Lakin infeksiyanın Azərbaycanda pandemiya şəklində yayılacağı gözlənilmir
Meymunçiçəyi virusu dünyada sürətlə yayılır. Əsasən qərbi və mərkəzi Afrikada yayılmış nadir xəstəlik hazırda Avropanın bir neçə ölkəsində aşkarlanıb.
Qlobal miqyasda tüğyan edən bu xəstəlik Azərbaycanla qonşu olan ölkələrdə də müşahidə olunub. Rusiyada bu xəstəliyə yoluxma faktları aşkarlanıb. Xatırladaq ki, meymunçiçəyi xəstəliyi dünyada 2022-ci ildən yayılıb. Bu dövr ərzində Azərbaycanda yoluxma halları qeydə alınmayıb. Ümumilikdə isə dünyada 167 ölüm hadisəsi baş verib. Hazırda dünya ölkələri yenidən həyəcan təbili çalırlar.
Bəs Azərbaycan üçün meymunçiçəyi nə qədər risklidir? Özümüzü bu bəladan necə qoruyaq?
TƏBİB-in məlumatına görə, meymunçiçəyi – virus etiologiyalı, təbii çiçək xəstəliyinə bənzər simptomları olan, lakin daha az şiddətli və daha yüngül gedişatlı zoonoz (heyvandan insana yoluxan) xəstəlikdir. Meymunçiçəyi adətən Mərkəzi və Qərbi Afrikada, əsasən, tropik meşələrin yaxınlığında olan ərazilərdə endemikdir.
İnsanda ilk meymunçiçəyi xəstəliyinə yoluxma halı 1970-ci ildə Konqo Demokratik Respublikasında (KDR) 9 yaşlı uşaqda qeydə alınıb. Bu günə qədər olan alovlanmalar KDR, Nigeriyada və 2003-cü ildə ilk dəfə Afrikadan kənarda ABŞ-də (70 yoluxma halı) müşahidə olunub. 2022-ci ilin may ayında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) xəstəlik üçün endemik sayılmayan 4 regionunda meymunçiçəyinə yoluxma halları haqqında məlumatlar təqdim edilib. Yoluxma hallarının əksəriyyətinin anamnestik məlumatlarında endemik ölkələrə səyahət tarixçəsi qeyd olunmayıb. Xəstəliyə yoluxan insanda hərarət, güclü baş ağrısı, limfadenopatiya (şişmiş limfa düyünləri), kürək və bel ağrısı, mialgiya (şiddətli əzələ ağrıları), ağır asteniya (yorulma, halsızlıq), hərarət başlayandan 1-5 gün müddətində səpkilərin yaranması kimi əlamətlər özünü büruzə verir. Meymunçiçəyi heyvandan insana və insandan insana ötürülə bilir. Yoluxmuş heyvanın qanı, bədən mayeləri, dəri və ya selikli qişaları ilə birbaşa təmas və ya yoluxmuş heyvanın tam bişməmiş əti ilə qidalanma vasitəsilə heyvandan insana yoluxma halları baş verə bilər. İnsandan insana yoluxma halları isə dəri səpkilərinin möhtəviyyatı (irin, qan) və ya qabıqları, hava-damcı yolu ilə uzunmüddətli və yaxın şəxsi təmas, xəstənin yataq dəsti, dəsmalı, paltarı və istifadə edilmiş digər əşyaları, cinsi əlaqə, dəri və selikli qişalar, doğuş zamanı və ya doğuşdan sonra anadan dölə yaxın təmas vasitəsilə baş verə bilər. Xəstəliyin profilaktikası məqsədilə 18 yaşdan yuxarı şəxslər üçün iki dozalı peyvənd (vaksinasiya təmasdan sonrakı şəxslərə də 4 gün ərzində aparıla bilər) tətbiq olunur. Yoluxma halı təsdiqlənmiş və ya şübhəli hesab edilən şəxslərin təmas və hava-damcı izolyasiyasına alınması, simptomlu şəxs və onun əşyaları ilə təmasdan sonra əllərin yuyulması və dezinfeksiyası vacibdir.
Hələlik Azərbaycanda meymunçiçəyi xəstəliyinə yoluxma halına rast gəlinmədiyini vurğulayan mütəxəssislər hesab edir ki, belə bir fakt aşkarlansa belə, meymunçiçəyi Azərbaycanda pandemiya formasında yayılmayacaq.
Virusun Azərbaycana gəlmək ehtimalının mümkün olduğunu vurğulayan həkim-infeksionist Mərdan Əliyev "Sherg.az"a deyib ki, biz də dünyanın bir hissəsiyik və dünyada meymunçiçəyi xəstəliyi yayılmaqdadır:
“Amma onun koronavirus kimi epidemiya, pandemiya törətmək ehtimalı yoxdur. Ola bilər ki, bəzi ölkələrdə bu, endemik şəkildə artıb çoxalsın, yayılsın, amma Azərbaycanda belə bir ehtimal yoxdur. Bu xəstəlik təmas yolu ilə və cinsi əlaqə yolları ilə yoluxur. Buna görə də Azərbaycanda gözlənilmir. Təbii ki, xaricdən insan gəlməsi yolu ilə gələ bilər, amma ölkəyə keçid məntəqələrində güclü yoxlanışlar olsa, təhlükə olmaz”.
İnfeksionist bildirib ki, bu xəstəliyin müsbət cəhəti onun gözlə görünən olması və bu səbəbdən də ondan qorunmağın daha asan olmasıdır:
“Bu xəstəlikdən qorunmaq üçün sadəcə olaraq yoluxmuş şəxslərlə təmasda olmamaq lazımdır. Yoluxmuş şəxslərin meymunçiçəyi olduğu kənardan baxdıqda asanlıqla bilinir və belə şəxslərlə görüşməmək, kontakt qurmamaq vacibdir”.
İnfeksionist-həkim Vasif Əliyev isə “Sherg.az" açıqlamasında bildirib ki, meymunçiçəyi ilə bağlı dünyada ciddi narahatlıq var. Onun sözlərinə görə, bir çox ölkələrdə yayılan bu virus səbəbindən dünyasını dəyişən insanlar da qeydə alınıb:
“Xəstəlik qlobal xarakter daşıdığından bütün ölkələr təhlükə altındadır. Dünyanın tərkib hissəsi olduğumuz üçün meymunçiçəyinin Azərbaycanda da yayılması real təhlükədir. Lakin mpox infeksiyasının COVİD19 kimi pandemiya səviyyəsində yayılacağını zənn etmirəm. Yoluxma daha çox lokal xarakterli olacaq. Meymunçiçəyi xəstəliyinin əlamətləri vezikulyar səpkilərdir. Hansı ki, bu səpkilər suçiçəyinə bənzəyir. Amma ondan ölçü cəhətdən daha böyük olur. Həmçinin yerləşdiyi yer də fərqlidir. Daha çox ətraflarda, qollarda, ayaqlarda, üzdə görülür. Gövdədə o qədər də olmur. Eyni zamanda əl və ayaq içlərində, ovucda bu cür yaralar görülə bilir. Bu xəstəlikdə də yüksək hərarət olur. Amma koronavirusdan fərqlənir. Çünki koronavirus daha çox tənəffüs yollarından keçirdi. Meymunçiçəyində isə dəri səpkiləri olur. Oxşar xüsusiyyətləri isə insandan insana keçməsidir. Adı meymunçiçəyi olsa da, virus daha çox siçan və sincablardan insana yoluxa bilir".
Həkimin sözlərinə görə, bu xəstəlik ölkəmizdə yayılarsa, peyvəndi ilə qorunmaq olar. Lakin ötən 2 il ərzində virus müəyyən bölgələrdə aktivləşib, daha sonra da yoluxma səviyyəsi azaldığı üçün kütləvi peyvəndləməyə ehtiyac görülmür. İnfeksionist-həkim tövsiyə edir ki, vətəndaşlar suçiçəyi səpkilərinə bənzər səpkiləri, hərarəti olan, xüsusilə də səyahət etmiş insanlar mütləq şəkildə həkim müayinəsində olmalıdırlar:
“Meymunçiçəyi xəstəliyindən şübhələnilirsə, ilk olaraq test aparılmalı, xəstəyə diaqnoz qoyulmalıdır. Diaqnoz qoyulduqdan sonra həmin şəxsin digər insanlarla təmasının qarşısı alınmalıdır. Risklərdən qorunmaq üçün təmas lokallaşdırılmalıdır. Yəni xəstə izolyasiya olunmalıdır".