“Fast-food” tipli yeməklər bir bəladır

Məktəbyaşlı uşaqlar arasında xəstəliklər artıb


  “Qış mövsümü ilə bağlı uşaqlar arasında bəzi qastroenteroloji problemlərin artması müşahidə olunur. Bunlardan qastrit, reflüks, mədə qanaması, qarında ağrı və sancını xüsusi ilə qeyd etmək istəyirəm”.

Bu sözləri nazirliyin sosial media hesablarına ünvanlanan  sualları cavablandıran  Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti Anar Tağıyev deyib.  Həkimin sözlərinə görə,  kəskin respirator virus infeksiyalarının, o cümlədən influenzanın artması uşaqlarda düşməyən qızdırmaya səbəb olur. Bu zaman valideynlər müxtəlif qızdırma salıcı preparatlarla temperaturu salmağa çalışırlar və bəzən bu dərmanlar lazım olandan artıq miqdarda istifadə olunur ki, bu da müxtəlif mədə-bağırsaq problemlərinin əmələ gəlməsinə səbəb olur.

  A.Tağıyev deyib ki, son zamanlar məktəbyaşlı uşaqlar arasında “fast food” tipli yeməklərin, müxtəlif qazlı suların, energetik içkilərin, mayonez, dönər, “ketchup” kimi qidaların populyar olması müxtəlif mədə-bağırsaq problemlərinin, o cümlədən qastrit və reflüks xəstəliyinin artmasına gətirib çıxarıb: "Məktəbyaşlı uşaqların bu qidalardan çox istifadə etmə halları mədə ağrıları, qarında sancılar, bağırsaq pozğunluqları kimi ağırlaşmalara gətirib çıxarır.

  Qəbizlik də uşaq qastroenterologiyasında həmişə sıx rast gəlinən bir mədə-bağırsaq problemidir. Problemi aktual edən qəbizliyin hər yaşda görülməsi və uşaqlarda ciddi diskomforta səbəb olmasıdır. 

Təəssüf ki, əksər hallarda valideynlər həkimə çox gec müraciət edirlər. Bu zaman qəbizlik xronikləşir və müxtəlif fəsadlara səbəb olur. Bu zaman isə təbii ki, qəbizliyi müalicə etmək çox çətin olur.

  Qəbizliyin artmasının yaşdan asılı olaraq bir çox səbəbləri vardır. Körpə uşaqlarda ana südü yerinə müxtəlif növ süni qidaların istifadəsi qəbizliyin daha kiçik yaşlarda görülməsinə gətirib çıxarır. Ana südü təbii qəbizlik əleyhinə dərmandır.
  Qəbizliyin əsas səbəblərindən biri də uşaqların daha çox oturaq həyat tərzi keçirmələri və “fast-food”dan çox istifadə etmələridir. Bağırsağın normal işləməsi üçün əsasən su və lif lazımdır. Bir sıra şəkərli qidalarda, asan həzm olunan karbohidratlarda bitki lifləri olmur.

  Bitki lifləri əsasən meyvə, tərəvəz, ət kimi məhsullarda və bəzi taxıllarda olur. Uşaqlar arasında son vaxtlar telefon və kompüterdən istifadə, həm oturaq həyat tərzi, həm də bütün diqqətlərini oyuna, kompüterə verdikləri üçün nəcis ifrazının əngəllənməsinə və qəbizliyə səbəb olur".