Bunlar gözaltı qaralardan xilas edir
Gözlərin altının qaralması, göz altının “torbalanması” qadınlar üçün qorxuncdur. Qadınlar bunu qocalığın ilk əlaməti sayır və hər vəchlə ondan qurtulmağa çalışırlar. Təkcə qadınlar deyil, kişilər də son dönəmlərdə özlərinə ciddi qulluq etməyə başlayıblar və onlar üçün də gözaltı qaralmalar və “torbacıqlar” böyük problemdir.
“Sherg.az” “Milliyyet.com.tr”yə istinadən xanımlarımıza mütəxəssislərin məsləhətlərini təqdim edir. Mütəxəssislər bildirir ki, bu problemlərdən ev şəraitində xilas olmaq mümkündür. Bu işi bahalı kremlər, preparatlarsız da həll etmək olar. Xanımları və kişiləri gözaltı qaralmalardan xilas edəcək təbii vasitələr az qala hər evdə mövcuddur. Gözlərin altına soyuq kompress bu üsullardan biridir. Soyuq kompress damarların yığılmasına səbəb olur ki, nəticədə gözaltı qaralmalar da silinib gedir. Bunun üçün təmiz əl-üz dəsmalı və ya ağ bez parçanı buzlu suya salıb çıxardıqdan sonra gözlərin altına qoymaq lazımdır. Bundan əlavə adi çay və ya xörək qaşığını da soyuducunun buzxanasında bir qədər saxlayıb, sonra gözlərin altına qoymaq olar. Amma buz kimi qaşığı 1 dəqiqədən artıq göz altında saxlamaq lazım deyil. Sadəcə, 1 dəqiqə kifayətdir. Bu üsulu bir neçə gün aralıqla etmək olar. Kartof da gözaltı qaralarının yox edilməsi üçün yaxşı vasitədir. Kartofun tərkibindəki nişasta qara rəngi soldurur. Xüsusən səhərlər kartofu nazik dilimləyərək göz altına qoymaq və 5-10 dəqiqə saxlamaq olar. Birdəfəlik istifadə edilən kiçik çay paketləri də gözlərin altında əmələ gələn qaraltıları aradan qaldırır. İstifadə etdiyiniz qara çay, yaşıl çay, müxtəlif bitki çaylarının paketlərini atmayın, yatmazdan öncə gözlərinizin altına qoyun, 10 dəqiqə saxlayıb götürün. Dəmlənmiş çayı da təxminən eyni qaydada istifadə etmək olar. Çayın dəmini bir qaba töküb pambığı isladıb göz altına qoymaq faydalıdır. Bu üsullar gün ərzində komputer qarşısında əyləşənlər üçün də keçərlidir. Gözün yorğunluğunu aradan qaldırır. Həmçinin xiyar dilimləri, aloye-vera bitkisi də gözaltı qaralmaları da aparır, gözdəki şişkinliyi aradan qaldırır.