Fasiləsiz yuxu dərmanlarının qəbulu ciddi problemlər yaradır
Kaliforniya universitetinin alimləri yeni araşdırmada yuxugətirici dərmanların koqnitiv funksiyalara təsirini öyrənib. Onlar 3068 nəfər böyük yaşlı insanı 8-9 il müşahidə ediblər. İştirakçılar hər il anket dolduraraq nə qədər yuxu dərmanı içdiyini qeyd ediblər, eləcə də 3 ildən bir sağlamlıq vəziyyəti yoxlanılıb.
Bu müddət ərzində 20 faiz iştirakçıda demensiya inkişaf edib. Onların arasında 79 faiz demək olar ki, daimi olaraq yuxugətirici dərmanlar içib.
Heç dərman içməyənlər arasında isə cəmi 20 faiz demensiya olan müəyyən olunub. Bu səbəbdən həkimlər xəbərdarlıq edib ki, gələcək fəsadlardan qorunmaq üçün yuxugətirici dərmanlarla ehtiyatlı olun.
Nevroloq Sevinc Vəliyeva da “Şərq”ə açıqlamasında həkim məsləhəti olmadan istifadə edilən dərman vasitələrinin sağlamlıq üçün təhlükəli olduğunu deyib. Onun sözlərinə görə, xüsusən də yuxu dərmanlarının qəbulu nəticəsində tənəffüs, ürək, mədə-bağırsaq problemləri yarana bilər. Bəzən yuxu dərmanları xəstəyə sakitləşdirici təsir göstərir, bəzən də yuxunu daha da problemləşdirə, xəstədə ciddi şəkildə sinir və psixoloji problemlərə aparıb çıxara bilər: “Yuxu dərmanları adətən həkim resepti ilə satılır. Reseptsiz yuxu dərmanlarının satılması doğru deyil. Həkimlər isə yuxu dərmanlarını adətən uzun müddət yuxusuzluqdan əziyyət çəkən, gecələr yuxuya gedə bilməyən insanlara həkim tərəfindən yazırlar. Normal gündəlik yuxusunu yatan, lakin arada 1-2 gün yuxusuzluq çəkən insanın "mütləq yatmalıyam" deyib dərman qəbul etməsi düzgün deyil.
Həkimin sözlərinə görə, dərman insana normal yuxu yatan insan kimi təsir verməlidir. Ağır antidepresan və şizofreniya xəstələrinə yazılan yuxu dərmanları insana oyandıqdan sonra keylik verir. Uzun müddət dərmanın təsirində qalan insan özünü döyülmüş, fikrini toplaya bilməyən bir halda hiss edir. Ona görə, mümkün qədər belə dərmanların istifadəsindən uzaq durmaq lazımdır.
Melatonin tərkibli dərmanlar isə yuxuya getmə prosesini normallaşdırır, gecə yuxusunun keyfiyyətini və müddətini bərpa etməyə kömək edir. Əlavə olaraq, mənfi xarici faktorlara qarşı müqaviməti artırır. Melatoninin istifadəsi yorğunluğu, qıcıqlanmanı azaltmağa kömək edir və havadakı ani dəyişikliklərə uyğunlaşmağı asanlaşdırır: “Yuxu dərmanları və bu kimi sakitləşdirici dərmanları qəbul etmək bütün insanlar üçün eyni nəticəni verməz. İnsan var ki, çox sağlamdır və yuxu dərmanı onun normal yuxuya getməsinə və səhər normal oyanmasına kömək edir. İnsan da var ki, yuxuda boğulma, nəfəs daralması, kəskin xoruldamadan əziyyət çəkir. Belə insanların yuxu dərmanlarından istifadə etməsi məsləhət görülmür. Çünki gecə yuxunun ağırlığından oyana bilməyən insanda boğulma yarana bilər ki, bu da həyat üçün təhlükəlidir. Hər hansı bir xəstəliyin olub-olmamasını bilmədən yuxu dərmanı istifadə etmək olduqca təhlükəlidir”.