- Şahvələd Məmmədov çağırış edir ki, gəncləri təhlükəyə sürükləyən reklamlar dayandırılmalıdır
Milli Məclisin bugünki iclasında İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa idman yarışları zamanı enerji içkilərinin reklam edilməsinin sağlam həyat tərzi ilə tərs mütənasib olduğunu deyib:
“Artıq müşahidə edirik ki, idman yarışlarının sağlam həyat tərzini təbliğ edən fəlsəfəsi ilə yanaşı, bəzən enerji içkilərinin reklamı da aparılır. Halbuki enerji içkilərinin təbliği müəyyən hallarda idmanın öz mahiyyətinə və sağlamlıq prinsiplərinə zidd görünə bilər. Əgər bu cür reklamlar vasitəsilə hansısa kommersiya maraqları ön plana çıxarılırsa, nəticədə dövlət siyasətinin əsas istiqamətlərindən biri olan sağlam həyat tərzinin təşviqi müəyyən risklərlə üzləşə bilər”.
Enerji içkilərinin insna orqanizminə ziyanından illərdir deyilir. Mütəxəssislər bu içkilərin zərərindən danışır, vətəndaşlara tövsiyələrini verirlər. Lakin yenə də insanlar bu zərərli içkidən əl çəkmir. Xüsusən, yeniyetmə və gənclərin enerji içkilərinə aludə olmasının gələcək sağlam həyatlarını təhdid etməsi gerçəyi görməzdən gəlinir. Xatırladaq ki, bir müddət əvvəl Ombudsman Aparatı da bununla bağlı məlumat pylaşmışdı. Məlumatda qeyd edilirdi ki, son illər Azərbaycanda energetik içkilərin istehlakı artıb, bu halın xüsusilə uşaqlar arasında geniş yayılması onların sağlamlıq hüququnun təmini baxımından ciddi narahatlıq yaradır. Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsmanın) müstəqil monitorinq mexanizmi fəaliyyəti çərçivəsində ictimai yerlərdə, eləcə də təhsil müəssisələrinin ətrafında aparılmış monitorinqlər nəticəsində energetik içkilərdən yetkinlik yaşına çatmayan şəxslərin istifadəsinin sistemli xarakter aldığı, bu içkilərin satışı prosesində yaş məhdudiyyətinə nəzarətin kifayət qədər olmadığı, xüsusilə vendinq aparatları (avtomat satış aparatları) və pərakəndə satış obyektlərində yaşa nəzarət mexanizmlərinin faktiki tətbiq olunmadığı müşahidə edilir. Zərərli içkinin bu şəkildə asanlıqla əldə edilməsi yenyetmələrin saölamlığına ciddi təhlükədir. Ombudsman Aparatı hesab edir ki, energetik içkilərin yetkinlik yaşına çatmayan şəxslərə satılmasına görə nəzərdə tutulmuş inzibati cərimələr artırılmalı, vendinq aparatlarında energetik içkilərinin satışına yaş identifikasiyası mexanizmləri tətbiq edilməli, həmin içkilərin reklamına dair məhdudiyyətlər gücləndirilməli, bu sahədə məlumatlılıq artırılmalıdır.
Enerji içkilərinin insan orqanizminə ziyanında danışan həkim-terapevt Şahvələd Məmmədov “Sherg.az”a açıqlamasında qeyd etdi ki, sağlamlığın rəhni sayılan idmanla enerji içkisi ilə əks qütblərdə dayanırlar:
- Necə ola bilər ki insan həm idmanla məşğul olsun, həm də enerji içkisi qəbl etsin? Bu, ağlasığmazdır. Bunlar bir-birini təkzib edən, əks qütblərdə dayanan bir-birinə zidd məsələlərdir. İdman sağlam orqanizmə sahib olmağın əsas yollarından biridir, sağlam qidalanma, sağlam həyat tərzi ilə birlikdə. Burada enerji içkilərinə yer yoxdur. Heç 3-cü, 4-cü, 5-ci dərəcəli vasitə də deyil. Enerji içkiləri ürək ritmində pozulmalar, təzyiq, damarlarda sıxılmalar yaradır. Bu içkilərin təsirindən daha çox ürəkdə ölümcül ritm pozğunluqları baş verir. Enerji içkiləri bunlarla yanaşı, qadın və kişi cinsi orqanlarına mənfi təsir edir, nəsil artırma qabiliyyətini pozur, həmçinin genetik problemlərə səbəb olur. Bu içkilərin ziyanını saymaqla bitmir. Onların tərkibində yüksək miqdarda kofein, taurin maddəsi olur. Bu maddələr ürək ritmini pozur, hüceyrələrin artıq impulslardan oyanması baş verir və ürəkdə ciddi problemlər, ölümcül aritmiyalar, damar tutulmaları, spazmlar yaranır. Qara ciyərdə, mədədə problemlər yaranır. Enerjili içkiləri D vitamininin mənimsənilməsinin də qarşısını alır, vitamin çatışmazlığı yaranır. Ziyanlar bir deyil, iki deyil, çoxdur. Xüsusən erkən yaşlarda, yeniyetməlik dövründə salam qidalanmağa çalışılmalıdır ki orqanizm güclənsin, düzgün inkişaf etsin. İdman yarışlarında enerji içkilərinin reklamı isə tamamilə non-sensdir.
Ş.Məmmədov bildirdi ki, idman yarışlarının iştirakçıları və izləyicilər əsasən yeniyetmə və gənclər olduğundan enerji içkilərinin reklamı onları buna daha da həvəsləndirə bilər. Bunun qarşısı alınmalıdır:
- Hesab edirəm ki, enerji içkilərinin satışına yaş məhdudiyyəti qoyulmalı, tədris müəssislərinin önündə satışına icazə verilməməli, reklamı, təbliğatı qadağan edilməlidir. Yeniyetmə, gənclərdən söhbət gedirsə, orqanizm hələ də tam formalaşmayıb, inkişaf davam edir. Orqanizmin inkişaf mərhələsində zərərli qidalar və içkilər qəbul etmık orqanizm üçün böyük təhlükədir və ağır fəsadlar yaradacaq.