“Ermənistanın baş diplomatı demaqogiya ilə məşğuldur”


Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan XİN rəhbəri Zöhrab Mnatsakanyanın ATƏT-in Slovakiyada keçirilmiş qeyri-formal nazirlər görüşündə çıxışı zamanı “Dağlıq Qarabağ münaqişəsinin oradakı insanlara aid olması və ermənilərin hüquqlarının müdafiə olunması” ilə bağlı fikirlərinə münasibət bildirib. Nazirliyin mətbuat katibi Leyla Abdullayeva deyib ki, işğal olunmuş Dağlıq Qarabağ bölgəsində insan hüquqlarından bəhs edən erməni naziri söylədiklərinə həqiqətən inanırsa, o zaman işğal nəticəsində əzəli torpaqlarından didərgin salınmış yüz minlərlə azərbaycanlı məcburi köçkünün fundamental hüquqlarının kobudcasına pozulması məsələsini gündəmə gətirməlidir:

“İnsan hüquqları universal xarakter daşıyır, bölünməzdir və bu məsələdə hər hansı şəkildə ayrı-seçkiliyə yol verilməməlidir. Dağlıq Qarabağın erməni icmasının insan hüquqları məsələsini qaldıran erməni naziri, bölgənin azərbaycanlı icmasının öz evlərində yaşamaq hüququnun kobudcasına pozulduğunu niyə dilə gətirmir? Əlbəttə, bu sualın cavabı bizə və bütün beynəlxalq ictimaiyyətə bəllidir. Bir qrup insanın hüquqi digər qrupun hüquqlarının pozulması hesabına təmin oluna bilməz”. 

Erməni tərəfinin absurd açıqlamasını “Sherg.az”a dəyərləndirən Birinci Qarabağ müharibəsinin iştirakçısı, Demokratik Azərbaycan Dünyası Partiyasının sədri Əlisahib Hüseynov nazir Mnatsakanyanı ilk növbədə insan, sonra isə diplomat olmağa çağırıb

“İşğalçı Ermənistanın provokator xarici işlər nazirinin sözləri absurddur. 

Mnatsakanyanın bəhs etdiyi torpaqlar Azərbaycanın işğal olunmuş əraziləridir. Bütün dünya bilir ki, bu torpaqları Ermənistanın silahlı qüvvələri tərəfindən zəbt olunub.

 Nəticədə isə Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ bölgəsindən erməni vətəndaşlarımız yox, məhz azərbaycanlı vətəndaşlarımız qaçqına, məcburi köçkünə çevriliblər. Həmin məcburi köçkünlərdən biri də şəxsən mən özüməm”. 

Qarabağ qazisi bildirib ki, əsl erməni xislətini nümayiş etdirən Mnatsakanyanda zərrə qədər ədalət hissi varsa, o zaman öz yurd-yuvalarından didərgin düşmüş azərbaycanlıların insan hüquqlarından bəhs etsin

“Ermənistanın baş diplomatı cəfəngiyyatla və demaqogiya ilə məşğuldur. ATƏT rəsmilərinin gözlərinə kül üfürmək lazım deyil. Təşkilatda insan hüquqları və demokratik dəyərlərin qorunması prinsipinə hörmətlə yanaşmaq lazımdır”.