Təkcə dərman yetərli deyil: Qan təzyiqi olanlar ilk növbədə...

“Duz qəbulu məhdudlaşdırılmalı və meyvə-tərəvəz qəbulu artırılmalıdır. Alkoqol qəbul etmək və siqaret çəkmək mütləq dayandırılmalıdır”



  Rusiyalı həkimlər Yelena Malışeva və German Gandelman hipertoniklərə tövsiyələr verib. Qeyd ediblər ki, təzyiqi stabil olaraq, 140/90 göstəricisindən aşağıda saxlamaq lazımdır: “Təzyiq ən çox səhər 6 radələrində stress hormonu kortizol yüksəldiyi üçün onunla birgə təzyiq də artır.
Bu vaxt ona görə təhlükəlidir ki, insan yuxuda olur və təzyiqinin qalxmasını hiss etməyə bilər.
Məhz səhərə yaxın hipertonik kriz və insultlar çox baş verir.
Növbəti pik həddi günorta nahardan sonra və axşam təxminən 20:00-dan sonradır.
  Səhər krizinin qarşısını almaq üçün təzyiq dərmanını yuxudan öncə için.
Bu həm dərmanın yaxşı həlli, damarların ən rahat olduğu vaxtdır. Səhər oyanandan sonra və günorta dərmanı içmək əksər halda mənasızdır.
Əgər həkim 2-3 dəfə doza təyin edibsə, göstərilən vaxtda qəbul etmək mütləqdir".

  Bu mövzunu şərh edən kardioloq Emil Hasilov da “Sherg.az”a açıqlamasında  deyib ki, yüksək qan təzyiqi olan xəstələrin müalicəsi üçün ilk növbədə xəstələrin həyat tərzində dəyişiklik edilməsi tələb olunur: 
“Qan təzyiqi xəstəsinin bədən çəkisi ideal çəkidən çoxdursa, ideal çəkiyə qayıtmaq üçün adekvat və balanslı bir pəhriz proqramına riayət etmək tövsiyə olunur. Duz qəbulu məhdudlaşdırılır və meyvə-tərəvəz qəbulu artırılmalıdır. Doymuş yağlar, marqarin, kərə yağı və quyruq yağı kimi qidalar qida rasionundan xaric edilir. Alkoqol qəbul etmək və siqaret çəkmək mütləq dayandırılmalıdır. Qan təzyiqi xəstələrinin müntəzəm fiziki fəaliyyəti qan təzyiqinin tənzimlənməsinə imkan verir. Həyat tərzi dəyişikliklərinə uyğunlaşa bilməyən və ya dəyişikliklərə baxmayaraq, qan təzyiqi aşağı düşməyən xəstələrə dərman müalicəsi tətbiq olunur. Xroniki bir xəstəlik olan hipertoniya, həyat boyu dövrü olaraq həkim nəzarəti tələb edir. Həkimin tövsiyə etdiyi dərmanlar mütəmadi olaraq qəbul edilməlidir və həkimlə məsləhətləşmədən dozada dəyişiklik olmamalıdır”.
  
Kardioloq hipertoniya xəstəliyinin müalicəsi zamanı xəstələrimizin yol verdiyi yanlışlıqlardan danışıb: 
“18 yaşdan yuxarı bir yetkin insanın istirahət vaxtı normal sistolik qan təzyiqi ən yüksək 120mmHg, normal diastolik qan təzyiqi ən yüksək 80mmHg olmalıdır. Hipertenziv xəstələrdə qan damarlarında təzyiqin səviyyəsi normadan yüksəkdir. Qan təzyiqi 180/110 mmHg-dən çox olmasa, əksər hallarda heç bir ciddi simptom göstərə bilməz. Ancaq daim yüksək olduqda bədənə zərər verir. Yüksək qan təzyiqinin, genetik və ətraf mühit amilləri kimi ən vacib iki səbəbi var. Birinci dərəcəli qohumlarında yüksək qan təzyiqi olan insanlarda hipertoniyanın inkişaf riski daha yüksəkdir. Son olaraq qeyd edim ki, pasiyentlərin əksəriyyəti dərman preparatlarını davamlı olaraq qəbul etmirlər. Dərman qəbulunu dayandıran xəstələrin arterial təzyiqi yüksəlir”.