Süni boya ilə hazırlanmış qırmızı kələm şorabası bazardadır? - Təhlükə

Bazarlarda satılan qırmızı kələm turşusunun süni boya ilə rəngləndirildiyi məlum olub. Bu haqda qida məsələləri üzrə mütəxəssis Ağa Salamov sosial şəbəkədə paylaşım edib. Bazarda satışda olan “qırmızı kələm” turşusunun boyadılmasında istifadə edilən vasitəni izləyicilərə göstərən ekspert “ehtyatlı olun, bazarlarda satılan qırmızı kələm” çuğundurla yox, süni boya ilə rəngləndirilir” deyərək əhalini xəbərdar edib. Süni boya selofan paketlərdə satılır. Tünd rəngi olan boyadan azacıq suya qatılır, ağ kələmin üzərinə əlavə edilir, qısa müddətdə kələmin rəngi dəyişir. Ekspert vurğulayıb ki, möhtəkirlər bu üsulla qısa zamanda “qırmızı kələm” hazırlayır, satışa çıxarırlar. BU süni boyadan həmçinin tortların, şirniyyatların hazırlanmasında da istifadə olunur. 

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov “Sherg.az”a açıqlamasında bildirdi ki, qırmızı kələm turşusunun süni boya ilə hazırlanması alıcının aldadılmasıdır: 

- Bunu Qida Təhlükəsizliyi Agentliyi yoxlamalıdır. Bu, onların vəzifəsidir. Əgər həqiqətən də bazarda satışa çıxarılan qırmızı kələm şorabası ənənəvi qaydada çuğundur əlavə edilməklə yox, süni boya ilə hazırlanır, rəng qatılırsa, o zaman bu, istehlakçı hüquqlarının kobud pozulmasıdır. İstisna etmirəm ki belə bir hal ola bilər. Tez və asan hazırlansın deyə, boyadan istifadə edirlər yəqin. Bu məsələ ciddi araşdırılmalıdır. Həmin boya qida boyası da ola bilər. Amma burada məsələ istehlakçının aldadılmasıdır. Qırmızı kələm turşusunu rənginə görə ayırd etmək olar, çuğundurla hazırlanıb, yoxsa süni boya ilə. Süni boya ilə hazrlanan kələmin rəngi daha açıq qırmızı rəngdədir, amma çuğundurla qoyulan şoraba tünd qırmızı olur. 

Həm də, qırmızı kələm şorabasını kim bazardan alırsa, kələmlə qarışıq içində çuğundur dilimləri də olmalıdır. Yoxdursa, demək, şorabaya çuğundur əlavə edilməyib.