- Adil Qeybulla: “Orqan köçürülməsinə ehtiyacı olanların sayı donorları dəfələrlə üstələyir”
- Meyitdən orqan köçürülməsi mexanizmi qurulmadan irəliləyiş çətin olacaq
Cari ilin ilk 6 ayında sümük iliyi transplantasiyasına ehtiyacı müəyyən edilərək gözləmə siyahısına daxil edilmiş şəxslərin sayı 90-a yaxın olub. Bu barədə Teleqraf-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyi Orqan Donorluğu və Transplantasiyası üzrə Koordinasiya Mərkəzindən məlumat verilib.
Bildirilib ki, hazırda isə ümumilikdə 500-dən çox xəstə sümük iliyi transplantasiyası üçün gözləmə siyahısında qeydiyyatdadır. Gözləmə siyahısında qeyri-beta talassemiya diaqnozu qoyulmuş xəstələrin üstünlük təşkil etdiyi vurğulanıb. "Sümük iliyi transplantasiyasına ehtiyacı olan pasiyentlərin əksəriyyəti uşaq və yeniyetmə yaş qrupuna aiddir. Bu, bizim üçün xüsusi önəm kəsb edir, çünki vaxtında edilən uğurlu transplantasiya bu uşaqlara tam sağlam həyat şansı verir. Mərkəzimiz bu istiqamətdə valideynlərlə sıx iş aparır və donor axtarışını prioritet qaydada həyata keçirir", - məlumat qeyd olunub.
Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Sherg.az"a açıqlamasında qeyd etdi ki, Mərkəzin məlumatına görə, icbari tibbi sığorta çərçivəsində il ərzində maliyyələşdirilən sümük iliyi köçürülməsi əməliyyatlarının say həddi 50-yə çatdırılıb. Sümük iliyi transplantasiyası İcbari Tibbi Sığorta üzrə Xidmətlər Zərfi daxildir, tam ödənişsiz həyata keçirilir. Diaqnostika, müayinələr, əməliyyat zamanı istifadə olunan dərmanlar və donorun hazırlanması dövlət tərəfindən qarşılanır:
- Bunlar müsbət addımlardır. Amma nəzərə almalıyıq ki, orqan transplantasiyasının sadəcə epizodik əməliyyat kimi deyil, vahid və strukturlaşdırılmış səhiyyə sistemi çərçivəsində həyata keçirilməsi vacibdir. Donor bazalarının yaradılması, meyitdən orqan köçürülməsi prosesinin qanunvericiliklə tənzimlənməsini problemin əsas həlli yoludur. Burada mütləq sistemli yanaşma olmalıdır. Transplantasiya işinin davamlı inkişafı üçün səhiyyənin strukturlaşdırılmış nizamına ehtiyac duyulur. Orqanlar beyin ölümü keçirmiş şəxslərdən götürülə bilər və tibbi nöqteyi-nəzərdən onlar meyit hesab olunmurlar. Ölkədə dializ müalicəsi alan və orqan köçürülməsinə ehtiyacı olan xəstələrin sayı donor olmaq istəyənlərin sayından qat-qat çoxdur. Orqan transplantasiyasında əhəmiyyətli irəliləyişə nail olunması üçün mütləq şəkildə donor bankları yaradılmalıdır. Bu iş sistemli şəkildə qurulmalıdır.