Alimlər zəlilərdən təsirlənərək insanlarda qan toplanmasını asanlaşdıracaq yeni bir cihaz hazırlayıblar.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, İsveçrə Federal Texnologiya İnstitutunun alimləri tərəfindən hazırlanmış cihaz xəstənin yuxarı qoluna və ya kürəyinə yerləşdirilir.
Sorma fincanı formalı qabın içərisində kənardan kiçik təzyiq tətbiq edildikdə dəriyə nüfuz edən mikro iynələr var. Beləcə cihaz, sözün əsl mənasında, damarlardan qanı qısa müddətdə qaba doldurur. “Advanced Science” jurnalında dərc edilən araşdırmada cihazın qiymətinin çox ucuz olduğu, buna görə də malyariya kimi xəstəliklərlə mübarizə aparan yoxsul Afrika ölkələrində effektiv şəkildə istifadə oluna biləcəyi vurğulanıb. Bundan əlavə, konteynerin içindəki mikro iynələr qan toplamaqda istifadə olunan böyük iynələrlə müqayisədə yaralanma riskini minimuma endirir.
Alimlər əslində cihazı başqa bir araşdırmaya əsaslanaraq dizayn etdiklərini bildirib. Onlar bəzi dərmanları ağızın içini örtən selikli qişa vasitəsilə qana daşıyan bir vantuz hazırlayarkən, belə bir cihazın qan toplama prosedurlarında istifadə edilə biləcəyini də anladıqlarını ifadə ediblər. 2,5 santimetrlik qabın xarici hissəsi silikondan, mikro iynələr isə poladdan hazırlanıb. Bununla belə, tədqiqatçılar gələcəkdə onu tamamilə təkrar istifadə edilə bilən materiallardan istehsal etməyi hədəfləyirlər.