Professor təsdiqlədi: Kassa çekləri ələ və qidaya dəyməməlidir

Onları uzun müddət saxlamaq məsləhət deyil, mürəkkəbin tərkibində “Bisfenol A” maddəsi var

“Bisfenol A” nəfəs yollarına gedərsə, onun insan orqanizminə ciddi zərərləri ola bilər
 
 
 Gündəlik alış-veriş zamanı əldə etdiyimiz kassa çeklərinin üzərində insan sağlamlığı üçün təhlükəli maddələr var. Belə ki, həmin çeklər isti ilə birbaşa təmasa girdikdə rənginin qaraldığı müşahidə olunur. Lakin adi kağızlarda bu belə deyil. Bu fikri Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov səsləndirib.
 ƏDV qəbzlərindəki boyanın zəhərli maddə olduğunu vurğulayan AİB sədri bildirib ki, qəbzlər uzun müddət qalarsa, islanarsa, sonsuzluq və xərçəng xəstəliklərinə səbəb ola bilər.
 Həmçinin mütəxəssis onu da vurğulayıb ki, kağızlara azca istilik versək qaralacaq. Məsləhətdir ki, qəbzləri yığıb saxlamayın: “Həmin çeklər termohəssas kağızlardan hazırlanıb. Faksda istifadə olunan kağızlar da bu cürdür. Rəngləyici materialların tərkibində qurğuşun var. Qurğuşun isə ağır metaldır, insan bədənində toplaşarsa, oynaqlarda və s. çox ciddi fəsadlara səbəb ola bilər. Ümumiyyətlə, ağır metallar insan orqanizmi üçün çox zərərlidir. Həmçinin bu çeklərdə “Bisfenol A” maddəsindən istifadə olunduğu da bildirilir. Bu isə əllə təmas zamanı çox təhlükəlidir”.

 Professor Adil Qeybulla da “Sherg.az”a açıqlamasında deyib ki, çeklər ələ və qidaya dəyməməlidir. Həmçinin onları uzun müddət saxlamaq da məsləhət deyil:
 
“Kassa çeklərindəki mürəkkəbin tərkibində “Bisfenol A” maddəsi var. Həmin məhlulun isə insan sağlamlığına ciddi zərərləri ola biləcəyi aşkarlanıb. Beynəlxalq araşdırmaçı alimlər “Bisfenol A”nın beyin inkişafının gecikməsinə, autizmə, şəkərli diabetin inkişafına gətirib çıxardığını bildirirlər. Qeyd edirlər ki, kassa qəbzlərinin tərkibindəki  maddə  hormon asılılıqlı və onkoloji xəstəliklərə, sonsuzluğa, autizmə, piylənməyə və sair  mənfi hallara səbəb ola bilər.  Onu da deyim ki, “Bisfenol A” kassa çekləri ilə yanaşı, bəzi plasmastların tərkibində də olur.  Bu maddə birbaşa insan dərisi ilə təmasda olarsa, insan orqanizminə pis təsir edə bilər. Kassa çekləri, əslində, iki növdə olur. Bunlardan biri adi ofset kağızıdır. Ofset kağızdan olan kassa çeklərinə ölkədə çox az rast gəlinir. Digəri isə termo kağızlardır ki, ölkəmizdə daha çox bu qəbildən olan kağızlardan istifadə olunur.
 Bu maddə daha geniş yayılıb və onu avtomobillərin hissələrində də tapmaq mümkündür. Əgər “Bisfenol A” nəfəs yollarına gedərsə, onun insan orqanizminə ciddi zərərləri ola bilər. Biz sözügedən çeklərə toxunduqdan sonra əllərimizi yumadan qida qəbul edəriksə, orqanizmə ziyanı ola bilər. Çeklər nəm şəkildə dəriyə nüfuz edərsə, tez bir zamanda əllər yuyulmalıdır. Əlinizi yumadığınız təqdirdə saatlarla bu maddə dərimizdə qalarsa, dərinin məsamələrindən qana nüfuz edərək beyin inkişafına, xroniki xəstəliklərin oyanmasına, şəkərli diabetlərdə şəkərin qalxmasına və s. səbəb ola bilər”.