Çiçək xəstəliyinə qarşı peyvəndin izi Osmanlıya gedib çıxır!

  • 300 il əvvəl Ədirnədən Avropaya yayıldı, 1980-ci ildən sonra yox oldu

Bu gün yalnız tarix kitablarında qalan çiçək xəstəliyi əsrlər boyu bəşəriyyətin qorxulu xəstəliklərindən biri olub. Xüsusilə uşaqlarda ağır xəstəliyə və ölümə səbəb olan çiçək xəstəliyinin bəzi növlərində ölüm nisbəti 30 faizə qədər yüksələ bilirdi. Bu gün isə çiçək xəstəliyi bəşər tarixində tamamilə aradan qaldırılmış yeganə yoluxucu xəstəlik hesab olunur.

Bu uğura nail olunmasından əsrlər əvvəl Osmanlı torpaqlarında çiçək xəstəliyinə qarşı variolasiya, yəni çiçəkləmə adlanan üsul tətbiq edilirdi. Müasir peyvənddən fərqli olan bu üsulda çiçək xəstəliyi keçirmiş şəxsin yaralarından götürülən material sağlam insanın dərisinə tətbiq olunurdu. Məqsəd xəstəliyi daha nəzarətli şəkildə keçirərək immunitet yaratmaq idi.

Variolasiya tamamilə risksiz deyildi. İstifadə olunan materialda çiçək xəstəliyinə səbəb olan virus olduğundan, tətbiq edilən şəxs xəstələnə və xəstəliyi digər insanlara da keçirə bilərdi. Buna baxmayaraq, bu üsul təbii yolla çiçək xəstəliyinə yoluxmaqla müqayisədə daha nəzarətli immunitet yaratmağa yönəlmişdi.

Müasir peyvənddən fərqli olan bu üsul Ədirnədən İngiltərəyə gedib çıxdı

Bu tətbiqin Osmanlı İmperiyası dövründə ilk olaraq Ədirnədə həyata keçirildiyi və buradan Avropaya yayıldığı məlumdur. Məhz bu məqamda tarixdə mühüm bir şəxsiyyət diqqət çəkir: ingilis aristokratı Ledi Meri Uortli Montaqyu.

Montaqyu həyat yoldaşı Edvard Uortli Montaqyunun Osmanlı dövlətindəki diplomatik vəzifəsi ilə əlaqədar 1717-ci ildə Osmanlı torpaqlarına gəlib. Həmin il Ədirnədə olarkən Osmanlı cəmiyyətində tətbiq edilən çiçəkləmə üsulunu yaxından müşahidə edib.

Montaqyunun 1 aprel 1717-ci ildə Ədirnədən İngiltərədəki dostu Sara Çisvellə göndərdiyi məktub bu tətbiqin Qərb müşahidəçisi tərəfindən ətraflı şəkildə təsvir edildiyi ən mühüm mənbələrdən biri hesab olunur. Montaqyu məktubunda çiçəkləmə əməliyyatını həyata keçirən təcrübəli qadınlardan bəhs edir və prosedurun necə aparıldığını təsvir edirdi.

Montaqyunun yazdıqlarına görə, bu prosedur adətən payızda, havaların sərinləşməsindən sonra həyata keçirilirdi. Ailələr uşaqlarını çiçəklətmək istəyən digər ailələrlə bir araya gəlir və prosedur təcrübəli qadınlar tərəfindən həyata keçirilirdi. Montaqyu bir tətbiq zamanı təxminən 15–16 nəfərin bir araya gələ bildiyini yazırdı.

Çiçək xəstəliyindən götürülmüş material qoz qabığında daşınır, daha sonra dəridə açılan kiçik yaralara tətbiq edilirdi. Montaqyunun məktubunda prosedurdan sonra xəstələrin hərarətinin yüksəldiyi və bir neçə gün xəstəlik əlamətləri göstərdiyi də qeyd olunur.

Montaqyu müşahidə etdiyi hallarda xəstəliyin, adətən, yüngül keçdiyini və xəstələrin qısa müddət ərzində sağaldığını bildirirdi. Onun bu üsula marağı yalnız müşahidə ilə məhdudlaşmadı. Daha əvvəl özü də çiçək xəstəliyi keçirmiş Montaqyu Osmanlıda gördüyü tətbiqdən istifadə edərək oğlunun çiçəkləndirilməsini təmin etdi.

Daha sonra İngiltərəyə qayıdan Montaqyu Osmanlıda gördüyü üsulun İngiltərədə tanınmasına və tətbiq edilməsinə töhfə verdi. Bu səbəbdən tarix araşdırmalarında o, Osmanlıdakı variolasiya tətbiqinin Qərbi Avropaya ötürülməsində mühüm şəxslərdən biri hesab olunur.

Variolasiyanı Osmanlılar icad etməmişdilər. Çiçəkləmə Osmanlılardan çox əvvəl dünyanın müxtəlif bölgələrində tətbiq olunurdu. Osmanlı coğrafiyasındakı bu tətbiqin də daha qədim ənənələrlə əlaqəli olduğu düşünülür.

Son təbii hal 1977-ci ildə Somalidə qeydə alındı

Ədirnənin tarixi baxımdan əhəmiyyəti bu üsulun burada tətbiq olunması və 1717-ci ildə Ledi Montaqyu tərəfindən ətraflı şəkildə müşahidə edilərək yazıya alınması ilə bağlıdır.

Bu gün çiçək peyvəndi adlandırdığımız üsul XVIII əsrdəki çiçəkləmədən fərqli idi. 1796-cı ildə ingilis həkim Edvard Cenner inək çiçəyi xəstəliyi keçirən insanların çiçək xəstəliyindən qorunduğunu müşahidə edərək yeni peyvəndləmə üsulu hazırladı.

Cennerin çalışmaları müasir peyvəndləmənin inkişafında mühüm mərhələ oldu. Beləliklə, həqiqi çiçək xəstəliyinin materialından istifadə edilən variolasiyadan inək çiçəyi ilə əlaqəli virus əsasında aparılan müasir peyvəndləmə üsuluna keçid başladı.

Türkiyədə xüsusilə müəyyən nəsillərin nümayəndələrinin qolunda görünən dairəvi və nəzərəçarpan çiçək peyvəndi izinin Osmanlı dövründəki çiçəkləmədən qalmadığı məlumdur. Bu iz XX əsrdə tətbiq edilən çiçək peyvəndi ilə əlaqəlidir.

Çiçək peyvəndinin tətbiq texnikası bir çox digər peyvəndlərdən fərqli idi və peyvənd yerində yaranan zədə sağaldıqdan sonra qalıcı iz buraxa bilirdi. Buna görə də bu gün bəzi insanların qolunda olan xarakterik izin həmin şəxsin keçmişdə çiçək xəstəliyinə tutulduğu anlamına gəlməsi vacib deyil. Bu iz, əsasən, həmin şəxsin keçmişdə çiçək peyvəndi olunduğunu göstərir.

Türkiyə Xalq Sağlamlığı Baş İdarəsinin tarixi sənədində Türkiyədə son çiçək xəstəliyi halının 1957-ci ildə qeydə alındığı, 1980-ci ildə isə çiçək peyvəndinin tətbiqdən çıxarıldığı bildirilir. Səhiyyə Nazirliyinin peyvənd tarixçəsində də Türkiyədə çiçək peyvəndi istehsalının 1980-ci ildə dayandırıldığı qeyd olunur. Buna görə xüsusilə 1980-ci ildən əvvəl doğulan insanlar arasında qolda çiçək peyvəndinin izinə rast gəlmək daha geniş yayılmışdır.

Çiçək xəstəliyinə qarşı qlobal mübarizədə son təbii xəstəlik halı 1977-ci ildə Somalidə qeydə alınıb. Bundan sonra, 1978-ci ildə İngiltərənin Birmingem şəhərində laboratoriya qəzası nəticəsində daha bir xəstəlik halı baş verib.

Ümumdünya Səhiyyə Təşkilatının müstəqil alimlərdən ibarət komissiyası xəstəliyin dünya üzrə aradan qaldırıldığını 1979-cu ilin dekabrında təsdiqləyib. Bunun ardınca Ümumdünya Səhiyyə Assambleyası 1980-ci ilin mayında çiçək xəstəliyinin eradikasiya edildiyini, yəni xəstəliyin və ona səbəb olan virusun dünya miqyasında kökünün tamamilə kəsildiyini rəsmən elan edib.