Həkimlərin böyük əksəriyyəti Bakıda işləyir, regionlarda tibbi xidmət təhlükədədir
Səhiyyə naziri çox yumşaq adamdır, həkimlər regionlara getmirlər.
Bunu Milli Məclisin İnsan hüquqları komitəsinin bu gün keçirilən iclasında “Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) 2025-ci il üzrə məruzəsi”nin müzakirəsi zamanı deputat Səyyad Aran deyib.
“Səhiyyə naziri Teymur Musayev çox yumşaq adamdır. Ya bəsirət gücü yoxdur, ya bilmirəm nə baş verir. Həkimlər regionlara getmirlər, ya da əslində göndərilmirlər. İnsanlar rentgendən keçmək üçün Bakıya gəlməlidir. Belə şey olar? Bura gəlib rentgendən keçib sonra cavablarını aparıb rayonda həkiminə verir. Keçmişdə “balaca padşahlar” ifadəsi var idi, indi “cıqqılı padşahlar” ifadəsi meydana gəlib. Məsələn, xəstədir, təcili yardım maşınının hünəri çatmır ki, Bakıya gəlsin. Sən demə, təcili yardımla bağlı bir idarə var, bunun başçısı icazə verməsə, təcili yardım gələ bilməz. Sən kimsən? Niyə sən məxsusi olaraq icazə verməlisən? Bu cıqqılı padşahın ucbatından az qalırdı adam orada ölsün. Bu, nə özbaşınalıqdır, nə yiyəsizlikdir?", – deyə deputat bildirib.
Professor Adil Qeybulla da “Sherg.az”a açıqlamasında həkimlərin paytaxt və regionlar üzrə balanslı şəkildə bölüşdürülməməsinin ciddi problem olduğunu deyib. Onun sözlərinə görə, həkimlərin böyük əksəriyyəti peşəkar inkişaf, maddi imkanlar və sosial şərait baxımından daha əlverişli mühit hesab etdikləri üçün Bakıda işləməyə üstünlük verirlər. Bu isə regionlarda həm tibbi xidmətin keyfiyyətinə, həm də əlçatanlığına mənfi təsir göstərir:
“Rayonlarda xəstə sayı və ödəniş imkanları paytaxtla müqayisədə daha məhdud olduğundan həkimlər üçün iqtisadi motivasiya zəifdir. Bu səbəbdən regionlarda tibbi kadr potensialını gücləndirmək üçün dövlət səviyyəsində sistemli həvəsləndirici tədbirlərin tətbiqi vacibdir. Onun fikrincə, kommunal xərclərdən azadolma, xidməti mənzillə təminat, əlavə maaş əlavələri, vergi güzəştləri və sosial təminat paketləri kimi stimullaşdırıcı mexanizmlər real nəticə verə bilər”.
A.Qeybulla həmçinin diqqəti 65 yaş həddinə çatmış həkimlərin təqaüdə göndərilməsi məsələsinə yönəldib. O bildirib ki, tibbdə peşəkarlıq və klinik təcrübə illərlə formalaşır və bir çox həkim məhz bu yaş dövründə ən yüksək peşəkar mərhələyə çatır. Bu baxımdan, təcrübəli mütəxəssislərin sistemdən kənarlaşdırılması əvəzinə onların regionlara cəlb olunması daha məqsədəuyğun ola bilər:
“Bu, həm kadr çatışmazlığını aradan qaldıra, həm də gənc həkimlər üçün mentorluq mühiti yarada bilər. Son illər xüsusilə xaricdə təhsil almış gənc mütəxəssislərin regionlara yönləndirilməsi istiqamətində addımlar atılır. Lakin bu proses daha geniş miqyasda və davamlı əsasda həyata keçirilməlidir. Səhiyyə siyasəti elə qurulmalıdır ki, vətəndaş üçün rayonla Bakı arasında tibbi xidmətin keyfiyyəti baxımından ciddi fərq hiss olunmasın. Bu isə yalnız infrastrukturun gücləndirilməsi, maddi-texniki bazanın yenilənməsi və insan resurslarının ədalətli bölüşdürülməsi ilə mümkün ola bilər”.