"Hazırda ölkəmizdə yayılan və dövriyyədə olan iki virus müşahidə olunur"
Bunu "Sherg.az"a açıqlamasında baş infeksionist Mərdan Əliyev deyib.
O bildirib ki, bunlar Korona və İnfluenza viruslarıdır:
"Biz İnfluenzaya el arasında qrip deyirik. Amma qrip adlandırdığımız zökəm, burun axması və.s kimi simptomlar kəskin respirator virus infeksiyaları adlanır. Yəni yuxarı tənəffüs yollarını tutan xəstəliklərdir. Bunları törədən 200 infeksiya növü mövcuddur.
Bu virusların yoluxmasından asılı olaraq xəstəliyin klinik gedişi də dəyişir. Düzdür, ümumi gedişat eynidir. Amma bəzi fərqlər də mövcuddur. Məsələn, hazırda yayılan İnfluenza kəskin respirator virus infeksiyaları içində ən ağır görülənlərdəndir. Əsasən boğaz ağrısı ilə başlayan İnfluenza, burun tutulması, halsızlıq, bir neçə günlük qızdırma ilə müşahidə olunur. Bu xəstəliyin iki yaşından kiçik uşaqlarda və 65 yaşından yuxarı şəxslərdə daha da ağırlaşa bilir. Digər tərəfdən xroniki və onkoloji xəstəlikləri olan şəxslər də risk qrupuna aid hesab olunur. Yəni onlar qripi ağır keçirərək pnevmoniyaya doğru gedə bilərlər”.
“Bundan qorunmaq üçün nə etməli?” sualına gəlincə, həkim deyib ki, kəskin respirator virus infeksiyalarından qorunma qaydası eynidir:
“Bu infeksiyaların hər biri hava, damcı yolu ilə keçir. Ən yaxşı qorunmaq, tənəffüs yollarını qoruyan gigyenik maskalardan istifədədir. Maskadan daha effektiv üsul isə peyvənd olunmadır. Bu yollar vasitəsilə yoluxmadan qorunmaq mümkündür".