 faiz təşkil edir.
F.Məmmədov qeyd edib ki, İİV-lə yaşayan insanlara Səhiyyə Nazirliyi tərəfindən profilaktika, müalicə, qulluq və dəstəyin göstərilməsinin təmin olunması işi əvvəlki illərdə olduğu kimi, Respublika QiÇS-lə Mübarizə Mərkəzi tərəfindən davam etdirilir. 2006-cı ildən tətbiq edilən antiretroviral terapiyaya hazırda İİV-lə yaşayan 7778 nəfər cəlb olunub.
Tədbirdə QİÇS xəstəliyinin daha çox yayıldığı bölgələr açıqlanıb.
F.Məmmədov deyib ki, ölkə ərazisində bu xəstəliyin daha çox Şirvan, Hacıqabul, Sumqayıt, Astara, Lənkəran, Masallı, Yevlax rayonlarında yayıldığı müşahidə olunur. "Yoluxma mənbəyi ərazi olaraq qiymətləndirilir. Bölgələrdə xəstəliyin aşkar edilməsi üçün laboratoriyalarımız mövcuddur. Xəstəliyə yoluxma ehtimalı olan insanlar müəyyən olunur və müalicəsi aparılır".
F.Məmmədovun sözlərinə görə, QİÇS xəstəliyinə narkotik istifadəçilərinin daha çox yoluxduğu müşahidə edilir. Bu xəstəlik özünü daha çox 25-49 yaş qrupunda göstərir: "Narkotik istifadəçiləri və risk qrupları arasında respublika QİÇS-lə Mübarizə Mərkəzi zəruri əks-epidemik tədbirlər aparır. Eyni zamanda vərəmin azaldılması layihəsi də fəaliyyət göstərir. Həmçinin ötən 10 ildə ineksion narkotik istifadəçiləri arasında bu xəstəliyin ötürülməsi 2 dəfə azalıb".
O deyib ki, son 10 ayda İİV-ə yoluxan 695 nəfər aşkar edilib. Onların 680 nəfəri Azərbaycan vətəndaşıdır. 68 faizi kişi, 32 faizi isə qadındır.
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) Strateji inkişaf departamentinin rəhbəri Yaqut Qarayeva isə deyib ki, QİÇS pandemiyası çox uzun zamandır elan olunub və hələ də davam edir.
TƏBİB-in müəssisələrində bu infeksiyanın erkən aşkarlanması və müalicəsi ilə bağlı bir sıra tədbirlərin planlaşdırıldığını deyən Y.Qarayeva qeyd edib ki, QİÇS/İİV infeksiyası ilə bağlı insanlar arasında maarifləndirici tədbirlər həyaya keçirilməlidir: “Bu problemin qarşısının alınması hər bir insanın öz əlindədir”.
Ümumdünya QİÇS-lə Mübarizə Gününə həsr edilmiş dəyirmi masada iştirak edən Milli Məclisin deputatı Soltan Məmmədovun sözlərinə görə, hazırda ölkəmizdə QİÇS-lə bağlı epidemioloji vəziyyət tam nəzarət altındadır.
Deputat qeyd edib ki, epidemioloji vəziyyət Səhiyyə Nazirliyinin tam nəzarəti altındadır: “Təqdirəlayiq haldır ki, Azərbaycanda bu infeksiyaya yoluxma əsasən yüksək riskli qruplar arasında olur və uzun müddətdir ölkəmizdə bu virusun təmərküzləşmiş mərhələdə saxlanılmasına nail olunub”.
Ümumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar əsas məqsədimiz insanları maarifləndirməkdir. İnsanlar bu infeksiya ilə əlaqədar məlumatlıdırsa, özlərini xəstəlikdən qoruya bilər. Bunu isə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Səbinə Babazadə deyib. Direktor müavininin sözlərinə görə, İİV/QİÇS virusu bu xəstəliyə yoluxmuş anadan uşağa ötürülə bilər. Bu səbəbdən Səhiyyə Nazirliyinin qərarına əsasən, hamiləlik dövründə analar bu virusla bağlı iki dəfə müayinə olunurlar: “Əgər anada İİV müayinəsi müsbət nəticə veribsə, dərhal antiretroviral terapiyaya cəlb olunmalıdır”. S.Babazadə qeyd edib ki, qan donorları da qan verməzdən öncə İİV virusunun yoxlanılması məqsədilə test verir. Eyni zamanda gözəllik salonları və bərbərxanalarda da dezinfeksiya edilmiş əşyaların istifadə edilməsinə diqqət edilməldir.
“Hüquqi İnkişaf və Demokratiya" Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım İctimai Birliyinin sədri Zülfiyyə Mustafayevanın sözlərinə görə, İİV - qan və qorunmayan cinsi əlaqə yolu ilə keçən, əsasən immun sisteminə təsir göstərən bir virusdur.
Orqanizmdə xüsusi hüceyrələr var ki, bunların işi hər hansı yad maddə haqda məlumatı dərhal immun sisteminə ötürməkdir. Beləcə, vəziyyətdən xəbərdar olan qoruyucu-immun sistem həmin yad maddəni məhv edir: “İİV-nən yoluxmada həmin köməkçi, xəbərçi hüceyrələr zədələnir deyə istənilən yad maddə, məsələn, barmağa batan kiçik tikan xəstəni öldürə bilir. Ancaq orqanizmin özündə də tez-tez belə zərərli maddələr, o cümlədən xərçəng hüceyrələri inkişaf edir. Onları sağlam orqanizmin özü məhv edir. Lakin immun sisteminə xəbər ötürən hüceyrələr yoxdursa, bu zaman qoruyucu sistem işə düşə bilmir. Nəticədə daxildən və xaricdən meydana çıxan yad, zərərli maddələr orqanizmin özünü məhv edir, ölüm baş verir. Çox insanda İİV virusu ola bilər. Amma hər adamda bu virus immuniteti çökdürmür. QİÇS - Qazanılmış İmmun Çatışmazlığı Sindromu adlanan vəziyyət isə artıq çökmüş immun sistem deməkdir".
Ekspertin fikrincə, xəstəliyə səbəb olan İİV virusu orqanizmin müdafiəsində rol oynayan mühüm hüceyrələri məhv edərək immunitet sisteminin boğulmasına səbəb olur: “Tez-tez İİV/QİÇS kimi qısaldılmış bu xəstəlikdə immun sisteminin zəifləməsi nəticəsində ağır yoluxucu xəstəliklər, hətta xərçəng və buna bənzər xəstəliklər yarana bilər. Bu virusa məruz qalmış insanlarda xəstəliyin erkən mərhələdə aşkar edilməsi və onun sağlam insanlara keçməsinin qarşısının alınması üçün əlamətlər və simptomlar bilinməlidır. Xəstəliyin ötürülmə yolları və qorunma üsulları isə məlum olmalıdır. QİÇS-ə yoluxmuş insanların bədən mayeləri virusla təmasda olmayan insanların orqanizminə daxil olması ilə yayılır. Virusun yayılmasında təsirli olan bədən mayeləri qan, sperma, vaginal ifrazat və ana südü olaraq sıralanır. Xəstəliyin müalicəsində əsas məqsəd virusun orqanizmə daxil olması ilə azalmağa başlayan CD4 adlı immun sistem hüceyrəsinin azalmasının qarşısını almaqdır. Bu müalicəni həyata keçirmək üçün ən azı üç fərqli dərman tətbiqi hazırlanıb. Müalicədə istifadə olunacaq dərman virusun dərmana qarşı müqaviməti ilə müəyyən edillir. Xəstə həkimin təsdiq etdiyi dərman rejiminə fasiləsiz əməl edərsə, xəstəliyə böyük ölçüdə nəzarət etmək mümkündür. Xəstəlik erkən dövrlərdə aşkarlandıqda müasir dərmanlarla xəstələrin ömrünü kəmiyyət və keyfiyyətcə artırmaq mümkündür”.
Z.Mustafayeva bildirib ki, son illərdə İİV virusuna yoluxma hallarında yeni tendensiya müşahidə olunur. Onun sözlərinə görə, İİV-ə yoluxmaların əksər halları venadaxili inyeksiyalar səbəb olurdu, bu da narkomanlar arasında baş verirdi: “Son illərin statistikasına görə isə hazırda əsasən heteroseksual, yəni qadın-kişi arasında cinsi münasibətlər yolu ilə İİV-ə yoluxmaların sayı artmaqdadır. Bu da əhalinin sayına çox böyük təsir edən faktordur. Təsəvvür edin, qadınlar eyni ginekoloji kabinetlərdən, alətlərdən istifadə edir, tibbi və ya digər prosedurlar edirsə, bu, yoluxmanın artmasına birbaşa vasitəçilik edir. Çünki hər gün eyni müayinəxanaya onlarla qadın gəlir”.
Birliyin sədri həmçinin İİV-ə yoluxmanın digər səbəblərindən də danışıb. O bildirib ki, ikinci ən təhlükəli yoluxma halının isə İİV virusunun anadan uşağa keçməsidir: “Klinik protokollar tərtib olunur, bütün müəssisələrə hamiləliyin ilk 3 ayında İİV virusuna qarşı test pulsuz verilir, yalnız bu halların qarşısı alınmır. Bunun bir sadə yolu var, o da zamanında qan müayinəsindən keçməkdir.
Bu zaman əgər qadının bu virusa yoluxma halı aşkarlanarsa, hamiləliyin ilk 3 ayında 26 günlük ARV terapiya qəbul edilir və uşaq tam sağlam doğula bilir. Ölkədə bunun üçün bütün proseslər həyata keçirilir. Bu analar bilməlidirlər ki, doğuşdan sonra onlar övladlarını əmizdirə bilməzlər, çünki virusun 14 faizi övlada ana südü ilə keçir”.