Türkiyəli həkimlər dünya tibb elmini heyrətləndirən əməliyyata imza atıb. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, 56 yaşlı Mustafa Çakıl Ankarada özəl xəstəxanaların birində əməliyyat olunub, bir həftə sonra isə normal yaşayışına davam edib. Bu haqda M.Çakıl “NTV”-yə danışıb: “10 gün əvvəl əməliyyat olundum. Ürəyimin damarlarını dəyişdilər. Amma heç kəs mənə inanmır. Deyirlər, göstər görək əməliyyatın yerini. Göstərirəm, elə bilirlər zarafat edirəm, ələ salıram onları. Sinəmdə əməliyyatın kiçicik bir izi var. 2 santimetr kəsib həkim, oradan ürəyə yol tapıb, damarları dəyişib. 10 günə sağaldım. İndi maşın da sürürəm”.
Əməliyyat haqqında məlumat verən tibb üzrə professor Sərkan Durdu bildirib ki, bu əməliyyatın tibb tarixinə yazılması üçün müraciət edilib: “56 yaşlı pasiyentimizin aorta qapağı, şah damarı, aorta damarının kökü və aorta damarının özü 2 santimetrlik bir kəsikdən dəyişdirildi. Əməliyyat zamanı tibb tarixində ilk dəfə olaraq ürəyin aorta qapağı bioloji qapaqla, damarlar da bioloji damarlarla əvəzlənib. Ürək əməliyyatlarından sonra xəstələr ən azı 45 günə sağalır. Bizim pasiyentimiz isə 10 gün ərzində ayağa qalxdı və normal yaşayışına döndü. Bu əməliyyat tibbi ədəbiyyata yazılmalıdır”.