Bu xəstəlik daha çox kök, uzun müddət maşın sürən insanlarda müşahidə olunur
"18-20 yaşına qədər düzgün formalaşmayan əzələ-skeleti onurğa aralıqlarının tez daralaraq aradakı diskləri sıxaraq yırtıq yaranmasına səbəb olur"
“Son dövrlər insanların əsasən oturaq həyat şəraitinə meyilli olması ilə əlaqədar onurğa xəstəlikləri artıb. Demək olar, 20 yaşdan sonra əksər insanlarda ara-sıra bel ağrıları qeyd olunur. Bu da onurğa problemlərinin ilkin başlanğıc əlaməti kimi düşünülməlidir” . Bu sözləri Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, neyrocərrah Cəmil İsgəndərov deyib.
Nazirliyin sosial media hesablarına onurğa xəstəlikləri ilə bağlı gələn sualları cavablayan neyrocərrah əlavə edib ki, onurğanın ən çox rast gəlinən xəstəliklərindən biri fəqərəarası disklərin yırtıqlarıdır. Bundan əlavə, fəqərə sürüşmələri (spondilolistezlər), onurğa kanalının darlığı (stenozlar) da geniş yayılmış xəstəliklərdəndir.
Fəqərəarası disk yırtığının əsas əlamətlərinə gəldikdə isə C.İsgəndərov deyib ki, fəqərəarası disk yırtıqları onurğanın hansı nahiyəsində olmasından asılı olaraq müvafiq əlamətlərlə özünü göstərir: “Fəqərəarası disk yırtıqlarının əsas əlamətlərindən biri ağrı sindromudur. Onurğanın hansı nahiyəsində disk yırtığı yaranıbsa, həmin nahiyədə olan lokal-yerli ağrılarla yanaşı, adətən bu ağrılar sıxılmış sinir boyunca yayılması ilə xarakterizə olunur. Belə ki, boyun nahiyəsində olan yırtıqlar zamanı yuxarı ətraflarda (qollarda), bel nahiyəsində olduqda aşağı ətraflarda (ayaqlarda), onurğanın döş nahiyəsində olduqda isə qabırğalar boyunca yayılan ağrılar qeyd olunur. Ağrı sindromundan əlavə xəstələrdə müvafiq sinir boyunca hissiyat və hərəkət pozğunluqları da müşahidə oluna bilər ki, bu da onlarda yeriş pozğunluğuna, əmək qabiliyyətinin itirilməsinə gətirib çıxara bilir. Bu səbəbdən də xəstələrdə erkən mərhələlərdə düzgün diaqnozun qoyulması vacibdir. Xəstəliyin diaqnozu MRT (Maqnit Rezonans Tomoqrafiya) vasitəsilə qoyulur. Əgər xəstədə müvafiq klinik əlamətlər varsa, yəni fəqərəarası diskin yırtığına uyğun əlamətlər təyin olunursa, MRT müayinəsi mütləqdir. Bəzən xəstələr səhvən ilkin olaraq KT müayinəsindən keçərək bizə müraciət edirlər”.
Fizioterapevt Ramin Quliyev isə “Şərq”ə açıqlamasında deyib ki, fəqərəarası diskin elastik quruluşa malik olması onurğanın dayanıqlılığına, hərəkətliliyinə və yüklənmələrə qarşı davamlı olmasına, onurğaya təsir edən zərbə şəklindəki qüvvələrin dəf edilməsinə və qüvvənin ətraf toxumalara bərabər bir şəkildə ötürülməsinə xidmət edir.
Disklərin iç qismində pulpoz nüvə adlandırılan jeleyə bənzər yumşaq bir sahə, bunun ətrafında daha sərt bir fibroz həlqə, fəqərələrə baxan səthlərdə isə hər iki tərəfdə hailin lövhələr adlandırılan qığırdaq toxuması vardır. Xaricdəki təbəqənin anatomik tamlığının pozulması nəticəsində içəridəki yumşaq toxumanın xaricə doğru axmasına yırtıq deyilir. Bel yırtıqları 4 mərhələdə formalaşır: bulging (qabarma), protruziya, ekstruziya və sekvestr. Yırtıqlaşan, yəni xaricə doğru axan disk, daşma dərəcəsinə görə onurğa beyninin müvafiq sinirlərini sıxışdırır. Beləcə bel ağrısı ilə birlikdə sinir boyunca ayaqda ağrı, hissiyatın pozulması, ayaq zəifliyi kimi əlamətlər müşahidə olunur. Bundan başqa, yırtıqlaşmış diskdən ifraz olunan bəzi kimyəvi maddələr də sinir köklərinə təsir edərək ağrıya səbəb olurlar. Orqanizm yaşlandıqca fəqərələr arasındakı disklər elastikliyini və zərbəni dəfedici özəlliklərini itirir və degenerativ disk xəstəliyi şəklində yaşlanmanın təbii bir nəticəsi olaraq meydana çıxır”.
Həkimin sözlərinə görə, bel və boyun yırtığının meydana gəlmə səbəbini əvvəlcə 18 yaşına qədər ibarət olan onurğa yüksəklikləri, onurğaya yapışan bağ və əzələlərin güclü, yenə buradakı qan dövranının nizamlı olub-olmadığında axtarmaq lazımdır:
“Adamın genetik quruluşu, məsələn, doğuşdan bel nahiyəsindəki çuxurun daha çox olması, ombaya və ayaqlara düşən yükün çox olmasına yol açaraq bel nahiyəsində yırtığa səbəb ola bilər.
İrəli dövrlərdə meydana gələ biləcək bel və boyun yırtığının qorunmaq üçün uşaqlıq dövründə əzələ və skelet quruluşlarının qiymətləndirilməsi və ona uyğun məşq proqramının təqib edilməsi vacibdir. 18-20 yaşına qədər düzgün formalaşmayan əzələ-skeleti onurğa aralıqlarının tez daralaraq aradakı diskləri sıxaraq yırtıq yaranmasına səbəb olur. Uzun müddət oturmaq və ağır idman etmək də arxa və boyun sərtliyinə səbəb ola bilər. Boyun və bel yırtığı adətən ağır çəki qaldıran, texnoloji cihazlardan daha çox istifadə edən və uzun müddət maşın sürən insanlarda müşahidə edilir”.
R.Quliyev deyib ki, fəqərələrarası yırtığın əsas əlamətləri tək və ya hər iki aşağı ətrafa yayılan ağrılar, ayaqlarda uyuşmalar, hərəkət məhdudluğu, yeriyən və oturan zaman hiss olunan ağrılardır. Bel yırtığının pəncədə iflic, tez yorulma, sidik saxlaya bilməmək, yeriyə bilməmək kimi ağırlaşmaları meydana çıxa bilər:
“Bu simptomlar görüldüyündə sinir toxumasının ciddi dərəcədə sıxılmaya məruz qala biləcəyi nəzərə alınaraq, qısa müddət ərzində müayinə və müalicə üçün həkimə müraciət etməyiniz məsləhət görülür. Əks təqdirdə bu kimi hallarda bərpası çətin olan və ya mümkün olmayan fəsadlar əmələ gələ bilər. Onu da deyim ki, müasir diaqnostik metodlardan olan Maqnit Rezonans Tomoqrafiya (MRT) üsulu bel-fəqərə arası disk yırtıqlarının təyin edilməsində mühüm əhəmiyyətə malikdir.
Bəzi hallarda bel nahiyəsinin rentgen müayinəsində bel yırtığının olmasını, ölçülərini qeyd edirlər. Bu doğru deyil, çünki rentgenoqrafiya heç bir zaman disk yırtığının varlığı haqqında məlumat verə bilməz. Fəqərələrarası yırtığın diaqnozunun və müalicə taktikasının seçilməsində qızıl standart; həkimin kliniki müayinəsi və təcrübəsidir”.