Bir vaksinlə uşağı 5 xəstəlikdən qorumaq olur
Bakı Baş Səhiyyə Mərkəzinin nəzdində olan 19 nömrəli Uşaq Poliklinikasında yenilənən peyvənd otaqlarına valideyn turu təşkil olunub.
TƏBİB-dən “Sherg.az"a bildirilib ki, tibb müəssisəsinin həkim-immunoloqu Meyxanım Nəzirzadə valideynləri peyvənd otaqları ilə tanış edib, “soyuqzəncir” sistemi barədə məlumat verib: “Soyuq zəncir” vaksinlərin istehsalçıdan başlayaraq tətbiq anına qədər düzgün saxlanılması və paylanılmasını təmin edən qaydalar tolusudur. Peyvəndlər həssas maddələr olduğu üçün onların saxlanılması üçün optimal, +2 və +6 temperatur diapazonunda olmalıdır”.
Mütəxəssis peyvənd otağındakı avadanlıqlar barəsində də ətraflı məlumat verib.
Valideynlərin diqqətinə çatdırılıb ki, peyvəndlər tibb müəssisələrinə tam sterilizasiya şəraitində gətirilir və xüsusi soyuducularda təyin edilən qaydalara, dərəcəyə uyğun olaraq saxlanılır: “Avadanlıqlar iki qrupa ayrılır. Birincisi, “soyuq zəncir”lərin daşınması üçün istifadə olunan daşıyıcı peyvənd qutuları, digəri isə onların saxlanılması üçün istifadə olunan soyuducular”.
Daha sonra isə həkim-immunoloq valideynlərə uşaqlara vurulan peyvəndlər haqqında ümumi məlumatlar verib, onların suallarını cavablandırıb: “Uşaq ilk dəfə peyvəndlə doğum evində tanış olur. Ona vərəm əleyhinə və hepatit peyvəndi vurulur. Uşaqlar poliklinikada qeydiyyata düşdükdən sonra isə ikinci ayından etibarən uşaq Ümumdünya Səhiyyə Təşkilatının tərtib etdiyi vaksinasiya cədvəlinə uyğun olaraq peyvəndləməyə cəlb edilir. Bir vaksinlə uşağı 5 xəstəlikdən qorumaq olur”.
Həkimin sözlərinə görə, peyvənd olunan uşaqda yüngül reaksiyaların olması normaldır: “Qızdırma orqanizmin peyvəndə immun cavabıdır. Bəzi uşaqda ümumiyyətlə reaksiya olmaya, digər uşağın isə yüngül temperaturu ola bilər”.