Arxayınlaşmaq olmaz! - “Omicron”un mutasiyaları davam edir»

"İndi payız-qış mövsümü olduğu üçün kəskin respirator xəstəliklər üstünlük təşkil edir"
Bunu "Sherg.az"a açıqlamasında həkim-infeksionist Sadiqə Əliyeva son günlər kütləvi şəkildə insanların səhhətində yaranan problermlərdən danışarkən deyib.

O qeyd edib ki, xəstəliyi laboratoriyada müayinə etmədən hansı virus olduğunu demək çətindir:

"Yalnız laborator analiz nəticəsində bilinir ki, bu koronavirusdur, qripdir, yoxsa renavirusdur. Ümumiyyətlə, soyuqlama halları da çoxalıb. İnsanlar geyimlərinə diqqət etmirlər. Bəzən nazik geyinir, bəzən də qalın geyinib özünü tərlədir. Bütün bunlar isə soyuqdəyməyə səbəb olur. Bundan qorunmaq üçün isə, qidalanmaya və geyimə diqqət etmək lazımdır. Xəstə insanlar maskadan istifadə etməlidir ki, digərlərini yoluxdurmasın. Ümumiyyətlə, “Covid -19” zamanı deyilən qoruyucu tədbirlər bütün respirator virus infeksiyalarına aiddir".

Məsələyə münasibət bildirən tibb elmləri doktoru, professor Adil Qeybulla da vurğulayıb ki, hazırda qışdır və respirator xəstəliklər davam edir:

 "Pandemiyadan əvvəl də mövsümü qripə bənzər bu xəstəliklər var idi. Yuxarı tənəffüs yollarının iltihabını törədən 10-dan çox infeksiya var. Bunlardan biri də qripdir. 

Hazırda da bu proses davam edir. Nəzərə alsaq ki, pandemiya xaric, koronavirusun 4 növü hər il mövsümü soyuqdəymə xəstəliyi törədir, ona görə də hazırkı vəziyyət pandemiya ilə bağlı deyil. 

Amma pandemiya da hələ bitməyib. Çünki Dünya Səhiyyə Təşkilatının bununla bağlı rəyi yoxdur. 

“Omicron”un isə mutasiyaları davam edir. Bu virusun yoluxuculuq indeksi yüksək olsa da, onun ölümcüllük qabiliyyəti xeyli aşağı düşüb. Ümumiyyətlə, xəstəlik real olaraq ortadadır və yoluxmalar davam edir. 

Bunlardan qorunmaq üçün isə xəstə adamlar yataq rejiminə keçərək maye qəbul etməli və həkim tövsiyələrini yerinə yerinə yetirməlidir. Sağlam adamlar da maska taxmağa, məsafə saxlamağa diqqət etsələr, yaxşı olar".