Elektron reseptin vətəndaşa xeyri olacaq -Rəy

Bunun üçün apteklərin də sistemə qoşulması lazımdır

Elektron resept sistemi daim işlək vəziyyətdə olmayacaqsa, müayinə və müalicə üçün müraciətlər zamanı uzun növbələr yarana bilər


  Elektron resept kağız dövriyyəsini aradan qaldıracaq və həkimlər vətəndaşlara elektronlaşdırılmış, daha operativ şəkildə xidmət göstərəcəklər. Eyni zamanda elektron resept  vətəndaşların tibbi məlumatlarına əlçatanlığını, tibb mütəxəssislərinin daha effektiv xidmət göstərməsini və dərman dövriyyəsinə nəzarətin gücləndirilməsini təmin edir. Bu barədə Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzinin şöbə müdiri Səid Fərzullayev danışıb. Onun sözlərinə görə, elektron resept reseptlərin oxunaqlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilən dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşdırmağa imkan verəcək. 
  Qeyd edək ki, elektron resept dövlət tibb müəssisələrində, ambulator tipli məntəqələrdə tətbiq edilir. 

Elektron resept barədə “Sherg.az”a danışan həkim-terapevt Şahvələd Məmmədov qeyd etdi ki, bunu vətəndaşa xeyri olacaq: 
- Elektron reseptin üstünlüyü budur ki, vətəndaşın hansı xəstəliyə  qarşı hansı müalicə aldığı, hansı dərman preparatlarından istifadə etdiyi bilinəcək. Müalicə həkiminin bu məlumatlara çıxışı olacaq. İndiyədək hər bir vətəndaşın yerli poliklinika şöbələrində adına açılmış tibb kitabçası vardı. Orda şəxsin vurduğu peyvəndlər, keçirdiyi xəstəliklər haqqında məlumatlar, verdiyi analizlərin, müayinələrinin cavabları toplanırdı. Elektron resept sisteminin üstünlüyü budur ki, bu sistem sayəsində vətəndaşın müalicəsi barədə məlumatlar orada qeyd ediləcək, həkim pasiyentə müalicə təyin edəndə, indiyədək  qəbul etdiyi dərman preparatları haqqında da məlumat əldə edəcək və növbəti müalicəni bu dərman preparatlarına uyğun, onlardan irəli gələrək təyin edəcək. Elektron resept sistemi haqqında Səhiyyə Nazirliyinin rəsmiləri məlumat verərək bildiriblər ki, E-Resept sistemi Azərbaycanın tibb müəssisələrində vətəndaşlara verilən reseptlərin elektron qeydiyyatını nəzərdə tutur. Bu, reseptlərin oxunağlığını və ya səhv şərhini aradan qaldıracaq, əvvəllər təyin edilmiş dərmanların tarixini görməyə, dərmanlar arasında arzuolunmaz uyğunsuzluğun qarşısını almağa, dəqiq dozaları göstərməyə, habelə Xəstəliklərin Beynəlxalq Təsnifatına əsaslanan diaqnozlara uyğunlaşmağa imkan verəcək. Bu da öz növbəsində, buraxılmış diaqnozları beynəlxalq təsnifata və vətəndaşların sağlamlığının sonrakı təhlilinə uyğunlaşdırmağa imkan yaradacaq. Dərman vasitələrinin yenilənmiş reyestri ölkə miqyasında makroanaliz üçün əsas olacaq. Belə ki, dərman vasitələrinin mövcudluğu və tələbat, dərman preparatlarını kimə və hansı diaqnoz üçün təyin etmiş həkimlər barədə dolğun məlumat olacaq. Bu həm də, dərman satışı sahəsində aparılan əməliyyatlara nəzarətin gücləndirilməsi, o cümlədən saxta məhsulların yayılmasının qarşısının alınması nəticəsində əlavə iqtisadi effekt yaradacaq. Nazirlər Kabinetinin müvafiq Qərarına əsasən, Səhiyyə Nazirliyi bu ilin sonunadək elektron resept sisteminin tətbiqinə başlamalıdır. 
 
 Bununla belə Ş.Məmmədov hesab edir ki, elektron resept haqqında əhaliyə ətraflı məlumat verilməlidir. Bunu isə yerli poliklinika şöbələri edə bilər: 
- Vətəndaş bilməlidir ki, elektron sistem nədir, ondan necə istifadə edəcək. Bildiyim qədər elektron sistemin tətbiqi zamanı, məsələn, apteklərdən buraxılan dərmanlar dərhal sistemə oturmalıdır. Bunun üçün apteklərin də sistemə qoşulması lazımdır. Satış həyata keçirilən kimi hansı dərmanın hansı qiymətə satıldığı sistemdə qeydə alınmalıdır. Bütün apteklər bu sistemə qoşulacaqmı, vətəndaş ona dərman preparatının dövlətin təyin etdiyi qiymətə satıldığını bilmək imkanı əldə edəcəkmi? Bunlar konkretləşdirilməli məsələlərdir. Vətəndaşa başa salmaq lazımdır ki, elektron reseptin hansı üstün cəhətləri, hansı faydaları var.  Həm də elektron resept sistemi daim işlək vəziyyətdə olmayacaqsa, müayinə və müalicə üçün müraciətlər zamanı uzun növbələr yarana bilər. Elə etmək lazımdır ki, vətəndaş – pasiyent saatlarla həkim qəbulunda gözləməsin.