Su tapa bilməyən insanlar gigiyenik qaydalara uyğun olmayan şəbəkə suyu içməli olurlar
Türkiyədə baş verən dəhşətli zəlzələdən sonra yol kənarlarında yığılan zibil, içməli su çatışmazlığı və bundan qaynaqlanan gigiyena məsələləri ən böyük problemlər sırasındadır. Mütəxəssislər zəlzələdən zərər çəkən şəhərlərdə epidemiya riski ilə bağlı xəbərdarlıq edirlər ki, böyük fəlakətlərdən sonra qidalanma, gigiyena və təmiz içməli su çatışmazlığı epidemiyaya yol aça bilər.
Qeyd edək ki, Türkiyə Səhiyyə Nazirliyi mərkəzi Kahramanmaraşda olan 7.7 bal gücündəki zəlzələdən sonra bütün bölgələrdə infeksiya və epidemiya riskinə qarşı suyun intensiv xlorlanması, ishal şübhəsi olan hallarda erkən xəbərdarlıq üçün müntəzəm nümunələrin toplanması, quduzluq və tetanoz peyvəndlərinin çadırlara paylanması kimi tədbirlər görür.
Bölgədəki zəlzələ qurbanlarını və insanları infeksiya və epidemiya xəstəlik riskindən qorumaq üçün çalışan nazirlik, zəlzələdən zərər çəkmiş əyalətlərdə İctimai Səhiyyə Koordinasiya Mərkəzləri qurub. Bundan əlavə, əraziyə 80 min 516 tetanoz peyvəndi, 3 min doza tetanus zərdabı və quduz peyvəndi göndərilib.
Türkiyəni dərindən sarsıdan və 10 vilayətdə baş verən zəlzələlərdən sonra Klinik mikrobiologiya və yoluxucu xəstəliklər mütəxəssisi, professor Serhan Sakarya zəlzələ bölgələrində keçə biləcək epidemiya xəstəliklərə qarşı xəbərdarlıq edib: “Bölgədə gigiyenik şəraitin olmaması, pis yaşayış şəraiti, qrup halında yaşamaq, bölgədəki problemlər kimi risklərə görə vəba, dizenteriya, qaşınma, bit kimi yoluxucu xəstəliklərin yayılma riski yüksəkdir. İçməli su təchizatı, şəhər
kanalizasiyalarının su ilə qarışdırılması da ciddi problemlərdəndir. Bu istiqamətdə dərhal profilaktik addımlar atılmalıdır. Əks halda vəba belə yayıla bilər. Hansı ki bu xəstəliklər geniş yayılsa və ilk 6 saatda müdaxilə edilməsə, çox ciddi ölümlərə səbəb ola bilər”.
Professorun bölgədəki həmkarlarından əldə etdiyi məlumata görə, uşaq və böyüklərdə çox ciddi ishal yayılıb: “Sadəcə ishal deyil, qaşınma, bit kimi parazitar xəstəliklər də sağ qalan insanlarda görülür. Yaxşı sığınacaq imkanları olmadığı, pis şəraitdə və bir-birinə çox yaxın yaşadıqları üçün bu yoluxmalar normaldır. 10 gündür bu insanlar yuyuna bilmirlər. Ona görə də yoluxmalarda artım istisna deyil”.
İnfeksionist-hepatoloq Azər Nağıyev isə “Şərq”ə açıqlamasında deyib ki, bu cür təbii fəlakət ərazilərində qrip və pnevmoniya kimi xəstəliklərin yayılma riski artır. Su tapa bilməyən insanlar gigiyenik qaydalara uyğun olmayan şəbəkə suyu içməli olurlar ki, bu da dizenteriya riskinə səbəb ola bilər. Həkimin sözlərinə görə, dizenteriya əlamətləri və simptomları, əsasən infeksiyanın yayıldığı ərazidə ümumi təmizliyin keyfiyyətindən asılı olaraq, yüngüldən şiddətə qədər dəyişir:
“Dizenteriya infeksion bir xəstəlikdir. Əksər hallarda xəstəlik kəskin başlayır. Özünü diareya (tezləşmiş nəcis ifrazı) və intoksikasiya (qızdırma, halsızlıq və s.) ilə göstərir. Bədən temperaturu tez bir zamanda maksimal rəqəmlərədək (38-40° C) yüksəlir. Bu səviyyədə bir neçə saatdan 2-5 günə qədər qalır. Bu yoluxucu xəstəlik yaşlı insanlar və kiçik yaşlı uşaqlar üçün çox təhlükəlidir və mümkün qədər tez müalicə edilməlidir. Vaxtında müalicə edilmədiyi hallarda təəssüf ki, ölümlə nəticələnə bilir. Bu ölümcül xəstəliyin yaranmasının ən vacib səbəbi yaxşı yuyulmayan tərəvəz və meyvələrdir, ən əhəmiyyətlisi isə çirkli sudur. Həm yoluxucu, həm də təhlükəli olan bu xəstəliyə tutulmamaq üçün sanitar-gigiyenik qaydalara ciddi əməl edilməlidir. Dizenteriyanın əsas simptomları yüksək qızdırma, qanlı ishal, qarında ağrı, iştahsızlıq, ürəkbulanma, qusmadır. Dizenteriya çox ciddi xəstəlikdir”.