İnfeksionist deyir ki, virus yayılan məktəblərdə lokal qapanmalara getmək lazımdır
Bir müddətdir Azərbaycanda əhali arasında qrip simptomlu xəstəlik yayılıb. Həm böyüklər, həm də uşaqlarda təsadüf olunan virus sürətlə yayılır və həftələrlə davam edir.
Sözügedən xəstəlik güclü boğaz ağrısı, yüksək hərarət, öskürək və qulaq ağrısı ilə müşayiət edilir.
Səhiyyə Nazirliyi də bir neçə gün əvvəl kəskin respirator virus infeksiyası ilə bağlı əhaliyə xəbərdarlıq etmişdi. Bildirilirdi ki, bəzi şəxslərdə xəstəlik əlamətlərinin qısa müddətdən sonra yenidən qayıtması və xəstəliyin dalğavari gedişi onlarda immunitetin zəif olması, ikincili bakterial infeksiyanın qoşulması və ya başqa respirator virusa yeni yoluxma ilə əlaqəli ola bilər.
Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə isə “Şərq”ə açıqlamasında deyib ki, məktəb və bağçaların açıq olması xəstəliyin yayılmasında böyük rol oynayır: “İki həftə məktəb və bağçaların fəaliyyəti dayandırılsa, bəlkə də virusun yayılması azalar. Uşaqların halı çox bərbaddır. İnfluenza virusu bir bəladır”.
İnfeksionist həkim Mərdan Əliyev isə “Şərq”ə açıqlamasında deyib ki, virus yayılan məktəblərdə lokal qapanmalara getmək əsas məsələdir:
“Hər hansı məktəb, yaxud sinifdə yoluxma halları müşahidə edilərsə, virusun yayılmasının qarşısını almaq üçün lokal qapanma və qorunma tədbirlərini həyata keçirmək lazımdır. Belə hallarda tədrisi onlayn formada davam etdirmək daha yaxşıdır”.
Virusun sadəcə uşaqlar deyil, böyüklər arasında da sürətlə yayıldığını vurğulayan infeksionistin sözlərinə görə, xəstəliyin əlamətləri COVID-19 virusu ilə oxşarlıq təşkil etməsinə baxmayaraq, analizlərdə koronavirus testinin nəticəsi neqativ göstərir: “Sağlam insanlar üçün təhlükə ehtimalı olmasa da, risk qrupuna daxil olan şəxslər bu xəstəlikdən özlərini gözləməlidirlər. Yaşı 65-dən yuxarı olan, xroniki xəstəlikdən əziyyət çəkən insanlar, onkoloji xəstələr, qaraciyər sirrozu və revmatoid artriti olan şəxslər də bu virusa yoluxan zaman xəstəlik müddətini daha ağır keçirir”.