Xəstələri məktəbdən təcrid etmək, ev şəraitində müalicəsini aparmaq lazımdır
Son günlər ölkəmizdə burun axması, boğaz ağrısı, halsızlıq və hərarətin yüksəlməsi ilə müşayiət olunan virus epidemiyası yayılıb.
Bundan ən çox əziyyət çəkən isə uşaqlar olur. Viruslar xüsusilə bağçalarda, məktəblərdə uşaqlar arasında sürətlə yayılır. Bir çox hallarda isə valideynlər azyaşlıların bağçaya, məktəbə gedən kimi virusa yoluxduqlarını, bu halın tez-tez təkrarlandığını, sağalma prosesinin isə çox uzun çəkdiyini vurğulayırlar.
Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov mediaya açıqlamasında bildirib ki, mövcud vəziyyətdə əgər hər hansı şagird xəstədirsə, onun müalicəsi ev şəraitində aparılmalıdır: “Kəskin respirator xəstəliklərin çoxaldığı vaxtda bu, başadüşüləndir və üzrlü səbəbdir.
Əsas məsələ şagirdlərin sağlamlığıdır. Əgər hər hansı şagird qripə və ya yoluxucu xəstəliyə tutulubsa, onun evdə qalması və müalicəsini davam etdirməsi vacibdir. Xəstə şagirdin məktəbə getməsinə ehtiyac yoxdur. Bu məsələdə valideynlərə tövsiyəmiz də budur ki, övladlarını qızdırmalı və ya xəstə halda məktəblərə göndərməsinlər. Əgər şagird xəstə halda məktəbə gəlirsə, təhsil ocağının rəhbərliyi bununla bağlı qərar qəbul etməlidir. Bununla əlaqədar məktəblərdə qaydalar və müvafiq qərarlar da mövcuddur”.
Bununla belə, valideynlərin məsələ bağlı razılaşmadığı bəzi məqamlar var. Belə ki, onlar bildirirlər ki, bəzi hallarda uşaqlarını sağalmamış məktəbə göndərməli olurlar.
Müəllimlər zəng edir ki, yoxlama gəlir, davamiyyət aşağı olmamalıdır. Ya da uşaq bir ayda dəfələrlə xəstələnib, müəllim də hər dəfə arayış istəyir. Hər dəfə 15-20 manat poliklinikaya verməyə imkanlarının olmadığını vurğulayan valideynlər bu səbəbdən uşaq tam sağalmamış məktəbə göndərməli olurlar.
Həkim-infeksionist Nicat Əzimlinin sözlərinə görə, respirator sinsitial virus daha çox azyaşlılarda, məktəb yaşlı, bağça yaşında uşaqlarda çox görüldüyü üçün bu uşaqların məktəb və bağçalara xəstə halda dərsə getməsi digər uşaqların da bu virusa yoluxması təhlükəsini artırır:
“Yoluxmuş uşaqlar tam sağalmayana kimi heç bir kollektivə daxil olmamalıdır. Bəzi məktəblərdə səhər yoxlanışı zamanı xəstəlik aşkarladığı şagirdi məktəbə və ya bağçaya buraxmır. Ancaq bu hal bütün məktəblərdə eyni cür olmalıdır. Valideyn öz məsuliyyətini dərk edib övladını məktəbə göndərməməlidir. Məktəb isə xəstə şagirdi qəbul etməməlidir.
Ona görə də xəstə olan uşaqları məktəbdən təcrid etmək, yəni ev şəraitində təcrid edərək müalicəsini aparmaq lazımdır.
Müalicəsi asan olan, sağalan xəstəlikdir. Lakin dediyim kimi, yoluxma baş verməsin deyə uşaqların ev şəraitində müalicə olunması daha məqsədəuyğun hesab olunur. Eyni ilə də qrip və koronavirus, bu, həmçinin uşaqlarda, həm də böyüklərdə yüksək yoluxuculuq xüsusiyyətləri olan və simptomatik xəstəliklər törədən viruslardır. Təbii ki, xəstə şəxsin özünü təcrid etməsi ən güclü mühafizə sayılır”.