Meyxanaçı Mahir Cürət hazırda Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzində müalicə alır. Səhhətində ciddi problemlər yaranan meyxanaçı müalicə üçün dekabrın 4 də təcili yardımla ECM –nə yerləşdirilib. M. Cürətin yaxınları tərəfindən ayaqlarına infeksiya düşdüyü və ətinin çürüdüyü bildirilib.
Meyxanaçının səhəti barədə “Şərq”ə açıqlama verən A.Topçubaşov adına Elmi Cərrahiyyə Mərkəzinin Ümumi şöbə müdiri Ramin Məmmədli isə meyxanaçının hansı müddətə xəstəxanada qalacağının hələlik bəlli olmadığını deyib:
“Mahir Cürət 5-6 gün olar ki, Topçubaşov adına ECM-nin Damar –cərrahiyə şöbəsində yatır. Vəziyyəti stabildir, həkim nəzarətində müalicəsi davam edir.
Onu deyim ki, xəstəxanaya yerləşdiriləndə vəziyyəti o qədər də qənaətbəxş deyildi. Bu gün isə artıq müsbətə doğru xeyli irəliləyiş var. Tezliklə sağlığına qovuşacağına ümid edirəm”.
Şöbə müdirinin sözlərinə görə, meyxanaçının ayaqlarındakı yaradan əlavə ürəyində və qaraciyərində də ciddi problemlər var. Hələlik xəstəxananın tibb işçiləri tərəfindən vaxtı- vaxtında ayağındakı yaraları təmizlənib sarınır. Çox şükür ki, həyatı təhlükəsi yoxdur.
Müalicəsi damar- cərrahiyə şöbəsinin müdiri Rasim Quliyev tərəfindən aparılır. Digər həkimlər, şəxsən mən özüm də vaxt aşırı Mahir bəyə baş çəkərək onun ümumi vəziyyəti, ehtiyacları ilə yaxından maraqlanıram”.