"İsti içkilər, şorbalar, eləcə də acılı yeməklər mədə və qida borusu xərçənginə səbəb ola bilər".
Oxu.Az-ın news.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı həkim-onkoloq, kimyaterapevt Maqomed Sulimanov xəbərdarlıq edib.
Onun sözlərinə görə, belə qidalar selikli qişaların xroniki travmasına səbəb olur.
"Qida borusu və ya mədə xərçənginin risk faktorlarından biri isti içkilər, şorbalar, acılı, duzlu qidaların qəbulu nəticəsində bu orqanların selikli qişasının xroniki travmasıdır. Xroniki travma xroniki iltihablanmaya səbəb olur, bu da öz növbəsində bədxassəli şişin inkişafı riskini daşıyır", - deyə həkim vurğulayıb.
Onkoloq bunu istisna etmək üçün sağlam həyat tərzinə riayət etməyi məsləhət görüb.
"Bunun üçün isti və acılı yeməklərdən tamamilə imtina etmək lazım deyil. Lakin yeməyə daha az istiot əlavə etmək və onun bir qədər soyumasını gözləmək lazımdır", - deyə Sulimanov sözlərini yekunlaşdırıb.
Professor Adil Qeybulla “Sherg.az”a açıqlamasında deyib ki, çox yüksək temperaturda, mayeləri qidaları qəbul etmək məqsədəuyğun deyil:
“Mayeni və ya qidanı ağız boşluğunda saxlaya bilmiriksə, qəbul etmək də məqsədəuyğun deyil. Çünki ağız boşluğunda hissiyyat var. Lakin qida borusunun artıq üçdə birindən aşağısında hissiyyat yoxdur. Qaynar maddələr qida borusunun aşağı hissəsini, mədəni termik dəyişikliyə məruz qoyur. Ona görə də isti, qaynar çay içənlər, qaynar yeməyə üstünlük verənlər bunu nəzərə almalıdırlar. Bunun özü də gələcəkdə ezofagitlərə, qastritlərə, qida borusunun xroniki yanıqlarına və gələcəkdə xərçəng şişinin inkişafına gətirib çıxara bilər. Qidanın orta temperaturu otaq temperaturundan bir az yüksək olmalıdır. Yəni qidanın, ağız boşluğunda saxlanması mümkün temperaturda olmalıdır. Yalnız qida və maye o halda udula və qəbul edilə bilər. Bunu mütləq nəzərə almaq lazımdır”.