Gərgin bir günün ardından bir stəkan isti çay içmək bir çox insan üçün günün ən yaxşı anlarından biridir. Qəhvə sevənlər olduğu kimi, çay fanatlarının da sayı kifayət qədər çoxdur.
Medicina.az xəbər verir ki, yeni araşdırmalar çayla bağlı çox maraqlı bir gerçəyi üzə çıxarıb. Belə ki, çayın 1700-cü illərdə minlərlə insanın həyatını xilas etdiyi anlaşılıb.
Mütəxəssislər aşkar ediblər ki, çayın populyarlığının artması sənaye inqilabı zamanı - təmiz suya çıxışın zəif olduğu vaxtlarda Britaniyada ölüm hallarının azalmasına səbəb olub.
Onlar hesab edirlər ki, bu, çay hazırlamaq üçün qaynadılan suyun dizenteriya kimi ölümcül xəstəliklərə səbəb olan bakteriya və parazitləri öldürməsi ilə əlaqəlidir.
“Bunun gözəl tərəfi odur ki, həmin vaxt biz təmiz suyun əhəmiyyətini bilmirdik. Dəlillər göstərir ki, 1780-ci illərin sonlarında, Sənaye İnqilabı zamanı İngiltərədə çay demək olar ki, hər kəs üçün əlçatan oldu. Əhalinin sıxlığı artır, şəhərlər böyüyür, insanlar getdikcə daha sıx yaşayırdılar. Bu, əslində ölüm nisbətlərində böyük artım müşahidə etdiyimiz bir dövr olmalı idi. Ancaq sonda biz əksinə ölüm nisbətlərinin təəccüblü şəkildə azaldığını görürük. Bu da çayın, daha dəqiq desək, qaynadılmış suyun istifadəsi ilə izah edilə bilər", - ABŞ-ın Kolorado Boulder Universitetinin professoru Fransiska Entmen deyir.
Onun sözlərinə görə, ağır mədə-bağırsaq xəstəliyi olan dizenteriya 1700-cü illərdə bir çox insanın ölümünə səbəb olurdu. Avropanın bəzi yerlərində ən pis epidemiyalar zamanı bütün ölümlərin 90 faizi dizenteriya ilə bağlıdır.
Professor Entmen İngiltərədəki 400-dən çox kilsənin məlumatlarına əsasən, çayın populyar və əlçatan olmasına qədərki, eləcə də sonrakı ölüm nisbətlərini müqayisə edib.
Təhlil zamanı axar su mənbələrinin sayı və ya hündürlük kimi coğrafi xüsusiyyətlərə əsasən hasil edilməli olan suyun keyfiyyəti kimi amillər də nəzərə alınıb.
Müvafiq olaraq, suyun keyfiyyətinin mahiyyətcə daha pis olduğu düşünülən ərazilər çay istehlakı artandan sonra ölüm nisbətlərinin daha çox azaldığı yerlər olub.
“Görürük ki, çay içmək üçün suyu qaynatmağa başlamaq minlərlə insanın həyatını xilas edib”, - deyə professor vurğulayıb.