Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət qənaətbəxşdir
Son günlərdə dünyada koronavirusa yoxluxanların və ölənlərin sayında artım müşahidə olunur. Bir müddət öncə yoluxma sayının kəskin azalması səbəbindən pandemiyanın başa çatdığı zənn edilsə də, təəssüf ki, koronavirus təhlükəsi yenidən bütün ölkələri narahat etməyə başlayıb.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adanom Qebreyesus qurumun icraiyyə komitəsinin iclasında hazırda koronavirusla bağlı vəziyyətin bir il əvvəlkindən daha yaxşı olduğunu deyib. Onun sözlərinə görə, son 8 həftədə 170 mindən çox insan COVID-19-dan ölüb: "Bu, yalnız qeydə alınan rəqəmdir. Əslində bu göstərici daha böyük ola bilər”. ÜST sədri xatırladıb ki, artıq dördüncü ildir koronavirus davam edir: “İndiki durum bir il əvvəlkindən daha yaxşıdır”.
Bəs ölkəmizdə COVİD 19-la bağlı epidemioloji vəziyyət hansı səviyyədədir?
Hazırda Azərbaycanda COVID-19-la bağlı epidemioloji vəziyyəti dəyərləndirən və pandemiya başlayan dövrə nəzər salan Səhiyyə Nazirliyinin ekspert-mütəxəssisi Təyyar Eyvazov deyib: “Hazırda Azərbaycanda epidemioloji durum qənaətbəxşdir, nəzarət olunandır, yeni yoluxma hallarının sayı minimaldır və ikirəqəmli həddədir, eyni zamanda, qeydiyyatda olan aktiv xəstə sayı çox azdır və çarpayı yüklənməsi qeyd olunmur. Bu cür stabil vəziyyət artıq bir neçə aydır ki, davam edir və xüsusən də, payız-qış mövsümündə pisləşmənin olmaması nikbinlik yaradır və tezliklə pandemiyanın sonlanacağı anlamına gəlməyə imkan verir”.
İnfeksionist həmçinin bildirib ki, ÜST-nin məlumatına görə, artıq dünya əhalisinin təxminən 90 faizi xəstəliyi keçirərək və ya peyvənd olunmaqla bu infeksiyaya qarşı immuniteti əldə edib: “İnfeksiyanın sonrakı dövrlərdə yayılması virusun mutasiyası nəticəsində yoluxma sürəti daha yüksək olan yeni alt növlərin yaranmasından asılı olacaq. Qeyd edilən statistik məlumatlara əsasən, ötən dövrlərlə müqayisədə COVID-19-a yoluxma minimal həddədir. Pandemiya ilə mübarizədə qazanılmış təcrübə əldə edilmiş nailiyyətlərin davamlı olacağını göstərir və bu gün hələ də müxtəlif mutasiya olunmuş virus ştamlarının dövriyyəyə daxil olmasına baxmayaraq, ölkəmiz bütün çağırışlara hazırdır və infeksiya üzərində qələbə çalacağımız gün uzaqda deyil”.
Həkim-infeksionist Nicat Əzimli “Şərq”ə açıqlamasında deyib ki, hazırda Azərbaycandakı koronavirusla bağlı epidemioloji vəziyyət qənaətbəxş hesab oluna bilər:
“Tədqim olunan yoluxma saylarının dinamikasına və digər göstəricilərə baxdıqda hesab edirəm ki, hazırkı vəziyyətdə narahat olunacaq bir məqam yoxdur. Eləcə də həkim olaraq şəxsi müşahidələrimizlə bunu təsdiqləyə bilərik”.
Yayılan infeksion xəstəliklərin insanlar arasında COVİD-19 xofu yaratmasına gəldikdə isə infeksionist deyib ki, tənəffüs orqanlarının viruslu infeksion xəstəliklərinin hazırkı mövsümdə artım göstərməsi təbiidir: "Bakı kimi əhalinin nisbətən sıx olduğu şəhərlərdə bu mövsümdə qripə yoluxma halları da artır. Buna görə qeyd etdiyiniz simptomları olan şəxsləri tez-tez ətrafda görə bilərsiniz. Belə halda önəmli olan bu şəxslərlə sosial məsafəyə diqqət etməkdir. Bundan əlavə xüsusilə xəstə şəxsin maskadan istifadə etməsi və mümkündürsə, özünü ətrafdakı insanlardan tamamilə izolə etməsi ən effektiv tədbir olar”.