Gənclər psixoloqlara üz tutur: “uşaqlıq travması” nədir?

Son illərdə xüsusilə gənclər arasında psixoloqa müraciət edənlərin sayında artım müşahidə olunur. Bunun bir səbəbi psixoloji problemlərin artmasıdırsa, digər mühüm səbəb insanların psixi sağlamlıq barədə daha çox məlumatlı olması və psixoloqa müraciətin əvvəlki illərlə müqayisədə daha az stiqmatizə edilməsidir. Sosial şəbəkələr, maarifləndirici layihələr və psixoloji savadlılığın artması da bu tendensiyaya təsir göstərib.

Məsələ ilə bağlı Axar.az-a açıqlamasında psixoloq Nizami Orucov bildirib ki, “valideyn travması” termini son dövrlər sosial şəbəkələrdə çox işlədilir:

“Psixologiyada söhbət valideynin mükəmməl olub-olmamasından deyil, uşağın emosional ehtiyaclarının uzun müddət qarşılanmaması, davamlı rədd edilmə, alçaldılma, laqeydlik, zorakılıq və ya qeyri-sabit ailə mühitinin yaratdığı təsirlərdən gedir. Belə təcrübələr insanın özünəinamına, emosiyalarını idarə etməsinə və gələcək münasibətlərinə təsir göstərə bilər.

Ancaq burada vacib bir məqama diqqət yetirmək lazımdır. Son vaxtlar “valideyn travması” termini bəzən həddindən artıq geniş mənada işlədilir. Hər fikir ayrılığı, hər qadağa və ya hər sərt valideyn davranışı travma hesab edilə bilməz. Valideynlər də ideal insanlar deyillər və tərbiyə prosesində səhvlər edə bilərlər. Travma dedikdə, uşağın inkişafına uzunmüddətli və ciddi mənfi təsir göstərən təcrübələr nəzərdə tutulur”.

Onun sözlərinə görə, müasir gənclər təzyiq, iş həyatı ilə bağlı qeyri-müəyyənlik, sosial müqayisə, iqtisadi çətinliklər və sürətli həyat tempi kimi amillərlə daha çox üzləşirlər:

“Bu faktorlar narahatlıq, emosional tükənmişlik və münasibət problemləri ilə bağlı müraciətlərin artmasına səbəb olur. Uşaqlıq dövründə formalaşan münasibət modeli həqiqətən də insanın gələcək ailə həyatına təsir edə bilər. Məsələn, etibarsız bağlanma, emosiyaları ifadə etməkdə çətinlik, tərk edilmə qorxusu və ya münaqişələri sağlam şəkildə həll edə bilməmək cütlük münasibətlərində problemlər yarada bilər. Lakin bu, həmin insanın mütləq boşanacağı anlamına gəlmir.

Boşanmaların səbəbi adətən tək bir amil olmur. Ünsiyyət problemləri, emosional yetkinlik səviyyəsi, qarşılıqlı hörmət, münaqişələrin həlli bacarıqları, iqtisadi və sosial faktorlar da bu prosesdə mühüm rol oynayır”.

N.Orucov hesab edir ki, uşaqlıq təcrübələri risk faktorlarından biri ola bilər, amma insan özünü tanımaq, psixoloji dəstək almaq və sağlam münasibət bacarıqlarını inkişaf etdirməklə bu təsirləri əhəmiyyətli dərəcədə azalda bilər:

“Ən əsası isə psixologiyada məqsəd valideynləri günahlandırmaq deyil, insanın öz həyatını və münasibətlərini daha sağlam qurmasına kömək etməkdir. Keçmişi anlamaq vacibdir, amma bütün problemlərin izahını yalnız uşaqlıqda axtarmaq da düzgün yanaşma deyil. İnsanın dəyişmək və inkişaf etmək potensialı hər zaman mövcuddur”.