Həkim-infeksionist: Bu qorxunc virusun hələ adı yoxdur

Bəzi hallarda qrip ciddi xəstəliklərə səbəb olur

Son günlər Azərbaycanda qorxunc virus növü yayılıb. Bu virus adətən sümük ağrısı ilə müşahidə olunur və davamlı olaraq dərman tələb edir. Məhz bu infeksiya tam olaraq nə qripin, nə də COVID-19-un əlamətlərini daşımadığı üçün yeni virus olduğu düşünülür.
Mütəxəssislər isə ölkədə epidemioloji vəziyyətin qarışıq olduğunu, pnevmoniya ağırlaşmalarının çoxaldığını qeyd edirlər. Bildirilir ki, pnevmoniya ağırlaşmaları infeksiyanın tənəffüs sisteminə və bədənə təsirini artıra bilər.

Həkim-infeksionist Mərdan Əliyev “Sherg.az"a açıqlamasında deyib ki, yayılan virus kəskin respirator virus infeksiyalarının növlərindən biridir:
 "Yuxarı tənəffüs yollarının kəskin iltihabını yaradan virus infeksiyaları 200-ə qədər virus törədir. Hazırda yayılan xəstəliyin hansı virus növünü öyrənmək üçün də mütləq analiz  verilməlidir. 
Lakin xəstəliyə yoluxan insanlarda müşahidə edilən əlamətlər fonunda deyə bilərəm ki, simptomlar qrip  virusuna daha çox uyğun gəlir.   
Bildiyiniz kimi, qrip virusu əhali arasında hər il geniş yayılan bir xəstəlikdir. Bu virus əsasən hava yolu ilə yayılması və insanlardan insana keçməsi ilə tanınır. Qripin əlamətləri arasında yüksək hərarət, boğaz ağrısı, öskürək, əzələlərdə ağrı və halsızlıq yer alır. Qripin yayılması, xüsusilə qış aylarında daha çox olur. Çünki insanlar daha çox qapalı məkanlarda bir araya gəlirlər. İmmuniteti zəif olanlar, yaşlılar və uşaqlar qripdən daha çox təsirlənə bilərlər. Bəzi hallarda qrip ciddi xəstəliklərə, hətta ölümlərə səbəb olur".

Kəskin respirator virus infeksiyalarının daha çox payız və qış aylarında artdığını xatırladan infeksionist  sürətli yayılmalarda artımın da təbii olduğunu vurğulayıb. Onun sözlərinə görə, bu xəstəliklər 5 yaşdan aşağı uşaqlarda və yaşı 65-dən çox olan şəxslərdə daha  ağır keçir: 
"Digər qruplarda ağırlaşmalar çox müşahidə olunmur. Belə xəstəliklərə yoluxanda ev şəraitində olmaq, çoxlu maye qəbul etmək, yalnız qızdırma 38 dərəcəni aşarsa, dərman qəbul etmək lazımdır. Bunlara riayət edəndə adətən ağırlaşamalar çox müşahidə edilmir. Riayət etmədikdə, təbii ki, immun sistemi zəif  olan şəxslərdə ağırlaşmalar müşahidə oluna bilir. Burada da ən çox ağırlaşma pnevmoniyadır. Virus yuxarı tənəffüs yollarından aşağıya, ağciyərə daxil olur. Pnevmoniya yaradır. O da çox ağır prosesdir”.