Ən təhlükəli qida mal ətidir

Dünyada sanki insanları vegetarian olmağa səsləyənlərin arxasında nəhəng güclər dayanır

“İribuynuzlu heyvanların məhvinin planlaşdırılması da məhz buna hesablanıb. İnsanları ət yeməkdən çəkindirən həmin o güclər süni ət istehsalı ilə məşğul olan nəhəng şirkətlərdir”


  Amerika, Britaniya və Niderland alimlər qrupu 2 ildir davam edən böyük elmi araşdırmalarının nəticəsində dünyada həm ətraf mühitə, həm insana zərər verən və erkən ölümə səbəb olan ən təhlükəli ərzağı elan ediblər.
15 qrup ərzaq içindən qırmızı ət, yəni mal əti ən təhlükəlisi seçilib.
Bu ətin alınması üçün heyvandarlıq və istehsal təbiətə, ekologiyaya neqativ zərbə vurur. Eləcə də erkən ölümə səbəb olmasına görə də liderdir. Qırmızı ət bədəndə iltihabı artırır, şiş hüceyrələrini aktivləşdirir, ürək-damar sistemini sıradan çıxarır, damarları tutur.

  Qida məsələləri üzrə mütəxəssis Ağa Salamov isə “Şərq”ə açıqlamasında deyib ki, bütün dünyada sanki insanları vegetarian olmağa səsləyən bəzi maraqlar var ki, bu maraqların arxasında nəhəng güclər dayanır. İribuynuzlu heyvanların məhvinin planlaşdırılması da məhz buna hesablanıb. İnsanları ət yeməkdən çəkindirən həmin o güclər süni ət istehsalı ilə məşğul olan nəhəng şirkətlərdir:

“2023-cü ildə dünya bazarında süni ətin satışa çıxarılması proqnozlaşdırılır. Maraqlıdır ki, süni əti təbii mənşəli ətdən faydalı hesab edənlər var. Onların fikrincə, heyvanlar üçün istifadə olunan antibiotiklərin böyük hissəsi qidalanma ilə bədənimizə daxil olur. Süni ət isə bu cür qatqılardan kənarda qaldığına görə faydalı ola bilər.
Süni ətin bazarlara çıxarılmasında bir çox hallarda dünya əhalisinin sayının artması, ərzaq böhranı səbəb kimi göstərilsə də, işin əsli fərqlidir. 

Bu proses 2010-cu ildən başlayıb. Bu haqda özüm də daxil olmaqla bir çox mütəxəssislər danışsalar da, heç kimin süni ətin satışının qarşısını almağa gücü çata bilməz. Lakin bilməliyik ki, süni şəkildə yaradılan su qıtlığı, yemin qiymətinin artırılması və s. məhz heyvanların məhvinə hesablanıb. Bunlar hamısı düşünülmüş addımlardır.

  BMT-nin Qida və kənd təsərrüfatı təşkilatına (FAO) görə, heyvandarlıq sənayesi qlobal istiləşməyə səbəb olan istixana qazı tullantılarının 15 faizinə cavabdehdir. Bu rəqəm nəqliyyat vasitələrinin karbon tullantılarından daha yüksəkdir.

  Bu cür əsaslandırmalarla iribuynuzlu heyvanları məhv etməyə, süni ətə tələbatın daha çox yaranmasına çalışırlar. Yəqin ki, gələcəkdə insanlara iribuynuzlu heyvanlarla yoluxan virus olacaq. Bu da süni şəkildə onların məhvinə gətirib çıxaracaq". 

  A.Salamovun sözlərinə görə,  süni ətdə "solor food" adlı sintetik məhsul olduğuna görə onunla qidalanan insan orqanizmi proqramlaşdırmaya meyilli olur:  

"Danimarkada bir şirkət 2010-cu ildə solein adlı protein istehsal edib. Günəş enerjisi ilə istehsal olunan proteinə "Solar food" adı verilib. Həmin maddəni süni ətin tərkibində rahatlıqla istehlak edən insanın orqanizmi təbii ətlə qidalanan orqanizmdən fərqli olaraq proqramlaşdırmaya meyilli olur. Bu da orqanizmin immun sistemini bərpa etmək və ya aşağı salmaq üçün vasitədir. Süni ət təbii əti nə əvəzləyə bilər, nə də ondan faydalı ola bilər. Sintetik olduğuna görə insan orqanizminə yaddır. Buna görə faydalı ola bilməz".

  Qırmızı ətin ən təhlükəli qida olub-olmadığına gəldikdə isə mütəxəssis deyib ki, ət mövzusu elm adamları arasında hər zaman mübahisəli mövzular sırasında yer alıb. Lakin ət bizim təbii qidalanmağımızın bir parçasıdır və ətin bir çox faydaları var: "Buna rəğmən  istədiyimiz qədər ət yeyə bilərik, deyə bir şey yoxdur.  

Çünki hər şeyin çoxu zərərlidir, həmçinin normadan çox zülal istehlak etməyin də bəzi zərərləri var. Zülalların həzmində əmələ gələn amin turşularının çoxluğunun nə ziyanı var? Metabolizmamızın ehtiyacından çox olan amin turşuları, bir enerji qaynağı olaraq istifadə olunmadığında və eyni şəkildə depolanmadığında, bunun bir şəkildə tənzimlənməsi lazım gəlir". 

  A.Salamovun sözlərinə görə, elmi araşdırmalara əsasən, heyvan mənşəli zülalların xərçəngə çevrilməsinin bir səbəbi də bişirmə texnologiyasıdır.