Yuxudan duran kimi su içmək təhlükəlidir - Həkimdən XƏBƏRDARLIQ

  • Ağzı yaxalamadan su içdikdə və ya bir şey yedikdə bu bakteriyalar birbaşa mədəyə ötürülür

Türkiyəli həkim Erkan Topuz səhər saatlarında acqarına su içməyin zərərli ola biləcəyindn danışıb. Video-çarx vasitəsiylə sosial şəbəkə üzərindən insanlara səslənən həkim qeyd edib ki, yuxudan oyandıqdan sonra əgər dişlər fırçalanmamış dərhal su içilirsə, bu, orqanizmə faydadan çox, zərər verəcək. 

Məsələ ilə bağlı Sherg.az-a danışan həkim-terapevt Şahvələd Məmmədov bildirdi ki, əhalinin doğru bildiyi yanlışlar var, səhər ac qarına su içmək də bunlardan biridir:

- Son illərdə məsləhət verən, müxtəlif tibbi mövzularla bağlı paylaşımlar edən, videolar paylaşan, necə deyərlər, “layk” toplamağa çalışanlar çoxalıb. Çoxları bildi-bilmədi danışır. Hər sahənin mütəxəssisi, bilicisi olduğu kimi tibbin də öz biliciləri var. Tibbi məsələlər həkimlərin öhdəsinə buraxılmalıdır. Yeri gəldi, gəlmədi, deyirlər, səhərlər su için, gün ərzində bol maye qəbul edin, insan gündə 3 litr su içməlidir və sair bu kimi tövsiyələr verilir. Amma nəzərə alınmır ki bəlkə birisini orqanizmi 3 litr suyu qəbul etmək gücündə deyil. Bəlkə birisini böyrəklərində problem var... Hər bir orqanizm fərdidir. Hamıya eyni yanaşma, eyni məsləhət və tövsiyələri vermək düzgün deyil. Bəli, su, orqanizm üçün vacibdir. Lakin baxır qədərinə, vəziyyətə, uşaqdır, böyükdür, yaşlıdır, hər hansı bir sağlıq problemi varmı?  

Səhər ac qarına su içməyə gəlincə, Ş.Məmmədov qeyd etdi ki, ümumilikdə orqanizmi oyatmaq və gecə boyu itirilmiş mayeni bərpa etmək üçün səhərlər su içmək çox faydalıdır. Lakin suyun temperaturu, miqdarı və insanın sağlamlıq vəziyyətindən asılı olaraq bu vərdiş həm faydalı, həm də ziyanlı ola bilər: 

- Səhər ac qarına ilıq və ya otaq temperaturunda 1-2 stəkan su içmək qəbizlik və həzm problemlərində faydalıdır. İlıq su bağırsaqların hərəkətliliyini stimullaşdırır, toksinlərin atılmasını sürətləndirir və həzm sistemini səhər yeməyinə hazırlayır. Maddələr mübadiləsi zəif olduqda ac qarına su içmək metabolizmi təxminən 25-30 faiz sürətləndirir ki, bu da çəki nəzarətinə və piy yandırılmasına kömək edir. Gecə yuxu zamanı bədən tərləmə və tənəffüslə su itirir. Səhər içilən su beyin funksiyalarını aktivləşdirir, qan dövranını yaxşılaşdırır və yuxululuğu aradan qaldırır. Mədə yanğısı zamanı da su mədədə toplanan konsentrasiyalı turşunu seyrəldir və aşağıya doğru itələyir, bu da göynəməni azaldır. Ac qarına içilən su sidiyi durulaşdırır və böyrəklərdə daş əmələ gətirən kristalların çökməsinin qarşısını alır. Amma bəzi qaydalara əməl edilmədikdə və ya bəzi xəstəliklər zamanı səhər su içmək bədənə əksinə, mənfi təsir göstərə bilər. Səhər ac qarına soyuq su içmək mədə-bağırsaq traktında spazmlara - yığılmalara səbəb olar, qan damarları daralar və həzm ləngiyər. Həmçinin boğaz ağrısında və xroniki qastriti olanlarda kəskinləşməyə yol aça bilər. Daimi olaraq çox isti su içmək də qida borusunun selikli qişasını zədələyir və zamanla ciddi patologiyaların yaranma riskini artırır. Ağır böyrək xəstəlikləri, kəskin ürək çatışmazlığı olan və ya şişkinliyə meylli şəxslər səhərlər birdən-birə böyük həcmdə su içməməlidirlər. Belədə orqanizm yüklənir. Məsələn, 1 saat ərzində 1 litrdən çox su içmək qandakı duz və elektrolit balansını - natrium səviyyəsini poza bilər, bu da ürəkbulanma və baş gicəllənməsinə səbəb olar. 

Həkim qeyd etdi ki, səhər yuxudan oyandıqda dişlərin fırçalanması isə mütləq lazımdır: 

- Dişlər fırçalanmadan nəinki su içmək, ümumiyyətlə heç bir qida, çay, qəhvə, meyvə şirəsi... heç nə qəbul etmək olmaz. Gecə boyu ağız boşluğunda zərərli bakteriyalar çoxalır. Ağzı yaxalamadan su içdikdə və ya bir şey yedikdə bu bakteriyalar birbaşa mədəyə ötürülür. Əlbəttə ki, səhər əvvəlcə ağız boşluğunu yaxalamaq, dişləri fırçalamaq, sonra su içmək və ya nəsə qəbul etmək gigiyenik baxımdan vacibdir. Bundan sonra otaq temperaturunda 1 və ya 2 stəkan təmiz suyu tələsmədən, qurtum-qurtum içmək olar.