- Tanımadığınız şəxslərin əşyalarına toxunmaq, təmasda olmaq lazım deyil. Sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilməlidir
Konqo Demokratik Respublikasında (KDR) Ebola qızdırmasından laboratoriyada təsdiqlənmiş ölüm hallarının sayı son 24 saatda 14 nəfər artaraq 506-ya çatıb. Teleqraf xəbər verir ki, bu barədə ölkənin Rabitə və Media Nazirliyi gündəlik bülletenində məlumat verib. Yoluxanların sayı 1561 nəfərdir (bir gün əvvəldən 33 nəfər çox). Ölüm nisbəti isə 32,4%-dir.
Yay mövsümü, havaların iti keçməsi nəzərə alınarsa, Ebola virusunun digər ölkələrdə də yayılma təhlükəsi varmı?
Həkim-infeksionist Mərdan Əliyev “Sherg.az”a açıqlamasında qeyd etdi ki, Ebola virusunun yayılması mövsümlə, iqlim şəraiti ilə əlaqəli deyil: 
- Ebola virusu, insanlarda və bəzi heyvanlarda ağır, kəskin və əksər hallarda ölümlə nəticələnən qanamalı qızdırmaya səbəb olan yüksək yoluxucu virus növüdür. Orta hesabla 50%-ə qədər, bəzi ştammlarda isə 90%-ə qədər ölüm nisbəti ilə olduqca təhlükəli hesab olunur. Elmi və epidemioloji məlumatlara əsasən, Ebola virusunun yayılması ilə mövsümi dəyişikliklər arasında birbaşa əlaqə yoxdur. Digər bəzi viruslardan fərqli olaraq, Ebola virusunun yayılmasında isti və ya soyuğun təsiri yoxdur. Virusun yayılma sürəti və miqyası hava şəraitinə deyil, əsasən sosial və davranış faktorlarına bağlıdır. Vuris heyvanlardan insanlara və insandan insana təmas nəticəsində keçir. Virus təbiətdə, xüsusilə meyvə yarasaları, meymunlarda yaşayır. İnsanlara bu yoluxmuş heyvanların çiy əti, qanı və ya digər bədən mayeləri ilə birbaşa təmas nəticəsində keçir. Ebola virusu, məsələn, qrip virusu kimi hava yoluyla yayılmır. Xəstəliyi keçirən şəxsin qanı, tüpürcəyi, tər, nəcis və ya digər bədən mayeləri ilə birbaşa təmas, yaxud da bu mayelərlə çirklənmiş əşyalara toxunma yolu ilə sağlam insana keçir. Xəstəliyin ilkin simptomları qripə bənzəyir, lakin sonradan kəskinləşir. Qəfil yüksək hərarət və şiddətli baş ağrısı, əzələ və oynaq ağrıları, halsızlıq, boğaz ağrısı, quru öskürək, qusma, ishal və qarın ağrısı əsas simptomlardır. Xəstəlik ağır forma aldıqda dəri altından, gözlərdən, qulaqdan və burundan şiddətli qanaxmalar, daxili orqan çatışmazlığı baş verir.
Həkim qeyd etdi ki, Ebola virusuna qarşı peyvəndlər mövcuddur. Yoluxmadan qorunmağın əsas yolu isə sosial davranışlardır:
- Xəstələr izolyasiya olunmalıdır. Yoluxma şübhəsi olan şəxslər dərhal xüsusi karantin mərkəzlərinə yerləşdirilməlidir. Şəxsi gigiyenaya diqqət etmə çox vacibdir. Tanımadığınız şəxslərin əşyalarına toxunmaq, təmasda olmaq lazım deyil. Sərhəd-keçid məntəqələrində nəzarət gücləndirilməlidir. Səyahət edənlər hava limanlarında tibbi müayinədən keçirilməlidir.