Professor: Cavan yaşda xərçəng yaşlılardan daha aqressiv olur

Kimdə ki immunitet həmin hüceyrəni məhv edə bilmir, o zaman xərçəng xəstəliyi əmələ gəlir


  Uzun müddət qan xərçəngindən (leykoz) əziyyət çəkən İbrahim Fərhadlı vəfat edib.
Sağalması üçün kampaniyalar təşkil edilən, İstanbul Texniki Universitetinin tələbəsi İ.Fərhadlı xərçənglə mübarizədə məğlub olub.
Qeyd edək ki, İbrahim Fərhadlı üçün xeyli müddət müxtəlif yardım kampaniyası başladılıb. İ.Fərhadlıya azarkeşi olduğu "Beşiktaş" klubundan da dəstək gəlib.
  Azərbaycanlı tələbənin azarkeşi olduğu klubun futbolçuları - Mario Qomeş, Olcay Şahan, Gökhan Töre, Günay Güvenç, Cenk Tosun və Tolqa Zengin 22 yaşlı gəncə dəstək mesajı yayımlayıblar. Üstəlik, "Beşiktaş" futbolçuları imzaladıqları formanı İ.Fərhadlıya göndəriblər.
Qeyd edək ki, Bakı Dövlət Universitetinin məzunu olan İ.Fərhadlı təhsilini İstanbul Texniki Universitetində ətraf mühit mühəndisliyi üzrə davam etdirib. Burun qanaxması nəticəsində xəstəxanaya aparılan azərbaycanlı gəncə xərçəng diaqnozu qoyulub. Türkiyə vətəndaşı və sosial təminatı olmadığı üçün müalicə özəl klinikada aparılıb. O, doğulduğu Ağdaş rayonunda dəfn edilib.
  Bir neçə gün əvvəl isə Vətən müharibəsi iştirakçısı Fərid Kərimli xərçəng xəstəliyindən vəfat edib. 1996-cı ildə Qazax rayonunun Bala Çaylı kəndində anadan olan Fərid Vətən müharibəsindən sonra qan xərçənginə tutulub. O, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif edilib.
  
Son illər xərçəng xəstəliyinin gənclər arasında geniş yayıldığını təsdiqləyən professor Adil Qeybullanın "Sherg.az"a sözlərinə görə, xəstəliyin gənclər arasında çoxalmasının müxtəlif səbəbləri var: 
“Bunlar arasında son vaxtlar qidalanma rejimi, ekoloji problemlər, stress və bir də gənclərin siqaret çəkməsi, alkoqollu içkilərə aludə olmasıyla bağlıdır. Ümumiyyətlə, sağlam həyat tərzi, sağlam qidalanma nə qədər öz yerini bu cür təhlükəli həyat tərzinə verəcəksə (oturaq həyat tərzi, çox yemək, keyfiyyətsiz yemək, az hərəkət etmək və s.), o zaman xərçəng xəstəliyinin yaranması üçün də şərait yaranacaq. Hazırda gənclər arasında ürək-damar xəstəliyinin yaşı xeyli azalıb, xərçəngin də olması təbiidir”.
  
Professor əlavə edib ki, müasir dövrün bəlasına çevrilən faktorlardan biri də hərəkətsizlikdir: 
"Hər kəsin, xüsusilə də gənclərin ən sevimli məşğuliyyəti olan mobil telefonlar, kompüterlər və s. xəbərləri olmadan onlara çox böyük zərər vurur. Saatlarla bu elektronik avadanlıqla məşğul olarkən orqanizm həm hərəkətsizliyə, həm də şüaya məruz qalır. Hərəkətsizlikdən orqanizmin zəifləməyi ilə yanaşı, artıq çəki də yaranır. Bunlar da ciddi xəstəliklərin, o cümlədən xərçəngin yaranmasına səbəb olur".
  A.Qeybullanın sözlərinə görə, hər bir insan həyatının müəyyən hissəsində xərçəng hüceyrəsi ilə qarşılaşır. İnsan immuniteti zədəli hüceyrəni tutub məhv edə bilir: “Kimdə ki immunitet həmin hüceyrəni məhv edə bilmir, o zaman xərçəng xəstəliyi əmələ gəlir. Cavan adamda xərçəng yaşlılardan daha aqressiv gedişli olur”.