Uşaqların erkən yaşda kosmetik vasitələrdən istifadə etməsi dəridə qızartı, qıcıqlanma, sızanaq, ekzema tipli səpkilər və ləkələr yarada bilər.
Sherg.az xəbər verir ki, dermatoloq, professor Özlem Su Küçük uşaqların dərisinin kosmetik qulluq vasitələrinə ehtiyac duymadığını bildirib. O, xüsusilə sosial şəbəkələrdə gördükləri gözəllik və dəriyə qulluq rutinlərindən təsirlənən uşaqların böyüklər üçün nəzərdə tutulan məhsullardan istifadəsinin artmasına diqqət çəkib.
Professor valideynlərə uşaqların dermatoloji xəstəliklə əlaqədar həkim tərəfindən təyin edilən vasitələr istisna olmaqla, serum, pilinq, retinol və turşular tərkibli kosmetik məhsullardan istifadə etməsinə yol verməməyi tövsiyə edib.
Onun sözlərinə görə, hətta 4–5 yaşlı uşaqların makiyaj etdiyi, analarının istifadə etdiyi kosmetik vasitələri və örtücü kremləri üzlərinə çəkdiyi müşahidə olunur. Lakin bu məhsulların erkən yaşda istifadəsi dəridə müxtəlif arzuolunmaz reaksiyalara səbəb ola bilər.
Küçük uşaqlıq dövründə dəridə qabarcıqlar yaranacaq qədər ağır günəş yanıqlarının da təhlükəli olduğunu vurğulayıb. Belə yanıqların gələcəkdə melanoma adlı dəri xərçənginin yaranma riskini artıra biləcəyini qeyd edib.
Dermatoloq uşaqlar arasında istifadə edilən gel tərkibli stress oyuncaqları ilə bağlı da xəbərdarlıq edib. Onun sözlərinə görə, qızdırıldıqda partlaya bilən bu oyuncaqlar göz və ağız ətrafında yanıqlara, allergik reaksiyalara, udulduqda isə ciddi sağlamlıq problemlərinə yol aça bilər.
Məlumatda, həmçinin Türkiyə Dermatologiya Dərnəyinin Səhiyyə Nazirliyinin dəstəyi ilə 2031-ci ildə keçiriləcək Dünya Dermatologiya Konqresinə ev sahibliyi etmək üçün namizəd olduğu bildirilib. Dərnək tədbirin İstanbulda keçirilməsini planlaşdırır.