Bu, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır
Soyuq havada, xüsusilə küləkdə, yağışda başıaçıq gəzən həmvətənlərimiz bilmədən öz səhhətini çox ciddi təhlükəyə salırlar.
Baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur. Bunun nəticəsində insanın immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə daha tez tutulur.
Tibb üzrə ekspert, professor Adil Qeybullanın sözlərinə görə, baş dərisinin soyuqlaması tez bir zamanda orqanizmin ümumi soyuqlamasına səbəb olur:
"Bunun nəticəsində insanın immuniteti kəskin zəifləyir və insan soyuqdəymə və infeksiya xəstəliklərinə daha tez tutulur. Qulaqlar soyuğa xüsusilə həssasdır. Qulaq sinirinin iltihabı eşitmənin pisləşməsinə, qulaqlarda ağrılara, vaxtında müalicə olunmadıqda karlığa da gətirib çıxara bilər. Orta qulağın iltihabı olan otitin əsas səbəbi də məhz soyuqlamadır.
Burun-udlaq da soyuqlamaya çox tez reaksiya verir. Nəticədə insanda zökəmin, tonzillitin (angina), bronxitin və s. iltihabların riksi xeyli artır. Xüsusilə bu xroniki tonzillit, xroniki haymorit kimi xəstəlikləri olan insanlar üçün təhlükəlidir. İstənilən soyuqlama onlarda xəstəliyin kəskinləşməsinə səbəb ola bilər”.
Həkimin sözlərinə görə, soyuqda baş dərisinin kapilyarları daralır, saç follikullarının qidalanması kəskin pozulur. Bu isə saçların vəziyyətinə mənfi təsir edir - saçlar zəif, nazik, cansız olur, tökülür.
Başın soyuqlaması üz sinirlərinin iltihabına səbəb ola bilər. Bu çox ciddi, güclü ağrılarla müşayiət olunan, çətinliklə müalicə olunan pozulmalardır. Üz sinirinin iltihabı nəticəsində insanın üzü əyilə bilər. Başın soyuqlaması güclü baş ağrılarına, kəllədaxili təzyiqin artmasına səbəb ola bilər. Başın soyuqlaması miqren tutmasına səbəb ola bilər.
Həmçinin bir çox insanlarda ağır baş ağrıları ilə müşayiət olunan miqren xəstəliyi məhz başın güclü soyuqlamasından sonra meydana çıxıb.