Oftalmoloq Günay Əliyeva: “İstənilən damcıların həkimin nəzarəti olmadan təyin olunmasının əleyhinəyik”
Amerikalı mütəxəssislər göz damcıları ilə bağlı araşdırma aparıblar.
"Lent.az" xarici mətbuata istinadən xəbər verir ki, araşdırmalara görə, göz damcılarının istifadəsi davamlı infeksiyanın inkişafına səbəb ola bilər.
ABŞ-nin 11 ştatında göz damcılarını mütəmadi olaraq istifadə edən 50 nəfərin əksəriyyətinin gözündə infeksiya aşkarlanıb.
Araşdırma nəticəsində infeksiyaya yoluxanlardan birinin öldüyü, üç nəfərin isə görmə qabiliyyətini itirdiyi məlum olub. Bəzilərində isə tənəffüs yolu və sidik yollarının infeksiyaları müşahidə edilib.
Qeyd edək ki, mütəxəssislər damcıların istehsal prosesi zamanı çirklənə biləcəyini ehtimal edir.
Oftalmoloq Günay Əliyevanın “Şərq”ə açıqlamasına görə, göz damcıları bir çox sadə və mürəkkəb göz problemlərini müalicə etmək üçün istifadə edilən salin tərkibli məhlullardır:
“İstənilən göz damcılarının tərkibində konservantlar var. Konservantların uzunmüddətli istifadəsi gözdə quruluq əmələ gətirə bilər, qıcıqlandırma və hətta reaksiyalar verə bilər. Buna görə də istənilən damcıların həkimin nəzarəti olmadan təyin olunmasının əleyhinəyik. Lakin burada süni göz yaşlarını çıxmalıyıq. Süni göz yaşlarına rahatlıqla, gözə baxmamış tökə bilərsiniz.
Ancaq tərkibində formokoloji qurğular olan damcıların gözə ziyanı ola bilər. Bu damcıları həkim nəzarətsiz və uzun müddət tökdükdə gözə çox ziyanı ola bilər.
Allergik əlamətləri olan bir çox pasientlərlə olur ki, onlara steroid damcılar yazıblar və bu damcılar mirvari suyu katarakta əmələ gətirir, həmçinin göz təzyiqinin qalxmasına gətirib çıxara bilər. İstənilən halda oftalmoloq məsləhəti olmadan göz damcılarının tökülməsi məsləhət deyildir".
Həkimin sözlərinə görə, göz damcılarının davamlı istifadəsi (məsələn, qlaukomada) dakriostenozun risk amili sayılır.