Saxta mühacirlər: Onlardan Azərbaycan əleyhinə dəyənək kimi istifadə edilir - ŞƏRH

“Bəzi müxalif partiyalar siyasi mühacirlərə saxta sənəd verməklə müəyyən gəlir əldə edirlər”. Bunu Sherg.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə deyib.

Onun sözlərinə görə, mühacirlər bu sənədlərdən istifadə etməklə çoxlu sayda saxta mühacirlərin formalaşmasına gətirib çıxarırlar:

“Pul müqabilində həmin saxta sənədi alanlar siyasətlə məşğul olmayan və heç bir müxalif siyasi partiyada təmsil olunmayanlardır. Onlar xaricə gedərək Azərbaycan dövlətçiliyinə qarşı radikal fəaliyyətə başlayırlar həyata keçirirlər. Azərbaycanda demək olar ki, siyasi partiyaların saxta sənədlərini verən bir mafiya formalaşıb. Bu proseslə bağlı saxtakarlıq geniş yayılıb. Bəzi siyasi partiyalarda müəyyən funksionerlər var ki, onlar maliyyə əldə etmək üçün belə hallardan sui-istifadə edirlər. Əlbəttə, həmin mühacirələrin aqibəti yaxşı olmur. Məsələn, hazırda Avropada, Almaniyada, Niderlandda saxtakarlıqlar üzə çıxır. Həmin ölkələrin təhlükəsizlik qurumları belə mühacirləri ölkədən kənarlaşdırırlar. Onlar görürlər ki, sənədlər saxtadır və həmin mühacirələrin heç bir siyasi fəaliyyəti olmayıb. Belə mühacirlər yalnız rahat yaşamaq üçün bu cür yola əl atıblar və həmin ölkələrdən artıq deportasiya olunurlar”.

Politoloq qeyd edib ki, artıq bir çox qərb ölkələri bu proseslərdə nəyin yalan və ya düzgün olduğunu qiymətləndirir və araşdırır:

“Azərbaycanda mühacir fikrinə düşənlər belə hərəkətlərə yol verməməlidirlər. Müxalif partiyalarda müəyyən şəxslər var ki, onların saxta sənədinə inanmamalıdırlar. Azərbaycan cəmiyyətində müəyyən qrup var ki, onlar mühacir adı ilə xarici ölkəyə gedib rahat yaşamaq xəyallarından vaz keçməlidir. Təbii ki, bu kimi hallar sonradan xarici ölkələrdə xoşagəlməz hadisələrə gətirib çıxarır. Son vaxtlar Almaniya həmin mühacirələrin intihar halları müşahidə olunur. Bu, yolverilməzdir. Belə saxtakarlara qarşı dövlətimiz də ciddi mübarizə aparmalıdır. Çünki sözügedən məsələ ilə bağlı saxtakarlıqlar cinayətin bir növüdür”.

Qeyd edək ki, Azərbaycan Respublikası Baş nazirinin müavini, Yeni Azərbaycan Partiyası Sədrinin müavini-İcra katibi Əli Əhmədov bildirib ki, “siyasi mühacir” statusunu almaq üçün sadəcə bəzi müxalifət partiyaların vəsiqəsinə sahib olmaq kifayətdir. Onun sözlərinə görə, siyasətlə heç bir əlaqəsi olmayan insanların saxta müxalifət partiyası vəsiqəsi ilə xaricə mühacir etməsi faktları dəfələrlə araşdırma predmeti olub.