Professor: Estetik əməliyyatlarda ölüm sayının artması...

Cərrahi əməliyyatdan sonra pasiyentinin ölümündə təqsirləndirilən estetik mərkəzin direktorunun cinayət işinin istintaqı tamamlanıb.
Bu barədə "Report"a Yasamal Rayon Prokurorluğundan məlumat verilib.
Bildirilib ki, istintaqla “AzE Estetik Mərkəz” MMC-nin direktoru Ülviyyə İlyasovanın aprelin 15-də üzərində “liposaksiya-piysovurma” əməliyyatı icra etdikdən sonra vətəndaş Səbirə Vəliyevanı ixtisaslaşdırılmış tibb müəssisəsinə yerləşdirmək əvəzinə sonuncunu yaşadığı fərdi evə apararaq onu həkim nəzarətindən kənar saxlamaqda, həmçinin növbəti gün isə xəstədə qanaxma baş verdikdə isə onu köməksiz vəziyyətdə qoymaqda şübhəli bilinib.
Məlumata görə, S.Vəliyeva keçirdiyi əməliyyat nəticəsində baş vermiş kəskin qan itirmədən ölüb.
"Toplanmış sübutlar əsasında Ülviyyə İlyasovaya Cinayət Məcəlləsinin 143 (təhlükədə qoyma) və 314.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddələrilə yekun ittiham elan edilərək barəsində polis nəzarəti altına vermə qətimkan tədbiri seçilib. Cinayət işi aidiyyəti üzrə baxılması üçün məhkəməyə göndərilib", - məlumatda qeyd olunub.

Tibb elmləri doktoru, professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında qeyd etdi ki, estetik əməliyyatlarda ölüm sayının artması, estetik əməliyyatlarının sayının çoxalması ilə bağlıdır:

“Bu gün xanımların sosial maraqları və şou sistemli verlişlərin sayı artmaqdadır. Bunların hər biri isə estetik əməliyyatlara tələbatı çoxaldır. Bu cür əməliyyatlar isə sporadik ölüm halları yaradır. Ümumiyyətlə istənilən xəstəxanada, evdə, küçədə və digər yerlərdə olan ölüm halları təşrih olunmalı və ölümün birbaşa səbəbi müəyyən edilməlidir. Bu proseslərdən sonra rəy verə bilərik ki, səbəb nə imiş. Əgər xəstə birbaşa əməliyyat stolunda dünyasını dəyişirsə, o haqda danışmaq olar. Ancaq ölüm  sonrakı etaplarda baş verirsə müxtəlif səbəblərdən ola bilməsi də mümkündür. İstənilən halda səbəb dəqiqləşməlidir. Əgər hüquqi xarakter daşıyacaqsa, mütləq Məhkəmə Tibbi Ekspertizanın rəyinə istinad etməliyik. Çünki hər hansı cinayət təbiqi buna əsaslana bilər”.