Başgicəllənmə dedikdə ilk ağla gələn xəstəlik vertiqodur. Mütəxəssislər D vitamini çatışmazlığının da başgicəllənməyə səbəb olduğunu bildirirlər. Gündəlik həyatda tez-tez istehlak etdiyimiz qəhvə və yaşıl çayın da başgicəllənməni gücləndirdiyi qeyd olunur.
Medicina.az xəbər verir ki, audioloq Hande Çalışkan vertiqonun səbəblərindən, əlamətlərindən və müalicəsindən bəhs edib
Vertiqo xalq arasında xəstəlik kimi tanınır. Lakin bu, əslində xəstəlik deyil, bir simptomdur. Ətrafın fırlandığını hiss etmək, cisimləri bulanıq və hərəkətdə görmək, ayağın altından yerin sürüşdüyünü zənn etmək, kimsə itələyirmiş və ya çəkirmiş kimi hiss etmək, yolda gedərkən düzgün hərəkət edə bilməmək və səndələmək vertiqo əlamətləri arasında sayıla bilər. Kofeinin başgicəllənməyə səbəb olduğunu göstərən bir çox akademik nəşrlər var, ona görə də kofeini mümkün qədər azaltmaq lazımdır. Kofein dedikdə təkcə qəhvə və onun törəmələri deyil, tərkibində kofein olan hər şey nəzərdə tutulur. Yaşıl çay da xəstələrdə başgicəllənmələri ən çox artıran məhsullardan biridir”.
Məsələyə münasibət bildirən Tibb və fəlsəfə elmləri doktoru, tanınmış həkim Şəmsiyyə Namazlı "Sherg.az"a açıqlamasında vurğulayıb ki, başgicəllənmə tez-tez təsadüf olunan simptomlardan biridir:
"Bunun isə müxtəlif səbəbləri var. Məsələn, bu mövsümlə, xroniki yorğunluqla, nevroloji və yaxud damarlarda üzvi dəyişikliklərlə əlaqəli ola bilər. Bildiyiniz kimi, bəzi adamlarda havanın dəyişməsi ilə bağlı olaraq yaz və qış aylarında başgicəllənmələri müşahidə edilir. Havada maqnit dalğaları olduqda, temperatur kəskin dəyişdikdə də eyni simptonlarla qarşılaşmaq mümkündür. Adıçəkilən hallar isə daha çox meteohəssas insanlarda görünür. Əlavə olaraq, qan təzyiqi yüksək və aşağı düşdükdə də başgicəllənmələri yaranır. Xüsusi ilə gənclər bu vəziyyətlə tez-tez qarşılaşır. Başgicəlləndikdə kofenin içilməsinə gəldikdə, bu vasitə təzyiqi artırır. Kofe- kofein tərkibli içkidir. Bu da qan damarlarını yaxşılaşdırır. Ona görə də əksəriyyət hər gün çay yerinə də kofe içir. Təzyiqi yüksək olanlara isə kofe qətiyyən qadağandır. Yaşıl çayı qəbul etdikdə tərkibinə diqqət etməliyik. Məsələn, çobanyastığı, nanə və yarpızı dəmləyərək rahat qəbul edə bilərik. Çünki çobanyastığı iltihab əleyhinədir, nanə isə siniri sakitləşdirir və zərərsizdilər. Digər tərkibi məlum olmayan yaşıl çayları içmək düzgün deyil".