Kim istəyirsə, qrip peyvəndi vurdura bilər - Həkim

Mərdan Əliyev: “Bu, könüllüdür və bir həkim olaraq insanlara virusdan qorunmaq üçün peyvənd olunmağı məsləhət görürəm”

“Əhalinin aktiv təbəqəsi peyvənd olunmalıdır. Koronavirus infeksiyası ilə qripin üst-üstə düşməsi heç arzuolunan deyil”

  Əhalinin sağlamlığının qorunması və kəskin respirator virus infeksiyalarına yoluxma hallarının qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi COP29-la bağlı tədbirlərə cəlb olunan vətəndaşları mövsümi qripə qarşı peyvənd olunmağa çağırıb. Bildirilib ki, qripə qarşı peyvənd olunmaq istəyən şəxslər yaşayış və ya iş yeri üzrə əhaliyə ambulator-poliklinik xidmət göstərən dövlət tibb müəssisələrinə müraciət edə bilərlər.
  Səhiyyə Nazirliyinin müvafiq Əmrinə əsasən 10 sentyabr 2024-cü il tarixindən vaksinasiyaya başlanılır: “Respirator xəstəliklərə görə yüksək risk qrupuna aid olan səhiyyə işçilərinin, hamilə qadınların və xroniki tənəffüs sistemi xəstəlikləri olan 6 aylıqdan yuxarı əhalinin qış mövsümündə qripə qarşı peyvənd olunması xüsusilə vacibdir. Həmçinin cari ilin noyabr ayında BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) ölkəmizdə keçirilməsi ilə bağlı dünyanın müxtəlif ölkələrindən Azərbaycana çoxsaylı qonaqların səfəri gözlənilir".
  Qeyd edək ki, əhali arasında qrip və kəskin respirator virus infeksiyalarına qarşı profilaktik və əksepidemik tədbirlərin gücləndirilməsi məqsədilə Səhiyyə Nazirliyi tərəfindən ölkəyə mövsümi qrip əleyhinə “Abbott” şirkətinin istehsalı olan tam təhlükəsiz və yüksək keyfiyyətli vaksin preparatları gətirilib.
  Həkim-infeksionist Mərdan Əliyev də “Sherg.az"a açıqlamasında qrip peyvəndinin vurulmasının məsləhətli olduğunu deyib: 

“Xüsusən tibb işçiləri və əhalinin aktiv təbəqəsinin peyvənd olunması vacibdir. Qrip xəstəliyinə kimsə dırnaqarası baxmasın. Qrip ən ağır keçirilən xəstəliklərdəndir. Koronavirus infeksiyası ilə qripin üst-üstə düşməsi heç arzuolunan deyil. Bu, xəstənin daha da ağırlaşmasına və çətin sağalmasına səbəb ola bilər.
  Düzdür, qrip peyvəndi rutin peyvəndlər sırasına daxil deyil. Məsələn, körpələrə hansı peyvəndlərin vurulmalı olduğu milli immunizasiya proqramı ilə müəyyənləşir. Hansı ayda hansı peyvənd vurulur, dəqiqliklə göstərilir. Deyək ki, hepatit A, su çiçəyi, qızılca, göy öskürək, məxmərək, meningit, difteriya, tetanus, pnevmokok pnevmaniyası... bunlar vacib peyvəndlərdir. Amma təhlükələri minimuma endirmək baxımından körpələrə 6 ayından sonra qrip peyvəndi də vurula bilər. Ümumiyyətlə, kim istəyirsə, qrip peyvəndi vurdura bilər. Bu, könüllüdür və bir həkim olaraq insanlara virusdan qorunmaq üçün peyvənd olunmağı məsləhət görürəm”.