Boyun nahiyəsinin qeyri-sabitliyi və skolioz öz növbəsində görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır
Qeyri-düzgün oturuş onurğanın döş və boyun fəqərələri nahiyəsinin yerdəyişməsinə səbəb olur. Bu da beyin qan dövranını və görmə qabiliyyətini pisləşdirir. Böyük ehtimalla vegetovaskulyar distoniya baş verə bilər ki, bu da şiddətli baş ağrıları və miopiyaya yol aça bilər. Bu sözləri reabilitoloq, fizioterapevt Pərvin Əkbərov deyib.
Həkimin sözlərinə görə, duruş pozğunluqlarının görmə qabiliyyətinə təsiri artıq alimlər tərəfindən sübut edilib, öz təsdiqini tapıb:
“Bədənimizin bütün sistemlərinin bir-birinə bağlı olduğunu xatırlamaq vacibdir. Onurğanın sağlamlıq vəziyyəti görməyə birbaşa təsir göstərir. Belə ki, məktəblilərin parta arxasında yanlış oturuşu və ya kompüterlə işləyərkən monitora qeyri-düzgün baxışı başın yanlış mövqeyinə səbəb olur, bu da öz növbəsində beyin qan dövranının pisləşməsinə gətirib çıxarır. Belə problemlərin səbəbi ikinci boyun fəqərəsindəki (axis) pozğunluqlardır, bir fəqərənin disfunksiyası isə aşağıda yerləşən digər boyun fəqərələrində pozğunluqlara yol açır. Bütün orqanlar bir-biri ilə əlaqəli olduğundan, boyun nahiyəsinin qeyri-sabitliyi və skolioz öz növbəsində görmə qabiliyyətinin zəifləməsinə gətirib çıxarır. Bütün bunlar miyopiyanın inkişafı üçün zəmin yaradır”.
Reabilitoloq deyib ki, skoliozun vaxtında aşkarlanması və müalicəsi öz növbəsində xəstənin görmə qabiliyyətinə müsbət təsir edir:
“Vaxtında müayinə və inteqrasiya olunmuş yanaşma problemləri vaxtında müəyyən etməyə və arzuolunmaz xəstəliklərin inkişafının qarşısını almağa kömək edəcəkdir! Nə qədər tez tədbir görsəniz, uğurlu sağalma şansınız bir o qədər yüksək olar. Yeri gəlmişkən, skolioz təkcə görmə qabiliyyətinə deyil, həm də əksər daxili orqanların fəaliyyətinə təsir göstərir”.