Tovuzda əqrəb kənd sakinini sancıb. Hadisə rayonun Qəribli kəndində baş verib.
Kənd sakini 24 yaşlı Aygün Hacıyeva yaşadığı evdə yorğan-döşəklərini sahmana salarkən onu ayaq nahiyəsindən əqrəb sancıb. Yaralı dərhal ailə üzvlərinin köməyi ilə Tovuz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Həkimlər tərəfindən ona ilkin tibbi yardım göstərilib. Hazırda xəstənin vəziyyəti stabildir.
Sual yaranır. Belə hallarda xəstəyə ilkin tibbi yardım olaraq necə kömək edə bilərik?
Məsələ ilə bağlı danışan professor Adil Qeybulla “Sherg.az"a açıqlamasında deyib ki, sürünənlərin - arıların, əqrəblərin, ilanların, hörümcəklərin sancması nəticəsində bədənə müxtəlif tərkibli zəhərlər daxil olur:
"Bu zəhərlərin intensivliyi fərqlidir. Məsələn, əqrəblərin, Zaqafqaziya gürzəsinin zəhəri təhlükəlidir. İlk növbədə sancan heyvanın nə olduğu aydınlaşdırılmalıdır. Onun antitotu mütləq vurulmalıdır ki, zəhər neytrallaşdırılsın. Bu zaman panikaya düşmək, həyəcanlanmaq olmaz. Çünki qan dövranı sürətlənir və zəhər bədənə daha tez yayılır. Əksinə, həmin şəxs sakit tərzdə uzadılmalı, həmin zona antiseptiklərlə təmizlənməlidir. Qanla məhdudlaşması üçün yuxarı doğru juqut qoyulub sıxılmalıdır. Daha sonra dərhal həkimə çatdırılmalıdır. Bəzən bu heyvanlar zəhəri bədənə tam, öldürücü dozada buraxmırlar. Lakin buna arxayın olmamalıyıq. Hər kəsin həyatında 1 dəfə də olsun bu cür hadisələr baş verib. Ona görə də bu qaydaları bilməliyik. Toksiki natib zəhərin təbii şəkildə bədənə yeridilməsi dərhal allergik reaksiya yaradır. Bəzi həssas adamlarda anafilaktik şok yaradır. Hətta ölümə gətirib çıxara bilər. Bu səbəbdən ciddi yanaşmaq lazımdır".