Eyniyaşlı zorakılığın 7 önəmli əlaməti! - Türkiyəli psixiatrdan tövsiyələr

Son illər məktəblərdə və rəqəmsal platformalarda eyniyaşlı zorakılıq halları ciddi şəkildə artıb. Araşdırmalar göstərir ki, hər üç uşaqdan biri həyatının müəyyən mərhələsində eyniyaşlı zorakılığına məruz qalır. Bu zorakılıq yalnız fiziki təzyiqdən ibarət deyil — kənarlaşdırma, lağa qoyma, alçaltma, hədələmə, sosial mediada ifşa və rəqəmsal təcavüz də onun təhlükəli formalarıdır.

Sherg.az xəbər verir ki, Türkiyəli psixiatr Barış Sancak valideynlərə ciddi xəbərdarlıq edib:

“Rəqəmsal mühitin genişlənməsi ilə eyniyaşlı zorakılığı daha da görünən və davamlı hala gəlib. ‘Uşaqlar arasında belə hallar olur’ deyib keçmək problemi həll etmir, əksinə daha da dərinləşdirir. Bu, uşağın psixi sağlamlığına və akademik gələcəyinə ciddi zərbə vurur. Halbuki erkən aşkar edilərsə və düzgün müdaxilə olunarsa, qarşısını almaq mümkündür.”

Eyniyaşlı zorakılığının qarşısını almağın 9 effektiv yolu

• Tək qalmamağı öyrədin

Zorakılıq çox vaxt sosial cəhətdən təcrid olunmuş, tək görünən uşaqları hədəf alır. Fasilələrdə, məktəb çıxışında və ictimai yerlərdə uşağın tək olmaması qoruyucu amildir. Etibarlı dost çevrəsi ən güclü müdafiə mexanizmidir.

• Qəti və qısa cümlələrlə sərhəd qoymağı öyrədin

Uzun izahlar zorbanın marağını artıra bilər. “Dayan!”, “Bunu istəmirəm!”, “Mənə belə danışma!” kimi aydın və qəti ifadələr daha təsirlidir. Ardınca mühitdən uzaqlaşmaq və bir böyüyə məlumat vermək vacibdir. Uşağa yardım istəməyin “şikayət” deyil, təhlükəsizlik hüququ olduğunu anlatmaq lazımdır.

• Zorakılığı mütləq ailəyə danışmağı tapşırın

Bir çox uşaq qorxu və ya utanc səbəbilə susur. Halbuki susmaq problemi böyüdür. Valideyn və məktəb rəhbərliyi vaxtında məlumatlandırılarsa, məsələ nəzarətə götürülə bilər.

• Uşağı qınamayın

“Özünüz həll edin”, “Zarafat ediblər” kimi ifadələr problemi normallaşdırır. Əvəzində belə deyin:

“Harada olursa olsun, sənə qarşı haqsızlıq varsa, mən sənin yanındayam.”

• Açıq suallar verin

“Bu gün məktəb necə keçdi?” əvəzinə:

“Səni bu gün ən çox nə sevindirdi?”

“Səni narahat edən bir hadisə oldumu?”

Belə suallar uşağın emosional dünyasına daxil olmağa imkan yaradır.

• Zorakılığın nə olduğunu izah edin

Əgər bir davranış səni incidir, təkrarlanır və “dayan” deməyinə baxmayaraq davam edirsə — bu, zorakılıqdır. Davamlı ləqəb qoymaq zarafat deyil. Qəsdən kənarlaşdırmaq dost seçimi deyil.

• Məktəblə sistemli əməkdaşlıq edin

Zorakılıq fərdi deyil, institusional məsələdir. Müəllim və rəhbərliklə konkret faktlar əsasında danışın. Tarix, məkan və iştirakçıları qeyd edin.

• Empati və şahidlik mədəniyyəti formalaşdırın

Zorakılıq yalnız zorba və qurban arasında baş vermir. İzləyicilər də prosesin bir hissəsidir. Uşaqlara haqsızlıq qarşısında susmamağın vacibliyi öyrədilməlidir.

• Rəqəmsal zorakılıqda sübut saxlayın

WhatsApp qrupları, sosial media və onlayn oyunlar vasitəsilə zorakılıq fasiləsiz davam edə bilər. Ekran görüntüsü almaq, zorbanı bloklamaq və məsələni böyüklərə çatdırmaq əsas addımlardır.

Uşağınızda bu 7 əlamət varsa – diqqətli olun!

Barış Sancak eyniyaşlı zorakılığına məruz qalan uşaqlarda ən çox rast gəlinən 7 siqnalı açıqlayıb:

1. Məktəbə getmək istəməmək, tez-tez qarın və baş ağrısı şikayətləri

2.Ani daxilə qapanma, depressiv əhval, özünəinam itkisi

3.Əşyaların itməsi və ya zədələnməsi

4.Telefonu gizlətmək, sosial mediada davranış dəyişikliyi

5.Yuxu rejiminin pozulması

6.Qida rejimində kəskin dəyişiklik (həddindən artıq yemək və ya iştahsızlıq)

7.Dərs nəticələrinin aşağı düşməsi

Bəs zorakılıq edən uşağa necə yanaşmaq lazımdır?

Mütəxəssis bildirir:

“Ən vacibi davranışın yanlış olduğunu deməkdir, uşağı ‘pis’ kimi damğalamaq yox. ‘Sən pissən’ deyil, ‘Bu davranış qəbuledilməzdir’ demək lazımdır.”

Zorakılıq edən uşaqlarda bəzən empati çatışmazlığı, impuls nəzarətində çətinlik və ya şəxsi psixoloji problemlər ola bilər. Bu səbəbdən yalnız cəza ilə deyil, sərhədlər, empati təhsili və alternativ davranış modelləri ilə müdaxilə edilməlidir. Lazım gələrsə, peşəkar psixoloji dəstək alınmalıdır.

Unutmayın

Eyniyaşlı zorakılığı “uşaq söhbəti” deyil. Vaxtında müdaxilə edilməzsə, onun izləri uzun illər qalır. Uşağınızın davranışlarındakı dəyişiklikləri ciddiyə alın. Səssiz qalmaq təhlükəni böyüdür.