Türkiyə ilə yeni bir yola çıxırıq
İqtisadiyyat Nazirliyi yanında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan Pirallahı Sənaye Parkında qabaqcıl texnologiyalara əsaslanan, ilkin investisiya dəyəri 35 milyon ABŞ dolları və ilk mərhələdə illik istehsal gücü 35 milyon qutu təşkil edəcək yeni əczaçılıq məhsullarının istehsalı zavodu tikiləcək.
Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün tviter hesabında bildirib.
O qeyd edib ki, “Azərbaycan İnvestisiya Şirkəti” ASC və Türkiyənin “Gen İlaç ve Sağlık Ürünleri Sanayi ve Ticaret A.Ş” şirkəti arasında tərəfdaşlıq və birgə iştirak müqaviləsi imzalanıb: "Qardaş ölkə ilə iqtisadi əlaqələrimizin bütün sahələrdə güclənməsi üçün müştərək təşəbbüslərimiz davamlı olacaq".
Təşəbbüsü yüksək qiymətləndirən iqtisadçı ekspert Fuad İbrahimov "Sherg.az"a bildirib ki, vətəndaşlarımız Azərbaycandakı dərman qiymətlərinin Türkiyədən 3-4 dəfə baha olmasından hər zaman gileylənib:
"Əslində əgər inhisarçılıq hökm sürməzsə və istehsaldan sonra piştaxtalara gedən yolda problem yaranmazsa, bu birinci növbədə qiymətlərə müsbət təsir edəcək. Yəni istehlakçıların daha ucuz qiymətə dərman əldə edə biləcək. Çünki istehlakçının xərcinin azalması dövlət siyasətində prioritet olan məqamlardan biridir. Yuxarda da qeyd etdiyim kimi, əgər inhisarçılığa məruz qalmasa bu addım nəticəsində beynəlxalq standartlara uyğun istehsal olunan dərman preparatlarında ucuzlaşma ola bilər".