Aytən Ələkbərova: Problemlərin səbəbini yalnız ailə münasibətlərində axtarmaq düzgün yanaşma deyil
Bəzi araşdırmalar göstərir ki, uzun müddətli ailədaxili stress qadınların sağlamlığını zəiflədə və ömür uzunluğuna təsir edə bilər. Mütəxəssislər bildirirlər ki, xüsusən də eyni evdə yaşayan fərqli nəsillər arasında yaranan gərginlik qadınların psixoloji və fiziki vəziyyətinə mənfi təsir edə bilər. Onların fikrincə evdə münaqişə və gərgin münasibətlər olduqda orqanizmdə stress hormonu – kortizolun səviyyəsi artır. Uzun müddət yüksək qalan kortizol isə immun sistemini zəiflədir, ürək-damar xəstəlikləri riskini artırır, yorğunluq və əsəbilik yaradır. Bununla yanaşı, ailədaxili konfliktlər qadınlarda emosional gərginliyə səbəb olur ki, bu da zamanla depressiya, narahatlıq və yuxu pozuntuları kimi problemlərlə nəticələnə bilər. Psixoloqlar həmçinin qeyd ediblər ki, stressin uzun müddət davam etməsi qan təzyiqinin yüksəlməsinə də səbəb ola bilər. Bu isə ürək-damar sistemi üçün əlavə risk yaradır. Eyni zamanda, daimi narahatlıq və mübahisələr gecə yuxusunun keyfiyyətini aşağı salır. Yuxusuzluq isə immunitetin zəifləməsinə və bədənin tez yorulmasına gətirib çıxarır. Uzunmüddətli stress bəzən psixosomatik xəstəliklərin yaranmasına da səbəb ola bilər. Bu zaman insanlarda baş ağrıları, mədə problemləri, bel və boyun ağrıları kimi müxtəlif narahatlıqlar müşahidə edilir. Bununla belə, psixoloqlar vurğulayırlar ki, məsələ yalnız qaynana və ya digər ailə üzvləri ilə birgə yaşamaqla bağlı deyil. Əsas məsələ ailə daxilində münasibətlərin necə qurulmasıdır. Əgər ailə üzvləri arasında qarşılıqlı hörmət və dəstək mövcuddursa, eyni evdə yaşamaq mütləq şəkildə problem yaratmaya bilər. Sağlam ailə münasibətlərinin qurulması üçün isə şəxsi sərhədlərin qorunması, qarşılıqlı hörmət, açıq ünsiyyət və ailə daxilində düzgün rol bölgüsü vacib hesab olunur.
Psixoloq Aytən Ələkbərova “Sherg.az”a açıqlamasında bildirib ki, insanın emosional reaksiyaları həyatın təbii hissəsidir və ailə qurmaq bu hisslərin yaranmasının səbəbi kimi təqdim olunmamalıdır:

“Həyatda elə bir insan yoxdur ki, danışmasın, gülməsin, ağlamasın, kədərlənməsin. Bunlar hamısı insana xas xüsusiuyyətlərdir. Ailə həyatı, fərqli nəsillərlə bir evdə yaşamaq sözügedən emosiyaların yaranmasına mane olmur. Bu baxımdan, bəzi fikirlərdə ailənin insanlarda stress və xəstəliklərə səbəb olması kimi təqdim edilməsi doğru yanaşma deyil və gənclərin ailə institutuna münasibətinə mənfi təsir göstərə bilər. Biz ailə qurduq deyə emosialarımızı gizlədirik? Ailə qurmasaq emosialarımız daha sakit olardı? Bəzən heç bir səbəb olmadan insanların ayağında ağrılar olur, sümükləri yeyilməyə başlayır. Bu o demək deyil ki, bütün bunlara səbəb ailədaxili ziddiyyətlərdir”.
Psixoloqun sözlərinə görə, insanların yaşadığı stress təkcə ailədaxili münasibətlərlə bağlı olmur:
“ Bəzən insan evdən yaxşı əhval-ruhiyyə ilə çıxsa da, iş yerində qarşılaşdığı xoşagəlməz hadisələr, rəhbərlik tərəfindən göstərilən psixoloji təzyiq və ya digər sosial faktorlar gərginliyə səbəb ola bilir. Onkoloji xəstələrlə işlədiyimiz zaman görürük ki, canın ağrısı bir yana iş yerində müdirünün yaşatdığı psixoloji təsirdən şikayətləndirlər. Stressə düşməyək, kədərlənməyək deyə, heç bir addım atmayaq?”
Aytən Ələkbərova qeyd edib ki, psixoloji xəstəliyi olan insanlara qulluq edən şəxslər də ciddi emosional yük daşıyırlar. Belə hallarda ailə üzvləri daim xəstənin müalicəsi, qidalanması və gündəlik qayğıları ilə bağlı düşünür və bu da onların üzərində əlavə məsuliyyət yaradır:
“Bu səbəbdən, uzun müddət xəstəyə qulluq edən insanların belə psixoloji yorğunluq və nevroz kimi problemlərlə qarşılaşması mümkündür. Lakin bu faktın özü ailə institutunun mənfi təqdim olunması üçün əsas sayıla bilməz. Ona belə çıxır ki, heç kim ailə qurmasın ki, yoldaşı xəstə ola bilər, dünyaya xəstə övlad gətirə bilər. Fikrimcə, ailədaxili mübahisələr insanlara ancaq əsəb- stress verir, ömrünü qısaldır kimi fikirlərdən uzaq olmaq lazımdır. Əsas məsələ ailə üzvlərinin bir-birini başa düşməyə çalışması, qarşı tərəfin hisslərinə və mövqeyinə hörmətlə yanaşmasıdır. Xüsusilə oxşar dəyərləri və həyat baxışlarını paylaşan insanların ailə qurması münasibətlərin daha sağlam formalaşmasına kömək edə bilər. Əks halda, dünyagörüşü və yanaşmaları tam fərqli olan insanlar arasında müəyyən ziddiyyətlərin yaranması qaçılmazdır. Əvvəldə də qeyd etdiyim kimi, ailədaxili mübahisələrin insan həyatına yalnız mənfi təsir göstərdiyini demək doğru deyil. Yaxud da stress və gərginlik yalnız ailə mühitinə aid olan məsələ deyil. Toksik münasibətlər həyatın müxtəlif sahələrində – iş mühitində, sosial münasibətlərdə, hətta gündəlik həyatın ən adi situasiyalarında belə yarana bilər. Bəzən qonşular arasında da ciddi mübahisələr olur, avtomobildə gedərkən belə nəyəsə əsəbləşir, kimləsə dalaşır. Günümüzdə insanlarını ən çox əsəbləşdirən oturduqları yerdə avtomobil cərimələrinin gəlməsidir. Ona heç kim avtomobil sürməsin ki, cərimə gəlir. Buna görə roblemlərin səbəbini yalnız ailə münasibətlərində axtarmaq düzgün yanaşma deyil”.