Uşaqlar və körpələr arasında vərəm çoxalıb


Müalicə olunan xəstəlikdir, lakin xəstə nəzarətsiz və müalicəsiz qalarsa ölümə səbəb ola bilər

  Dünyada vərəm nadir görülən xəstəlik kimi qəbul edilsə də, pulmonoloqlar bu xəstəliyi Azərbaycan üçün real təhlükə mənbəyi kimi görürlər.  Mütəxəssislərin rəyinə görə, uşaqlar və hətta körpələr arasında vərəm çoxalıb. Bunun bir ucu COVİD-19 pandemiyasına toxunur. 2020-21-ci illərdə camaatın evdə qaldıgı vaxtlarda vərəm üzrə müayinələr aparılmadıgı üçün evlərdə, ailə üzvləri arasında yoluxma kəskin artıb. Çünki vərəmli xəstənin simptomları aşkara çıxana qədər o artıq ailədəkiləri yoluxdurur. Ev təmaslarının yoxlanılmaması üzündən indi biz uşaqlar və körpələr arasında vərəmin yayıldığını müşahidə edirik.
Pulmonoloq Həsən Həsənzadənin fikrincə, təcili tədbirlər görülməsə, vəziyyət qarşısıalınmaz hal alacaq: “Ölkəmizdə vərəm xəstəliyi ilə bağlı vəziyyət ciddi, təhlükəli hal alıb. Kimsə deməsin ki, mən qorunuram. Bu mövzuda ya cəmiyyət qorunmalıdır, kiminsə fərdi şəkildə qorunması artıq mümkün deyil.  Həyata keçirilən profilaktik tədbirlər,  aparılan müalicələr, müalicə edənlərin (istisnalar var) bu sahəyə aid  biliyi çox zəifdir. Maarifləndirmə yox səviyyəsindədir. Məcburi müalicə qanunları şərtdir! Xəstəliyi və xəstəliyini bilib gizlədən, müalicə almayan  xəstələr məsuliyyət daşımalıdır! Real  addımlar atılmalıdır, yoxsa çox gec olacaq”. 

  Vərəm əleyhinə QHT Koalisiyasının rəhbəri  Elçin Muxtarlının sözlərinə görə, COVİD-19 pandemiyasından əvvəl də, sonra da vərəm dünyada ən çox ölümə səbəb olan yoluxucu xəstəlikdir. Bu mövzuya sosial media hesabında toxunan E.Muxtarlı deyib ki, xəstəliklə mübarizədə səylərimizi birləşdirərək birgə mübarizə aparmaq məqsədilə hər il 24 Mart Dünya Vərəmlə Mübarizə günü kimi qeyd olunur: “Dünyada olan vərəm xəstələrinin 87 faizini 30 ölkə təşkil edir. Hindistan, Nigeriya, Banqladeş, Cənubi Afrika, Filippin kimi ölkələrin olduğu bu siyahıda təəssüf ki, Azərbaycanın adı da çəkilir. Vərəmin müalicəsi var və tam sağala bilən xəstəlikdir. Buna rəğmən  vərəmdən hər dəqiqədə ən azı 2 nəfər dünyasını dəyişir.
  Vərəmdən Azərbaycanda bugünə kimi (2022 ilə istinadən) 52 nəfər ölüb.  Vərəm Bərdə və ətraf rayonlarda pandemiya vəziyyətindədir. Çox təəssüf ki, bir çoxları  vərəm olduqlarını gizlədir.  İctimai nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə daha tez yoluxma baş verə bilir. Vərəmə qarşı ciddi tədbir görülməzsə, o, COVİD-dən daha təhlükəli səviyyəyə gəlib çata bilər. Biz, vətəndaş cəmiyyəti, dövlətimizlə birgə vərəmlə mübarizə işini gücləndirəcəyik.  Vərəm xəstəliyinin artmasının qarşısını almaq üçün QHT-lərə daha geniş imkanlar yaradılmalıdır. QHT-lər, ictimai vəkil kimi yeri gəldikdə hətta təmənnasız vətəndaşa qayğı göstərir və onun haqq və hüquqlarını canıyananlıqla müdafiə edir.

  Həkim-terapevt Günel Fətəliyeva isə “Şərq”ə açıqlamasında deyib ki, vərəm “mykobakterium tuberculosis”, başqa sözlə, vərəm çöpləri tərəfindən törədilən infeksion xəstəlikdir. Vərəm hava-damcı infeksiyasıdır, yoluxma tənəffüs yolları ilə baş verir: “Xəstə şəxs danışanda, öskürəndə və asqıranda tənəffüs yollarından ətraf mühitə çoxlu damlacıqlar səpələnir və nəfəsalma ilə ətrafdakı sağlam şəxslərin tənəffüs yollarına daxil olur. Beləliklə, orqanizm vərəm çöpü ilə qarşılaşır və infeksiyalaşır.  Lakin hamıda mütləq vərəm xəstəliyi inkişaf etmir. Orqanizmin immun sistemi mikroba müqavimət göstərir. Sonralar hər hansı bir səbəbdən immun sistem zəifləyərsə, vərəm çöpləri aktivləşir, müxtəlif orqanlara hücum edərək xəstəlik törədir. Vərəm bədəndə yayılıb bir çox orqanları zədələyə bilər. Lakin giriş qapısı tənəffüs yolları olduğundan ağciyər vərəminə daha çox rast gəlinir”. 
  G.Fətəliyevanın sözlərinə görə, vərəm müalicə olunan xəstəlikdir, lakin xəstə nəzarətsiz və müalicəsiz qalarsa, ölümə səbəb ola bilər. 
Vərəmə şübhə yaradan əsas  əlamətlərə gəldikdə isə terapevt deyib ki, uzun müddət davam edən quru öskürək, döş qəfəsində ağrılar, axşamlar hərarətin yüksəlməsi, halsızlıq, gecə tərləmələri, iştahın azalması, bədən çəkisinin azalması, bəlğəmdə qan, təngnəfəslik— xəstəlik xeyli irəlilədikdə yaranır:
“Risk qrupuna 5 yaşdan kiçik uşaqlar və 65 yaşdan yuxarı yaşlılar, şəkərli diabet xəstələri, Hiv infeksiyasına yoluxanlar, Kortikosteroidlə müalicə olunanlar (bronxial astma və revmatoloji xəstələr), onkoloji xəstələr, dializdə olanlar, orqan transplantasiyası edənlər, alkoqollar, siqaret çəkənlər, narkomanlar, evsizlər, yataqxanada qalanlar,
qaçqınlar, miqrantlar, məhkumlar, vərəm xəstəsi ilə kontaktda olanlar aiddir. 
  Risk qrupuna daxil olanlar tibb müəssisələrində ciddi nəzarətə götürülür və müvafiq profilaktika tədbirləri aparılır. Risk qrupuna daxil olmayanlar vərəmlə xəstələnməmək üçün sağlam həyat tərzi keçirməli, zərərli vərdişlərdən (alkoqol qəbulu, siqaretçəkmə)  uzaq olmalı, düzgün qidalanmalı və düzgün yuxu rejimində olmalıdırlar”.