Nəinki Azərbaycanda, bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur
İctimaiyyətin duz qəbulunu azaltmaq barədə maarifləndirilməsi üzrə kampaniyalar aparılmalıdır
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Avropa regionunda əksər insanlar həddindən artıq çox duz istifadə edir və 30-79 yaş arası hər üç yetkin şəxsdən biri hipertoniyadan, yəni yüksək qan təzyiqindən əziyyət çəkir.
Trend xəbər verir ki, bu barədə ÜST-nin Avropa Regional Bürosunun "Duzla və hipertoniya ilə mübarizə" mövzusunda hesabatında deyilir.
ÜST-nin məlumatına əsasən, yüksək duz qəbulu infarkt və insult kimi ürək-damar xəstəlikləri (ÜDX) riskinin əsas faktoru olan qan təzyiqini artırır. Tədqiqatda qeyd olunur ki, Avropa regionunun təqribən bütün ölkələrində (53 ölkədən 51-də) duzun gündəlik istifadəsi ÜST tərəfindən tövsiyə olunan maksimum səviyyədən gündəlik 5 qram (təqribən 1 çay qaşığı) çoxdur. Qeyd edilib ki, duzdan istifadənin 25 faiz azaldılması üzrə məqsədyönlü siyasətin həyata keçirilməsi qiymətləndirmələrə görə 2030-cu ilədək 900 min insan həyatını ÜDX-dən xilas edə bilər:
"ÜDX Avropa regionunda əlilliyin və erkən ölümün əsas səbəbidir. Belə ki, hər il ölüm hallarının 42,5 faizdən çoxu buna görə baş verir. Bu o deməkdir ki, hər gün 10 min nəfər bu səbəbdən ölür. Regionda kişilər arasında ÜDX səbəbindən ölüm ehtimalı qadınlarla müqayisədə təqribən 2,5 dəfə yüksəkdir. Həmçinin coğrafi fərqlilik də mövcuddur - Şərqi Avropada və Mərkəzi Asiyada cavan yaşda (30-69 yaş) ÜDX səbəbindən ölüm ehtimalı Qərbi Avropa ilə müqayisədə təqribən 5 dəfə yüksəkdir. Dünyada arterial təzyiqin ən yüksək yayılma səviyyəsi Avropa regionunda qeydə alınıb".
Beləliklə, ÜST-nin yeni hesabatında qeyd olunur ki, mütləq siyasət çərçivəsində qida məhsullarının tərkibində duzun miqdarı üzrə məhdudiyyətlər müəyyən edilməli və dəqiq markalanma tələb olunmalı, eləcə də, ictimaiyyətin duz qəbulunu azaltmaq barədə maarifləndirilməsi üzrə kampaniyalar aparılmalıdır.
Tərkibində yüksək miqdarda duz olan məhsullardan gəlir əldə edən qida sənayesinin mübarizəsinə baxmayaraq, bu tədbirlər ictimai səhiyyə üçün həlledici əhəmiyyət kəsb edə və insan həyatlarını xilas edə bilər.
Cərrah İlham Məmmədov da “Sherg.az”a açıqlamasında son vaxtlar bütün dünyada ürək-damar xəstəliklərinin artmasından və cavanlaşmasından bəhs edib. Həkimin sözlərinə görə, sadəcə bizdə deyil, hazırda bütün dünyada ürək-damar xəstəliklərinin artması müşahidə olunur:
“Gənc yaşlarda infarkt aşkarlandıqda həkimlər, ilk olaraq xəstənin narkotik qəbul etməsindən şübhələnirlər. Bir gəncdə genetik ürək xəstəliyi faktoru yoxdursa, o, ən çox narkotik və enerji içkilərindən istifadə etdiyi üçün infarkt ola bilər. İndi bütün dünyada, o cümlədən də Azərbaycanda narkotik vasitələrin istifadəsi ilə əlaqədar olaraq miokard infarktında gəncləşmə müşahidə edilir”.
Mütəxəssis deyib ki, şəkər, xolesterin yüksəkliyi, stress faktoru, zərərli vərdişlər, yüksək dozalı spirtli və enerji içkiləri, "fast food"dan müntəzəm istifadə, qidalanmanın pozulması ürək xəstəliklərinin yaranmasına səbəb olur:
“Bundan başqa, son zamanlar Azərbaycanda da olduğu kimi bütün dünyada oturaq həyat tərzi artıb. İnsanlar piyada deyil, maşınla getməyə daha çox üstünlük verirlər. Oturaq həyat və hərəkətsizlik artıq çəki və ürək, qan-damar sistemi xəstəliklərinin yaranmasına, artmasına səbəb olur: “ÜST-nin məlumatına gəldikdə isə onu deyim ki, duzun çox qəbul edilməsi də ürək-damar xəstəlikləri, arterial hipertoniyanın risk faktoru olub, bütün orqanların qanla normal təchiz olunmasına pis təsir edir. Duzlu qida həmçinin beyinə də mənfi təsir göstərir. Ona görə də ürək xəstəliklərindən əziyyət çəkənlər sağlam qidalanmağa üstünlük verməlidirlər. Həmçinin müxtəlif idman hərəkətləri də ürəyə xeyirdir”.